USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Fələstin səfiri: Müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

15:53 13.06.2017
Fələstin səfiri: Müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
15:53 13.06.2017

“Cənab Prezident, müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, ölkənizin tərəfindədir və beynəlxalq hüququn, BMT-nin bütün qətnamələrinin ayrı-ayrı deyil, bərabər qaydada həyata keçirilməsi çağırışına qoşulur”.

Mynews.az xəbər verir ki, bunu Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nəsir Əbdül Rəhim Prezident İlham Əliyevtərəfindən keçirilən qəbulda deyib.

“Əvvəlcə mən bütün müsəlman səfirlər adından energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.

Azərbaycan Respublikasında akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və nümayəndələri adından Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik etməkdən şərəf hissi duyuram.

Bu fürsətdən istifadə edərək, Sizinlə görüşmək üçün dəyərli vaxtınızın bir hissəsini bizə ayırdığınıza görə bütün müsəlman səfirlər adından Zati-alinizə səmimi təşəkkürümüzü bildirirəm.

Cənab Prezident, qeyd etmək yerinə düşərdi ki, Sizin sayənizdə bu cür görüşlər müsəlman ölkələrini bir-birinə bağlayan qardaşlıq tellərini möhkəmləndirmək və inkişaf etdirməkdə qətiyyətinizi əks etdirən xoş bir ənənəyə çevrilib.

Bu gün keçirilən görüş xüsusilə əhəmiyyətlidir, çünki o, “İslam Həmrəyliyi İli”ndə və ilhamlandırıcı hisslər oyatmış möhtəşəm IV İslam Həmrəyliyi Oyunlarından sonra keçirilir. Hamımız bu Oyunlardan fəxr hissi duyduq və eyni zamanda, biz müsəlman dəyərlərinə uyğun olaraq, sülh, idman və harmoniya mesajını qəbul etdik və yaydıq.

Bu mübarək ay ərzində bütün müsəlmanlar İslamın ülvi dəyərlərini xatırlayır, öz qəlblərini və düşüncələrini paklandırır, onları birliyə, sülhə, əxlaqi dəyərlərə və mərhəmətə xidmət etməyə yönəldir, qərib və ehtiyacı olan insanlara qarşı daxilimizdə xeyriyyəçilik hissələrini oyadır, bir-birimizin günahlarını bağışlayır, qardaşlıq ruhunda ümumi taleyimizi birgə dərk edərək, sülh, həmrəylik və firavanlıq naminə bir yerə toplaşırlar.

Cənab Prezident, Azərbaycan Respublikasının nisbətən gənc olmasına, müstəqilliyinin başlanğıcında bir çox təhdidlərin olmasına baxmayaraq, onlar ölkə rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində həll edilmişdir. Azərbaycan həmin mərhələləri uğurla keçmiş və özünün qədim İslam irsini və mədəniyyətini qürur hissi ilə qoruyaraq, gələcəyə doğru qətiyyətlə addımlayan və müasirliyə qovuşan, inkişaf edən dövlətə çevrilmişdir.

Bu qardaş ölkədə müsəlman səfirlər güclü inkişafın şahididirlər. Ölkəniz inanılmaz sürətlə güclü inkişafı, yenilənməni, islahatları və bir çox sahələrdə uğurlu dəyişiklikləri təmin etmişdir.

Müsəlman ümmətinin ayrılmaz və mühüm üzvü olan Azərbaycan işğal olunmuş müsəlman əraziləri - Əl-Qüds Əl-Şərif kimi məsələlərdə haqq işini dəstəkləməklə İslamın əsl ruhunu və mesajını özündə əks etdirir. Bu gün ölkəniz bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir. Onlardan biri islamofobiya kimi cəfəng fikirlərlə bağlıdır. Siz bu mübarizəni düşünülmüş şəkildə, danılmaz mədəni, tarixi və dini əsaslarla aparırsınız, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mövzusunda Bakıda bir çox mühüm beynəlxalq konfranslar keçirirsiniz. Beləliklə, fərqlərin aradan qaldırılması, sivilizasiyaların toqquşması kimi yanlış arqumentin rədd edilməsi, İslamın bəşəriyyət irsinin qorunub saxlanılmasında oynadığı tarixi rolunun təqdim edilməsi, insan biliyinin və mədəniyyətinin bütün sahələrdə onun Qızıl dövründə verilmiş dəyərli töhfələrin təşviq edilməsi üçün böyük səylər göstərirsiniz.

Şübhəsiz ki, Azərbaycan İslamın əsl ruhunu əks etdirən, sülhün, inklüzivliyin, tolerantlığın əsas yer tutduğu ən nümunəvi məkanlardan biridir. Burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yan-yana yaşayırlar. Onlar ölkənizdə bir-biri ilə harmoniyada çalışmaq imkanına malikdirlər. Beləliklə, bütün dünyadan gəlmiş qonaqlar ölkələrinə Azərbaycan və İslam haqqında təsəvvür etdikləri imici müsbət qaydada daha yaxşı qavrayaraq qayıtdılar.

Bu müqəddəs ayda, cənab Prezident, biz arzu edirik ki, işğal olunmuş bütün müsəlman əraziləri və müqəddəs məkanlar yaxın vaxtlarda öz əsl sahiblərinə qayıtsın. Arzu edirik ki, dağıntı və terror yayaraq, İslamın adını ləkələyən pis əməllərlə və səhv düşüncələrlə yaşayan məkrli qüvvələrə ümmətimiz qalib gəlsin, doğma ölkələrimizin üzərindəki qara buludlar dağılsın, fərqləri bir kənara qoyaraq, qardaş ölkələrimizdə sülhün və harmoniyanın bərqərar olunması naminə innovasiya, irəliləyiş sayəsində insan sivilizasiyasına ən dəyərli töhfə verən tərəf kimi özünün layiqli yerini bərpa etsin.

Zati-aliləri, müsəlman səfirlər və missiya rəhbərləri adından Sizə və ailənizə möhkəm cansağlığı, səadət və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, irəliləyiş və firavanlıq arzulayıram.

Allah Azərbaycanı qorusun!

Allah İslam ümmətimizi qorusun!”


Xəbər lenti