Azərbaycanlılar tətil üçün ən çox üz tutduqları ölkələrdən biri də Gürcüstandır. Gürcüstanın Batumi və Kabuleti şəhərləri Cənubi Qafqazın əsas turizm məkanlarından sayılır.
Bəs insanlar niyə bu şəhərlərə üz tutur?
BakuPost.az-ın əməkdaşı Batumi və Kabuletidə olub, gördüklərini görməyənlər və səfər etmək istəyənlər üçün qələmə alıb.
Batumi Gürcüstanın Qara dənizinin limanı və Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – “dərin”, limen – “dərin liman”) adı ilə bağlıdır. Əvvəlki adı isə Batum olub.
Turizm mərkəzi olan Batuminin yay aylarında əhalisi 400 000 nəfərə çatır. İl ərzində isə orta hesabla milyon turist bura üz tutur.
Batumi əhəmiyyətli liman şəhəridir. Eyni zamanda tətil mərkəzi olan şəhər botanika bağları və tropik bitkilər baxımından zəngindir.
Dünyanın ən zəngin botanika bağlarından biri də Batumidə yerləşir. Bu bağda dünyanın bir çox yerlərindən – Şərqi Asiya, Şimali Amerika, Yeni Zelandiya, Cənubi Amerika, Himalay, Meksika və Avstraliyadan gətirilən bitkilər, ağaclar əkilib. Botanika bağında hətta dünyanın ən yaşlı ağacı belə qorunub saxlanır.
Bu məkan 1912-ci ildə coğrafiyaşünas Andrey Krasnov tərəfindən salınıb. Botanika bağındakı floranın zənginliyi 111 hektarda yerləşən 9 bölmədə əks olunub. Botanika bağını həm piyada, həm də ekskursiya məqsədli elektromobillərlə seyr etmək mümkündür.
Botanika bağına giriş 8 laridi – bizim pulla 5 manat 60 qəpik.
Batumi həm də kanatı və “Əli və Nino” əfsanəsi ilə diqqəti cəlb edir. Eyni zamanda dənizi və şəhərin içindəki gölü də turistlərin əvəzolunmaz məkanıdır… Şəhərin delfinariyası və balaca gölü də şəhərə başqa rəng qatır.
Sevgi heykəli: Əli və Nino – Gürcüstanın Batumi şəhərində dənizkənarı bulvar ərazisində yerləşən heykəl. Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən “Əli və Nino” romanından ilhamlanaraq yaradılıb.
Heykəlin müəllifi olan heykəltəraş Tamar Kvesitadze əsəri yaradərkən Qurban Səidin azərbaycanlı gənclə gürcü qızı arasındakı sevgidən bəhs edən “Əli və Nino” romanından ilhamlandığını, bu iki gəncin əbədi sevgisi üçün abidə ucaltmaq istədiyini bildirib.
Batumidə gəmi səyahəti
Bu gəmidə həm Qara dənizi seyr edəcəksiniz, həm də rəqqasların rəqsindən feyzyab olacaqsınız. Gəmiyə giriş bileti isə 10 laridir.
Batumi kanatı isə bir sözlə möhtəşəmdir. Tiflisin kanatı ilə müqayisə olunmayacaq qədər maraqlıdır. Giriş 15 laridir. Bəzən kanata minə bilmək üçün saatlarla növbədə gözləyirsən. Bu səbəbdən burada minlərlə turist növbəsi görmək mümkündür.
Batumi heç də böyük, gözəl, tarixi məkanları bol olan bir yer deyil. Amma ucuz, səliqəli, təmizdir. Günün istənilən saatında, gecə-gündüz fərq etmədən bayıra çıxıb, rahat şəkildə, təhlükəsiz formada gəzə bilərsiniz. Ümumiyyətlə, Batumi sakit, dincəlmək üçün ideal, istirahət üçün isə sərfəli şəhərdir.
Batumidə demək olar hər məhəllədə futbol meydançasına rast gəlinir.
Ən baxımsız yerlərində, ucqar mağazalarında belə ödəmə terminallarını görmək olar. Küçələr isə çox təmizdir. Hər gün süpürülür, səliqəyə salınır.
Batumidə rast gəldiyimiz azərbaycanlı sürücünün bu fikirləri Batumidəki təmizliyə göstərilən diqqəti bir neçə cümlədə ifadə edir: “Heyf deyil Azərbaycan məmuru?! 5-10 manat verib canını qurtara bilirsən. Burada yerə bir siqaret atırsan, o dəqiqə 80 lari cərimə olunursan”.
Batumidə istirahət neçəyə başa gəlir sualına cavab olaraq deyə bilərik ki, cibinizdə 300-400 manat pulunuz olsa, 1 həftə istədiyiniz kimi gəzə, istirahət edə bilərsiniz. Bu pulla istədiyiniz restoranda doyunca yemək də yeyə bilərsiniz.
Meyvələr isə bizdəkindən qat-qat ucuzdur.
Bu möhtəşəm şəhərdə velosiped sürməyi sevənlər də diqqətdən kənarda qalmayıb. Onlar üçün xüsusi yollar çəkilib. Velosiped yollarını həm şəhərin bütün küçələrində, həm də sahil boyunca görmək mümkündür.
