Erməni kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda suçlanan, leytenant Təmkin Nizamioğlu Ordubadın Darkənd kəndində dəfn edilib. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat verib. Onlar 1993-cü il doğumlu, leytenant Təmkin Nizamioğlunu kəndə dəmir tabutla gətirib, ailəsindən xəbərsiz dəfn etdiklərini söyləyiblər.
Ordubadın Darkənd icra nümayəndəsinin müavini Raqib müəllim Meydan TV-yə məlumatı təsdiqləyib. O, leytenant Təmkin Nizamioğlunun artıq dəfn edildiyini söyləyib:
”Doğrudur, meyitini gətirdilər, kənd qəbristanlığında basdırdıq. Dedilər, ürəyi dayanıb, narahat olub aparıblar xəstəxanaya. Elə orada ölüb. Kəndə hərbçilər də gəlmişdilər. Gətirib basdırdılar. Dəfndə ailəsi, qardaşları, atası da iştirak edirdilər”.
Müddətdən artıq hərbi xidmət keçmiş Tərtər sakini Elçin Quliyev də erməni kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda suçlanırdı. Mayın 18-də Elçin Quliyevin meyiti Tərtərə gətirilib, ailəsinə təhvil verilib. Ancaq ailəsinə onun ölümünün səbəbi açıqlanmayıb. Bu barədə Meydan TV-yə Elçin Quliyevin əmisi danışıb. O, adının mətbuatda hallanmasını istəməyib.
Əmi bildirib ki, hadisə zamanı Tərtərdə olmayıb, dəqiq məlumatı yoxdur: “Bakıda xəstəxanada yatırdım. Dedilər ölüb, gəlmişik. Hazırda yasıdır. Özümüz də bilmədik nə məsələdir, açıqlama verməyiblər. Bir də eşitdik ki, uşağı öldürüblər. Eləcə dəfn etmişik, yasını veririk”.
Ailə bildirir ki, onlara olan bitənlərlə bağlı heç bir məlumat verilməyib: “Ətraflı nəsə deyən olmayıb. Nə olub, nə baş verib, uşaq niyə ölüb, bilmirik. Təkcə onu dedilər ki, iş araşdırılır. Dəqiqləşəndən sonra bizə Elçinin hansı zəmində vəfat etdiyini deyəcəklər yəqin”.
Daha bir Tərtər rayon sakini Mehman Hüseynovun da meyidi yaşadığı Ağkənddə torpağa tapşırılıb. Tərtərin Cəmilli kənd inzibati ərazisi üzrə nümayəndəsi Manaf Məmmədovun verdiyi məlumata görə, M.Hüseynov Cəmillidə yaşasa da, əslən Ağkənd qeydiyyatında olub:
“Mehmanın anası Ağkənddə yaşayır. Atası 1980-cı illərdə vəfat edib. Həmin vaxt Mehman anası ilə birlikdə Ağkəndə gedib. Mehman Hüseynovun xanımı əslən Cəmillidəndir. Mehmanın atası Cəmilli qəbiristanlığında dəfn olunduğuna görə, yaxınları onu Cəmillidə dəfn etmək istədilər. Amma kənd sakinləri Mehmanın Cəmilli qəbiristanlığında dəfn olunmasına icazə vermirdilər. Ona görə də qəbiristanlığın çöl tərəfində, “setka”nın o biri üzündə basdırılıb”.
Kənd rəsmisi sakinlərin Mehmanın qəbiristanlıqda dəfn olunmasına qarşı çıxmasını onun vətənə xəyanətilə əlaqələndirib.
Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilir ki, bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.