İŞİD Suriyadan Azərbaycana köçürmüş ŞOK planın detalları

1062
İŞİD Suriyadan Azərbaycana köçürmüş ŞOK planın detalları

Rəsmi məlumatlara əsasən, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təkcə son 3 ayda Bakıda və respublikanın müxtəlif rayonlarında həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində 10-a yaxın dini radikal ekstremist məhv edilib, iki nəfər isə həbs olunub. Onlar ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırırmışlar. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən Milli.Az-a verilən məlumata görə, məhv edilən terrorçular, o cümlədən saxlanılan şəxslərın hamısı özünü islam dininin sələfi (el arasında "vəhhabilər" də deyilir - red.) təriqətinin ardıcılları hesab edən şəxslər olub.

Bu terrorçular Azərbaycanda necə peyda olublar? Əsl həqiqətdə onlar kimlərdir və əsas məqsədləri nədər ibarətdir? Milli.Az-ın bu suallarına sabiq xüsusi xidməti orqanı əməkdaşı, "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov aydınlıq gətirib. 

Onun sözlərinə görə, məsələyə bir az daha dərindən baxmaq və prosesləri mərhələlərlə təhlil etmək lazımdır: "Son dövrlər dünyada antiterror koalisiyaları arasında müəyyən uzlaşma, yaxınlaşma müşahidə olunur. Məsələn, Türkiyə  Rusiya və İranla artıq bir koalisiyada iştirak edir. Belə bir fikir var ki, Donald Trampın prezidentliyi dövründə ABŞ-ın yeni administrasiyası da Rusiya ilə Suriyada əməkdaşlıq edəcək. İraqda Bağdadın antiterror əməliyyatlarında Türkiyə və İranla, eləcə də Rusiya və ABŞ-ın uzlaşmaya getdiyi hiss olunur. Əlbəttə ki, beynəlxalq terror təşkilatları öz planlarını beynəlxalq miqyasda qururlar. Onların məqsədi dünyaya öz ideologiyalarının varlığını sübut etmək üçün birinci mərhələdə "İraq-Şam İslam Dövləti" (İŞİD) yaratmaq idi. Terrorizmin əsas məqsədi öz niyyətlərini dünyaya terror vasitəsilə tanıtmaqdır. Onlar baş kəsməklə, partlayışlarla dünyaya bildirdilər ki, biz beləyik və "İslam Dövləti" yaradacağıq. Bu məsələdə onlar ilkin mərhələdə, demək olar ki, öz məqsədlərinə çatdılar, istəklərinə nail oldular. Yəni artıq bütün dünyada hamı bilir ki, harada "İslam Dövləti" adlı bir şey yaradılır və "islamçı" terrorçular çox təhlükəli, cinayətkar və vəhşidirlər".

Ekspertin fikrincə, ikinci mərhələ isə özündə başqa məqsədləri gizlədir: "Diqqət yetirsəniz, görərsiz ki, terrorçular internet resurslarında müxtəlif materiallar yayırdılar ki, guya Azərbaycanda da "cihadçı"lar var. Hətta yayılmış bir müraciət var idi, özünə tərəfdar toplamaq üçün müxtəlif proqramlar da hazırlanırdı. Bu göstərirdi ki, onlar beynəlmiləl bir terror təşkilatının yaradılmasına çalışırlar. Bu artıq ikinci mərhələdir.

 

İndi "İslam Dövləti" ("İŞİD") terrorçularına qarşı koalisiyaların birləşməsi terrorçuları məcbur edir ki, onlar İraq və Suriyada döyüşən, Azərbaycanda müəyyən köklərə malik, terrorçuların anlayışına görə, burada xüsusi xidmət orqanlarına heç də tam məlum olmayan insanların ən etibarlılarını hərbi zonadan çıxarıb Azərbaycanda gizli şəbəkələrin yaradılması üçün istifadə etsinlər. Terrorçular planı sınaqdan çıxmış döyüşçüləri məxfi şəkildə ölkəmizə dəstələrlə göndərib, onları sakit, mülki şəxslər kimi təqdim etmək və gələcəkdə lazım gəldikdə terror aktları həyata keçirməkdir. Azərbaycanda xüsusi xidmət orqanları tərəfindən radikal "islamçı" terror təşkilatlarına qarşı ilk dəfə ən böyük əməliyyatlardan biri Bakıdakı "Avroviziya" mahnı müsabiqəsi öncəsi keçirilmiş və terror aktlarının qarşısı alınmışdı. Sonra onlar dəfələrlə "Meşə qardaşları" kimi qruplar yaratmaqla, çoxlu silah-sursat tapmaq, özünə tərəfdarlar toplamaqla bölgələrdə terror aktlarının həyata keçirilməsinə çalışıblar.

DTX-nın son zamanlar həyata keçirdiyi antiterror əməliyyatları isə göstərdi ki, Azərbaycan xüsusi xidmət orqanları məlum "MTN hadisələri"ndən, kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin ayrılmasından sonra öz fəaliyyətini yüksək dərəcədə və effektiv bərpa edib. DTX bu istiqamətdə ciddi iş aparmaqla və qətiyyətli addımlar atmaqla terror təşkilatlarına sarsıdıcı zərbələr endirir, onların qarşısını alır və ümidlərini qırır".

Lakin E.Ələsgərov beynəlxalq təcrübəyə əsaslanaraq qeyd edib ki, terrorla mübarizə təkcə xüsusi xidmət orqanlarının, güc strukturlarının, dövlətin işi deyil: "Dinə etiqad edən və radikal qüvvələrlə kontaktda olanlar anlamalıdırlar ki, onların ideyalarının dinlə, ələlxüsus islamla heç bir əlaqəsi yoxdur. Ona görə də Azərbaycanın hər bir vətəndaşı ayıq-sayıq olmalı, bu məsələdə dövlətə, xüsusi xidmət orqanlarına hər vəchlə kömək göstərməlidir. Bu artıq milli məsələdir, bir varlıq məsələsidir. Çünki bu qruplar gözümüzün qarşısında bəzi dövlətləri, demək olar ki, yox ediblər. Dinlə maskalanmış bu terrorçu qüvvələr həm o dövlətlərin tarixini yox edir, həm iqtisadiyyatını dağıdır, həm insanları məhv edir və dünyaya böyük təhlükə yaradıblar. Ona görə də xalq bu məsələdə dövlətin yanında olmalı, ayıq-sayıqlığını qətiyyən itirməməlidir".

Xəbər lenti