Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərovun əmisi oğlu Vüsal Nəzərov şəxsi Facebook hesabından şəhidin qəhrəmanlıqları barədə bildiklərini bölüşüb.
Mynews.az musavat.com-a istinadən şəhidin qohumunun Şahlar Nəzərov haqqında fikirlərini sizə təqdim edir.
V.Nəzərov yazır: "Şəhid qardaşım, kəşfiyyat bölüyü komandiri Şahlar Nəzərov haqda bildiklərimi sağlığında təhlükəsizliyi nöqteyi nəzərdən hər zaman gizlətmişik. Elə şeylər var ki, heç bir zaman açıqlanmır, açıqlanmayacaq. Amma bir məqam var ki, əziz qardaşımın korpus komandirinin də bildirdiyi kimi "Şahların qisasını alacağıq" demək, bəlkə də, lazımsız ifadə olar, çünki Şahlar özü öz qisasını alıb".
O bildirib ki, şəhid Şahlar Nəzərov xidmət keçdiyi müddətdə 120 erməni hərbi qulluqçusunu öldürüb: "Artıq bu fakt gizlədilmədən və fəxrlə deyilməlidir ki, Şahlar xidməti boyunca dəfələrlə erməni diversiya qruplarının təxribatının qarşısı aldığı zaman ümumilikdə 120-dən (!) artıq mənfur erməni hərbçilərini şəxsən öldürüb. 120!!!"
V.Nəzərov əmisi oğlunun necə şəhid olmasından da yazıb: "Şahları son döyüşdə də öldürmək düşmənə asan başa gəlmədi. Əsgəri yaralandığı üçün onu çiyninə alaraq, döyüş meydanından çıxmaq istəyərkən mənfur düşmən gülləsinə tuş gələn Şahlar uzun müddət sürünərək, öz postumuza doğru irəliləmiş və qan itirərək şəhid olmuşdur.
Şərəfsiz ermənilər üç gün danışıqlara gəlməyərək, müxtəlif bəhanələr gətirərək, şəhidlərimizin cənazələrini verməməyə cəhdlər göstərdi. Ən son radistansiya vasitəsilə çıxaraq yenə 5 dəqiqə vaxt istədilər. "Qırmızı Xaç Komitəsi əynini geyinsin, gəlirik" dəyərək daha bir saata vaxtı uzatdılar. Ən sonda korpus komandiri vasitəsi ilə cənab nazirin "Əgər bu dəqiqə bu məsələ həll olunmasa, müharibə elə bu saat başlayacaq" göstərişindən 2 dəqiqə sonra şəhidlərin nəşi qaytarıldı".
Qeyd edək ki, Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Bir neçə ay sonra övladı dünyaya gələcək olan Ş.Nəzərov ötən ilin avqust ayında ailə həyatı qurub. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.
Redaksiya şəhidimizin yaxın qohumunun bu açıqlamasını dərc etsə də, oradakı iddiaların doğruluğunu təsdiq etmək imkanında deyil.