Şəhid Zakir Cəfərov dəfn edildi FOTO

2858
Şəhid Zakir Cəfərov dəfn edildi FOTO

İyulda tərxis olacaqdı. Ondan əvvəl mayda 21 yaşını tamamlayacaqdı. Düşmən gülləsinə imkan vermədi. Ən son avqustda görüşmüşdülər. Qohum-dost canlı idi Zakir. Bakıya gələn kimi hamıya zəng edib, gəldiyini xəbər etmişdi. Elə ona da... 4 il bir yerdə oxumuşdular. “Gəl görüşək”, demişdi Zakir. “İyulda tamam gələndə görüşərik”, demişdi ona. Bu gün isə məzarı başında göz yaşına hakim ola bilmir. “Kaş görüşərdim!”, deyib hönkürür. O qızın kimlyini biz də bilmədik. Sadəcə tələbə yoldaşı olduqlarını öyrənə bildik. Qohumları da onu bağrına basıb, ağlayırdı. Bəlkə də Zakirin qoxusunu ondan almaq istəyirdilər...

Cəfərov Zakir Nazim oğlu 1996-ci ildə Bakıda dünyaya gəlib. Əslən Ağdamdan olan Zakir dədə-baba torpağını görmək arzusuyla böyüyüb –başa çatıb. “Bir gün gələcək, mən o torpaqları görəcəm”, deyərmiş. Ötən ilin iyulunda kollecdə məzun olandan sonra hərbi xidmətə yollanıb. Fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub.

Bu gün Keşlə qəsəbəsində şəhidlə vida mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Sonra Zakirin nəşi  məsciddən Keşlə qəbiristanlığınadək çiyinlərdə aparılıb, Keşlə kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı komandir müavini tərəfindən şəhidin atasına təqdim edilib.

Dəfndə Zakirin sinif yoldaşları, tələbə yoldaşları, uşaqlıq dostları, müəllimləri və yüzlərlə adam iştirak edirdi. Səməd Qurbanovla Zakir 4 il tələbə yoldaşı olublar. Qədər onları əsgərlikdə də ayırmayıb. Eyni yerdə hərbi xidmət keçiblər. Zakir dostu Səmədin əsgəri olub. Gözləri dolur, dodaqları əsir. Dostu haqda bir söz deyə bilmir. Sadəcə məzarına baxıb, dişlərini sıxır.

Gövhər Quliyeva müəllimə 4 il Zakirə dərs deyib. Zakirin dəcəl olduğunu xatırlayır. Xatırladıqca üzündəki qəribə təbəssüm yaranır. 

-Zakir avqustda gəlmişdi. Hamıdan halallıq alırdı. Məndən də aldı. Sanki bilirdi. Hiss etmişdi.

Danışdıqca gözlərindəki yaş yanağından süzülür.

Anası Kəmalə xanım dəfni sona qədər gözləyə bilmədi. Evə apardılar. İndi hamının gözü Cəlaldadı. Zakirin kiçik qardaşında.

Xəbər lenti