"Azərbaycan və erməni xalqları düşmən deyil" Əli Həsənov

3668
"Azərbaycan və erməni xalqları düşmən deyil" Əli Həsənov
Azərbaycanda səfərdə olan İsveç Krallığının xarici işlər naziri Marqot Vallström baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə M. Vallström deyib ki, İsveç Avropada adambaşına düşən qaçqınların sayına görə birinci yerdədir.
 
İsveç xarici işlər naziri bildirib ki, bu ölkəyə pənah gətirən qaçqınların əksəriyyəti valideynləri olmayan uşaqlardır, onların təhsil, səhiyyə və digər sahələrdə olan problemlərinin həlli müəyyən çətinliklər yaradır. M. Vallström buna görə Azərbaycanın bu sahədəki təcrübəsinin İsveç üçün çox önəmli olduğunu söyləyib. M. Vallström Azərbaycanın dostu kimi burada olduqlarını vurğulayıb. Onun sözlərinə görə, səfərin əsas məqsədi gələcək əməkdaşlığımızı daha da genişləndirmək və bununla bağlı mövcud potensialı öyrənməkdir.
 
Ə. Həsənov isə nəzərə çatdırıb ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs barədə razılığın əldə olunması ölkəmizə inkişaf etmək imkanı verib, qaçqın və məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə həllinə başlanılıb: “Bu gün demək olar ki, biz 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla, 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir”.
 
Ə. Həsənov bildirib ki, 24 ildir Dağlıq Qarabağ münaqişəsi həllini tapmır: “Bu, ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyil. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu, belə deyil. Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur. Biz hər kəsi ölkəmizə dəvət etməklə çox düzgün yol seçmişik. Məqsəd odur ki, ölkəmizə gələnlər əsl reallıqları öz gözləri ilə görsünlər. Artıq biz bu yolun müsbət nəticələrini də görməkdəyik. Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılıb”.

 

Xəbər lenti