Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı İŞİD-çilərin arvadları - "İslam dövlətində çox yaxşı yaşayırdıq..."

Xəbər verildiyi kimi İraq təhlükəsizlik qüvvələri İŞİD-dən azad edilmiş Telafar şəhərində əsir düşmüş 1333 qadın və uşaqları qaçqın düşərgəsinə yerləşdirib. Bunlar Telafardan qovulmuş İŞİD-çilərin arvad-uşaqlarıdır. Onlar 14 ölkənin vətəndaşlarıdır və İraqın şimalındakı qaçqın düşərgəsində saxlanılır, aralarında xeyli azərbaycanlı da var.

İraq təhlükəsizlik xidmətinin əməkdaşları “Assosiated press” agentliyinə deyiblər ki, İŞİD-çilərin arvadları və uşaqları avqustun sonlarında əsir düşüblər. Məlumata görə İraq hakimiyyəti onları İŞİD-in törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyəcək və çox güman ki, gəldikləri ölkələrə deportasiya olunacaqlar.

“Biz öz dinimizə Azərbaycanda əmə edə bilmirdik. Çadra, niqab gəzdirə bilmirdik, çünki hər tərəfdə kəşfiyyat zabitləri dolaşırdı”-bunu agentliyə Dağıstandan olan və azərbaycanlı İŞİD-çiyə ərə gedən Feyruzə deyib.

İŞİD-çilərin qadınları deyir ki, kürd silahlı birləşmələrinə təslim olan ərlərinin taleyindən xəbərləri yoxdur. Kürd qruplaşmalarından birinin komandiri, general Kamel Harki isə deyib ki, Telafarda əsir götürülən yüzlərlə İŞİD-çidən bir qismi İraq hakimiyyətinə təhvil verilib, qalanları isə onları əsir götürən döyüşçülərə hücum etdiklərinə görə öldürülüb.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən xarici ölkələrdə silahlı terror birləşmələrinin tərkibində döyüşənlər üçün 20 ilə qədər həbs cəzası nəzərdə tutulur. Son illər Suriya və İraqda İŞİD-in, digər radikal dini terror qruplaşmalarının tərkibində döyüşən Azərbaycan vətəndaşlarının bir çoxu həbs edilib, qanuna uyğun cəzalandırılıb. Çünki onlar potensial təhlükə mənbəyidir və İŞİD-in qəddar ideologiyasını Azərbaycanda da yaymağa, tətbiq etməyə cəhd edirlər.

Lakin İraqda əsir düşmüş azərbaycanlı İŞİD-çilərin “islam dövləti” barədə tərif yağdıran qadınlarının məsələsinə də ayrıca baxılmalıdır. Əgər İraq hakimiyyəti onları Azərbaycana deportasiya etsə Bakı bu qadınları, onların uşaqlarını qəbul edəcəkmi? Axı danışdıqlarından da görünür ki, onlar büsbütün İŞİD ideologiyasını mənimsəmiş və “şəriət qaydaları” ilə yaşamağı arzu edən, İŞİD-in kəsdiyi başlara haqq qazandıran insanlardır. O cümlədən onların böyütdükləri uşaqlar İŞİD ideologiyası ilə tərbiyə olunurlar və beyni bu cür zəhərlənmiş insanların Azərbaycana geri qəbul edilməsi gələcək terror təhlükələrinin əsasını qoya bilər.
virtualaz.org

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...