Polkovnik Manuxin "Azərbaycan ordusu cəbhədə çox ehtiyatlı və hazırlıqlı olmalıdır"

777
Polkovnik Manuxin "Azərbaycan ordusu cəbhədə çox ehtiyatlı və hazırlıqlı olmalıdır"

"Azərbaycan-Rusiya münasibətlərinin korlanması haqqında danışmaq çox tezdir. Ola bilər ki, kimlərlə bu münasibətlərin korlanmasını istəyir və hətta ciddi-cəhdlə buna çalışır. Təbii ki, buna ilk növbədə ermənilər çalışırlar. Hər halda mən hesab edirəm ki, hazırda Azərbaycanla Rusiya arasındakı münasibətlərə "paz" vurmaq, onları ayırmaq, arasını vurmaq mümkün deyil. Bir şeyi də unutmaq lazım deyil ki, Azərbaycanla Rusiya arasında hərbi və hərbi-texniki sahədə sıx əməkdaşlıq var. Cəmi 1 ay əvvəl Rusiyadan 42 eşelon hərbi texnika gəldi, bu yaxınlarda isə gəmi-paromla bizə məhz indi həddən çox lazım olan mərmilər gəldi. Əgər Rusiya vəziyyətin gərginləşməsini istəsəydi, biz onlardan heç nə almaya da bilərdik. Hər halda hərbi-texniki əməkdaşlıq çox mühümdür. Məncə hazırda bu sahədəki əməkdaşlığın səviyyəsi hər hansı siyasi ambisiyaları çox üstələyir".

Mynews.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin son zamanlar Azərbaycan-Rusiya münasibətlərindəki qeyri-müəyyənlikləri və bu fonda Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən prosesləri şərh edərkən deyib.

Onun fikrincə, Azərbaycan prezidenti İlham Əliyev bu sahədə çox müdrik, incə siyasət yürüdür: "Baxın, o, Qərblə mübahisə etmək, aranın soyumasını istəmir. Prezidentin son Baltikyanı səfəri də çox şeydən xəbər verir. O da Qərbə istiqamət götürüb. Eyni zamanda dövlət başçısı Rusiya ilə də qarşılıqlı münasibətlərə xələl gəlməsini istəmir. Rusiya ilə bütün sahələrdə əməkdaşlıq edilir. İlbəil iki ölkə arasında ticarət dövriyyəsi artır. Ona görə də düşmənlərimizin əlimizdəki silah və texnikadan qorxmağına və çəkinməyinə dəyər".


 

Polkovnik Manuxin: "Qarabağı azad etmək üçün bütün hazırlıqlar görülüb"

Cəbhə xəttinə hərbi əməliyyatların keçirilməsinə gəlincə, polkovnikin fikrincə, hələlik bu barədə dəqiq nəsə demək çətindir. Bununla belə o, avqust ayında hərbi əməliyyatların olacağını istisna etmir:

"Hazırda dünyada, Avropada və Amerikada vəziyyət elədir ki, heç kim burada vəziyyətin gərginləşməsini istəmir. Lakin buna baxmayaraq, bölgədə hərbi eskalasiya təbii ki, davam edəcək. Çünki Ermənistan tərəfi çox alçaqcasına hərəkətlər edir. Onlar dinc, mülki insanları hədəf alırlar. Bir neçə gün əvvəl Füzulidə nənə və nəvənin qətlə yetirilməsi məhz ermənilərin alçaqlığından, qəddarlığından xəbər verir. Bu onların hərbi doktrinasının tərkib hissəsidir. Azərbaycan ordusuna gücü çatmadığından zəif yerlərə, mülki şəxslərə və yaşayış obyektlərinə atəş açırlar. Bu, qeyri-insani hərəkətdir, bu, alçaqlıqdır! Hesab edirəm ki, dünya ictimaiyyəti bu məsələyə ciddi yanaşıb lazımi qiymət verməlidir.

Hərçənd, avqust ayında cəbhədə hansı hərbi əməliyyatlar baş verə bilər. Hər halda bu mənə belə gəlir. Çünki avqust bu baxımdan bir qədər narahat, qeyri-sabit aydır.

Xatırlayırsınızsa, bir neçə il əvvəl də məhz iyulun sonu, avqust ayında cəbhədə vəziyyət gərginləşmişdi, ermənilər güclü diversiya əməliyyatı həyata keçirməyə cəhd göstərmişdilər. Ona görə də, hesab edirəm ki, Azərbaycan Ordusu cəbhədə çox ehtiyatlı olmalı, avqust ayına yaxşı hazırlaşmalıdır. Düzdür, onsuz da ordumuz həmişə hazırdır, amma düşmənə layiqli cavab zərbəsi endirmək üçün daha hazırlıqlı olmaq lazımdır. Məncə, biz buna yüksək səviyyədə hazırıq. Bunun üçün bizim həm gücümüz, həm də müdrikliyimiz yetərincədir".

Xəbər lenti