Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bu sözümə görə qolumdan tutub qovmaq istəyirdi, Putin qoymadı" - FOTOLAR

"Bunu deyəndə onun masasında əyləşən digər rəsmilər mənə tərs-tərs baxdılar"

Böyük Vətən Müharibəsində həm almanlara, həm də yaponlara qarşı döyüşən veteran Qara Sarıyev müharibə təəssüratlarını "Qaynarinfo" ilə bölüşüb:

"1943-cü ilin yanvarında hərbiyə yollandım. Şimali Qafqazda, İkinci Ukrayna, Dördüncü Ukrayna, Üçüncü Belarusiya cəbhələrində xidmət etmişəm. Ondan sonra bizi eşelona mindirib Çinə göndərdilər. Yaponlar oranı tutmuşdu. Çatana qədər xəbərsiz idik, nəhayət Monqolustana yaxınlaşanda dedilər ki, sabah ön xəttə yollanıb oranı işğaldan azad etməliyik. İxtisasım "Katyuşa idarəçisi" idi. Həm Hitlerə qarşı, həm də yaponlara qarşı bundan istifadə etmişəm. Çoxları bilməsə də, məlumat üçün qeyd edim ki, "Katyuşa" onu ixtira edən alimin qızının adıdır. Bu səbəbdən texnikaya bu ad verilib. Çinin bir çox şəhərlərini işğaldan azad etdik. Buna görə, təxminən 10 il əvvəl məni oraya dəvət etdilər. Çin hökuməti bütün xərcləri öz üzərinə götürdü. Orada məni çox yaxşı qarşıladılar, mükafat təqdim etdilər və 15 gün istirahət edib geri qayıtdım".

"TƏHLÜKƏSİZLİK XİDMƏTİ MƏNİ UZAQLAŞDIRMAQ İSTƏYİRDİ Kİ, PUTİN İMKAN VERMƏDİ"

"Daha sonra Vladimir Putinin çağırışı ilə Kreml sarayında oldum. Orada öyrəndik ki, qonaqlığı Putin öz cibindən verir. Bizim stolumuzda həm Azərbaycan yeməkləri, həm də rus mətbəxinin təamları var idi. Putin özü də məclisdə iştirak edirdi. Yaxınlaşıb Stalinin imzası olan təşəkkürnamələrimi, mükafatlarımı göstərdim. Məndən soruşdu ki, "Как я могу служить вам в Москве?" (Moskvada sizə necə xidmət edə bilərəm? - red.). Mən də qayıtdım ki, torpaqlarımızı qaytarmaqda köməklik göstərə bilərsiniz (Hər kəs ona bu sözü deməyə cürət etməz). Bunu deyəndə onun masasında əyləşən digər rəsmilər mənə tərs-tərs baxdılar və təhlükəsizlik xidməti məni qolumdan tutub qovmaq istəyirdi ki, Putin imkan vermədi. Komandasına "siz qarışmayın" deyib, bir az düşündükdən sonra cavab verdi: "Возрадуйтесь, веселитесь! Сегодня ваш праздник" (Sevinin, əylənin! Bu gün sizin bayramınızdır)".

"MƏNİM KƏŞFİMLƏ TƏSƏRRÜFATDA MİLYON MANATLARLA İTKİNİN QARŞISI ALINIR"

"Döyüşə 10-cu sinfi bitirmədən getmişdim. Qayıtdıqdan sonra, o zaman Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olan Mircəfər Bağırov təhsilimi davam etdirməyimə kömək etdi və məktəbi bitirdikdən sonra Moskvaya oxumağa getdim. SSRİ məkanında heyvanlar arasında yayılan xlamdioz xəstəliyini ilk dəfə mən aşkar etmiş və onun müalicəsi üçün tədbir hazırlayıb, təqdim etmişəm. Bu gün o kəşfimlə təsərrüfatda milyon manatlarla itkinin qarşısı alınır. Hazırda 4 ixtisas üzrə - baytarlıq, mikrobiologiya, virusologiya, immunologiya sahələrində professor, elmlər dokdoruyam. Pensiyada olsam da, bir aspirantım var, onu heyvanlardakı infeksion xəstəliklərin insana keçməsinin qarşısının alınması sahəsində hazırlaşdırıram. Bu yaxınlarda müdafiə edəcək".

"BİZ CƏBHƏMİZİ QORUYUB SAXLAYA BİLDİK"

"Almanlar Bakını tutmaq üçün çox çalışırdılar. Stalin isə belə bir əmr vermişdi ki, əgər hansı cəbhədən düşmən əsgərləri irəliyə buraxılsa, həmin diviziya ağır şəkildə cəzalandırılacaq. Biz cəbhəmizi qoruyub saxlaya bildik, onlara irəliləməyə imkan vermədik. Bildiyiniz kimi, müharibə üçün Bakı çox əhəmiyyətli bir şəhər idi. Sovet marşalı Jukov öz qeydlərində yazırdı ki, əgər Bakı nefti olmasaydı, biz müharibəni uda bilməyəcəkdik".

Qeyd edək ki, professor, elmlər doktoru, Böyük Vətən Müharibəsi qəhrəmanı Sarıyev Qara Əli oğlu 1925-ci ildə Tovuz rayonunun Qəribli kəndində doğulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...