USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycan Pakistan üçün qardaş ölkədir

12:14 03.02.2017
Azərbaycan Pakistan üçün qardaş ölkədir
12:14 03.02.2017

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşüb.

Səfir Pakistan Milli Assambleyasının rəhbərliyi və üzvləri tərəfindən Azərbaycana münasibətdə göstərilən diqqətin məmnunluqla qarşılandığını bildirib. O, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib, assambleya sədrinin bu il Azərbaycana nəzərdə tutulan səfərinin bu əlaqələrə xüsusi töhfə verəcəyini diqqətə çatdırıb.

Ə.Əlizadə ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanla münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb. Əlavə edib ki, Pakistan Azərbaycan üçün dost və qardaş ölkədir.

Diplomat Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycana göstərdiyi dəstəyə görə Pakistan tərəfində təşəkkür edib. O, Azərbaycanın da Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tezliklə həll edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində, o cümlədən Kəşmirdə həyata keçirilən humanitar və sosialyönümlü layihələr haqqında məlumat verən səfir bu layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Diplomat bu layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Səfir fevralın 26-da təcavüzkar Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilmiş Xocalı soyqırımının 25-ci ildönümünün qeyd olunacağını deyib. O, Xocalı faciəsinin tanınmasını və bu soyqırımını törədənlərin məsuliyyətə cəlb edilməsini, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsini və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin Pakistan Senatı tərəfindən qəbul edilməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Milli Assambleyanın sədri S.A.Sadiq Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu bildirib. O, Azərbaycanın Kəşmir məsələsi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dağlıq Qarabağ məsələsinin hər zaman diqqətdə saxlanıldığını, Pakistanın daim Azərbaycanı dəstəklədiyini bildirən Milli Assambleyanın sədri 1992-ci ildə Ermənistan tərəfdən törədilən Xocalı soyqırımının da unudulmadığını bildirib.

Parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayan S.A.Sadiq münasib zamanda Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.


Xəbər lenti

300x200r