Ermənistanın kütləvi informasiya vasitələri cəbhədə yaranmış son gərginlikdən sonra yenə Azərbaycana qarşı həm də informasiya müharibəsi apararaq dünya ictimaiyyətini çaşdırmağa çalışır. Təəssüf ki, bizim bəzi "ağıllı"larımız bu erməni "feili"nə uyur.
Söhbət ondan gedir ki, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Bununla bağlı Müdafiə Nazirliyinin rəsmi xəbərində deyilir:
"Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var".
Bundan dərhal sonra erməni mediası Azərbaycan tərəfinin itkilərin olduğunu etiraf etdiyi, eyni zamanda guya bir neçə Azərbaycan hərbçisinin meyitinin neytral zonada qaldığı barədə məlumatlar yayıb. Onların "təbliğat maşını"na görə, Azərbaycan tərəfi çoxlu itki verib və ən azından 2 nəfər də yaralanıb, amma erməni tərəfi heç bir itki verməyib. Daha sonra ermənilər Azərbaycan tərəfinin onları daim təxribat törətməkdə və özlərinin yalnız müdafiə olunmasını əsassız adlandırıb. Ermənilər öz aləmində bizi guya məsxərəyə qoyaraq yazırlar ki, əgər Azərbaycan tərəfi müdafiə olunurdusa, o zaman niyə ölmüş hərbçilərinin cəsədi neytral zonada qalıb?
Cəbhədə vəziyyət - Gərginlik davam edəcək, nəticə ermənilərin xeyrinə olmayacaq
Təəssüf ki, içimizdə bu erməni təbliğatına uyanlar, içlərində jurnalsitlər olmaqla onların dəyirmanına su tökənlər də tapıldı. Dərhal hay-həşir qaldırdılar ki, Azərbaycan tərəfi guya hücum edib və çoxlu itki verib. Bəs, əslində, vəziyyət necədir?
Təbii ki, ermənilər sualın bu cür qoyuluşu ilə, əslində, özlərini gülünc vəziyyətə qoydular. Çünki Müdafiə Nazirliyinin rəsmi məlumatında açıq-aşkar göstərilir: "Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb".
Diqqət yetirin: məlumatda döyüş mühafizəsinin təşkili və qurulan pusqulardan danışılır. Bəs pusqu harada qurulur? Hərb sənətindən azca anlayışı olanlar bilir ki, düşmənlə üz-üzə olan heç bir ordu birləşməsi pusqunu öz ərazisində qurmur. Düşmənin hərəkətini əvvəlcədən müəyyən etmək üçün pusqular və döyüş mühafizəsi düşmənin qəfil hücum edə biləcəyi, onun hərəkəti istiqamətində istənilən yerdə, o cümlədən cəbhənin ön xəttində, düşmənin cinahlarında və arxasında bir neçə yüz metrdən tutmuş bir neçə kilometrədək dərinlikdə qurula bilər. Bu hərbiyyədə, sadəcə, elementar taktiki gedişdir və bunu istənilən savadlı hərbçi və ya hərbi biliyi olan şəxs yaxşı bilir.
Bundan iki gün öncə isə cəbhə bölgəsinə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edilən kəşfiyyat məlumatlarında da deyilirdi ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir.
Polkovnik Baxışov: "Ermənilərin əsas hədəfi Nərgiz təpədir"
Yəni Azərbaycan ordusu kəşfiyyat məlumatlarına əsasən, düşmənin təxribatlarının qarşısını almaq üçün qarşı duran tərəflərin mövqeləri arasındakı boş ərazilərdə pusqular qurub. Daha sonra isə, həqiqətən də, həmin istiqamətdə düşmən təxribatı qeydə alınıb və döyüş baş verib. Bu zaman itkilərin olmasında, eləcə də şəhidlərimizin meyitinin həmin ərazidə qalmasında qeyri-adi heç bir şey yoxdur.
O zaman sual olunur: Erməni tərəfi bəs bunları niyə demir? Niyə erməni mediası artıq günlər yox, həftələrdir Azərbaycan ordusunun ayıq-sayıqlığı nəticəsində təxribat əməliyyatları planlaşdıran erməni hərbçilərinin məhv edilməsindən danışmır? Niyə məhv edilən erməni hərbçilərin sayı və adları dəqiqliyi ilə açıqlanmır? İndi də qoy onlar bu suallara cavab versinlər...
milli.az