ATƏT Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland təqaüdə çıxır.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə səfir Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi dəyirmi masada bildirib. R. Hoqland Dağlıq Qarabağda “dayanıqlı sülh” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb. Sadaladığı 6 elementdə səfir danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb:
Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq, tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.
İkincisi, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünüidarəetməsini təminat altına alsın.
Üçüncüsü, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. R. Hoqlandın sözlərinə görə, Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz.
Dördüncüsü, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.
Beşincisi, sazişdə həmçinin bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ təmin olunmalıdır.
R. Hoqland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki tərəfin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil.
Sonda səfir məlumat verib ki, onu ATƏT Minsk Qrupunun həmsədri vəzifəsində Endryu Şofer əvəzləyəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub