Naxçıvan Daxili İşlər Nazirliyi 4 nəfərin ölümünə səbəb olan dəhşətli qəza ilə bağlı məlumat yayıb.
"Qafqazinfo"ya daxil olan xəbərdə bildirilir ki, hadisə dünən saat 21:00 radələrində Naxçıvan-Sədərək magistral avtomobil yolunda - Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində yol-nəqliyyat baş verib.
1990-cı il təvəllüdlü Şərur rayonunun Arbatan kənd sakini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Ələkbərov Nuran Sadıq oğlunun idarə etdiyi 68-BC-222 dövlət qeydiyyat nişanlı "Mersedes benz E-240" markalı minik avtomobili ilə 1973-cü il təvəllüdlü Naxçıvan şəhər sakini, hərbi qulluqçu Eminov Mirnemət Mirhəsən oğlunun idarə etdiyi 75-BC-080 dövlət qeydiyyat nişanlı "VAZ-21214" markalı minik avtomobili toqquşub. Hadisəyə yağan güclü yağış nəticəsində yaranmış sel və palçıq qatı səbəb olub.
Qəza nəticəsində ağır bədən xəsarəti alan Ələkbərov Nuran Sadıq oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ələkbərova Şəmsiyyə Elçin qızı, oğlu 2013-cü il təvəllüdlü Ələkbərov Sadıq Nuran oğlu və digər avtomobilin sürücüsü Eminov Mirnemət Mirhəsən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilmişlər. Göstərilən tibbi yardıma baxmayaraq onlar mayın 8-də vəfat ediblər.
Hadisə ilə bağlı Kəngərli Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, “Mersedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur. "VAZ-21214"ün sürücüsü Mirnemət Eminov isə N saylı hərbi hissənin Nizami Hissə rəisidir,rütbəsi isə polkovnikdir.