Qara dəniz sahilləri…
Batumiyə gəlib, çimərliyə baş vurmamaq günah olar. Burada nə sudan kanalizasiya iyi gəlir, nə də dəniz kənarında qarpız qabıqları var. Ekoloji cəhətdən çox təmizdir. Çimərliklərdə hansısa hasarlara rast gəlməzsiniz. Batumidə dənizkənarı istirahət pulsuzdur. Lakin dənizə girmək üçün bir az əziyyət çəkməli olacaqsınız. Çünki həm çox dərindir, həm də xırda dəniz daşları ayağınızı bir az əzəcək. Dəniz kənarında uzanmaq üçün də isti qum tapmayacaqsınız.
Qara dənizin sahilində yerləşən Kobuleti də turistlərin diqqətini cəlb edən şəhərlərdəndir. Əhalisi 18.600 nəfərdir.
Kobuleti Qara dənizin şərq sahillərində yerləşən Qərbi Gürcüstanın Əjərə şəhəridir. Kobuleti Bələdiyyəsinin və hər il gürcülər və bir çox keçmiş Sovet İttifaqı sakinləri tərəfindən ziyarət edilən bir dənizkənarı kurortdur. Xüsusən erməni turistləri ilə məşhurdur.
Kobuleti ənənələri, qonaqpərvərliyi, iqlim sahələri, mülayim subtropik iqlim, ionlaşmış dəniz havası, parlaq günəş və isti dəniz ilə tanınır.
Bu bölgələrdə (Kabuleti, Batumi) bahalı və bərbəzəkli villalara, otellərə nadir hallarda rast gəlinir. Hər şey sadə və rahatdır. Qiymətlər də insanı həvəsdən salmır. Kabuletidə 5 ulduzlu otellərə ehtiyac yoxdur. Ailənizlə 500-600 lariyə (250-300 manata) bir neçə gün rahat dincələ bilərsiniz.
Gürcü xaçapurisi isə turistlərin daha çox diqqətini çəkir. Gündəlik ən çox bu yeməyə tələbat olur. Yeməkləri isə pivəsiz və “Borjomi” sularsız təsəvvür etmək olmur.
Kabuletidə ermənilərin sayı gürcülərlə demək olar ki, bərabərdir. Onlar yerli xalqla qaynayıb-qarışıb və çox yaxın münasibətləri var. Bu bölgədə restoranların çoxu onlara məxsusdur. Maraqlısı odur ki, restoranlarda Azərbaycan musiqisi çalınanda onlar da oynayır.
Digər bir məqam isə gürcülərin rus dilini bilə-bilə turistlərlə çox vaxt öz dillərində danışmalarıdır. Hətta burada türk və Azərbaycan dillərində rahat danışa bilən gürcünü də tapa bilərsiniz. Amma onlar öz dillərində danışmağı üstün tuturlar. Turistlərə satılan aksessuarlar və paltarlar müqayisə etibarilə sərfəlidir.
Turizm mərkəzi olsa da, o qədər də bahalı deyil. 2 lariyə siz yaxınlarınızı hədiyyə ilə sevindirə bilərsiniz. Satılan əşyaların çoxunda isə təbiilik, əl işləmələri var. Yolların kənarında yalnız əl işləmələrini görə bilərsiniz.
Tiflisdə yaşayan gürcülərin üz tutduqları istirahət məkanı da Kabuleti və Batumidir. Burada digər ölkələrdən çox elə gürcülərin özləridir. Kabuleti və Batumi gecələri isə bir başqa həyatın olduğunu göstərir. İnsanlar səhər dənizdə, gecə isə restoranlarda və klublarda əylənirlər.
Kobuleti məşhur “Disneyland”ı ilə xüsusilə seçilir. “Disneyland”a giriş kartı 1 laridir. Atraksionların qiymətləri isə 2-10 lari arasında dəyişir.
Qara dəniz sahillərinə gəlmişkən, buraların məşhur şəhəri – Urekiyə də baş çəkməmək olmazdı.
Ureki Batuminin 60 kilometr şimalında yerləşən kurort şəhəridir. İnsanlar bura daha çox qara qumun müalicəvi təsirinə görə gəlirlər. Deyilənə görə, Gürcüstan dünyanın maqnitli quma malik ikinci ölkəsidir. Buradakı qumun tərkibində maqnit olduğu aşkarlanıb. Əvvəllər bu qumdan dəmir almaq üçün istifadə olunsa da, 19-cu əsrdən başlayaraq qumun insan bədəninə bir çox faydası olduğu müəyyənləşib. Tibb elmi iddia edir ki, qumun tərkibindəki maqnit immunitet sistemini gücləndirir, bədəndə qanın dövranını tənzimləyir. Eyni zamanda bu qumun ürək-damar, sinir sistemi xəstəliklərinə, revmatizmə, onurğa və bel ağrılarına da faydalı olduğu deyilir. Maqnit tərkibli qumun uşaqlar üçün də çox faydası var. Uşaqlarda sümük boşluğu, spinal iflic, onurğa və bel əyriliyi kimi xəstəliklərin müalicəsində bu qara qumun faydalı olduğu bildirilir. Bu səbəbdən daha çox uşaqlı ailələr müalicə məqsədilə Urekiyə üz tuturlar.
Urekidə çox sayda əlilliyi olan şəxs də görmək mümkündür.



1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
571 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
529 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
495 dəfə oxunub
4
Zəngilana növbəti köç karvanı yola salındı
495 dəfə oxunub
5
Əli Əsədov yeni qərar imzaladı
493 dəfə oxunub