Ermənilər Füzulini ağır silahlarla atəşə tutdu nənə və 2 yaşlı nəvəsi öldürüldü - YENİLƏNİB - VİDEO

758
Ermənilər Füzulini ağır silahlarla atəşə tutdu nənə və 2 yaşlı nəvəsi öldürüldü - YENİLƏNİB - VİDEO

Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.

Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-nın Qarabağ müxbirinə bildirib ki,  kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.

Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. 

Yaralı xəstəxanaya çatdırılıb.

Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub.

**** 22.57

Müdafiə Nazirliyi Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı bəyanat yayıb. Mynews.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 

****

22.09

Erməni silahlı bölmələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, kənd axşam saatlarında artilleriya qurğularından və digər silahlardan intensiv atəşə məruz qalıb.

Kənd sakinləri arasında ölən və yaralananlar var. Evlərə ciddi ziyan dəyib.

Müdafiə Nazirliyindən APA-ya Alxanlı kəndinin atəşə tutulmasını təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, düşmən atəşi nəticəsində iki kənd sakini həlak olub, yaralılar var.  

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən qüvvələri tərəfindən cavab tədbirləri görülür.

Xəbər lenti