ATƏT-də qanunsuz "referendumla" bağlı məsələ qaldırılıb

594
ATƏT-də qanunsuz "referendumla" bağlı məsələ qaldırılıb

Fevralın 16-da ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyi tərəfindən Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz “referendum” keçirmək niyyəti ilə bağlı məsələ qaldırılıb.

Mynews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, daimi nümayəndəlik Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı 14 fevral tarixli bəyanatı əsasında çıxış edərək ATƏT iştirakçı dövlətlərinin diqqətini Ermənistanın sözügedən təxribatçı niyyətinə cəlb edib, bunun Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının, əksinə, vəziyyəti gərginləşdirmək, işğal siyasətinin nəticələrini möhkəmləndirmək, qəbuledilməz və qeyri-dayanıqlı status-kvonu davam etdirmək siyasətinin göstəricisi olduğunu bildirib. Bu kimi cəhdlərin münaqişənin substantiv danışıqlar yolu ilə həllinə zərbə vurduğu diqqətə çatdırılıb.

Daimi nümayəndəlik keçirilməsi planlaşdırılan “referendum”un Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin açıq pozuntusu olduğunu, Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistan tərəfindən qanunsuz güc tətbiqinin davam etdiyi vaxtda və işğal olunmuş ərazilərimizdə aparılmış mənfur etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin digər ciddi pozuntuları şəraitində təşkil olunduğunu və beləliklə də hər hansı hüquqi nəticə doğura bilməyəcəyini bəyan edib.

Azərbaycan tərəfi bir daha beynəlxalq ictimaiyyəti qanunsuz “referendum”u pisləməyə və onun nəticələrini tanımamağa, eləcə də Ermənistana işğalçı siyasətinə son qoyması üçün siyasi və diplomatik təzyiq göstərməyə çağırıb.

Məsələ üzrə çıxış edən Türkiyə, Ukrayna və Gürcüstan nümayəndələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə edərək, “referendum”un qanunsuz və qeyri-legitim olduğunu, onun adıçəkilən ölkələr tərəfindən rədd edildiyini və nəticələrinin tanınmayacağını bildiriblər.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa məsələnin həmsədr ölkələrin narahatlığına səbəb olduğunu bildirib. Əlavə edilib ki, nə həmsədr ölkələr, nə də dünyanın hər hansı bir ölkəsi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. Bundan irəli gələrək, keçirilməsi nəzərdə tutulan “referendum”un nəticələri həmsədr ölkələr tərəfindən tanınmayacaq və “referendum” Dağlıq Qarabağın hüquqi statusuna, eləcə də münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticələrinə heç bir təsir edə bilməz. Bundan əlavə, Fransa nümayəndəsi həmsədr ölkələr adından vəziyyətin gərginləşməsinə xidmət edən addımdan çəkinməyə çağırış edib.

Səsləndirilən bəyanatlar fonunda tamamilə təcrid vəziyyətində qalmış Ermənistan tərəfinin qeyri-qanuni “referendum”un keçirilməsinə, ölkəmizin ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqinə bəraət qazandırmaq cəhdləri daimi nümayəndəliyin BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə qəbul edilmiş müvafiq qətnamələrinə istinadları qarşısında bir daha iflasa uğradı.

Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyi fonunda Ermənistanın sözügedən təxribatçı addımını bir daha nəzərdən keçirəcəyinə, münaqişə zonasında vəziyyəti gərginləşdirən, ümumilikdə regionda sülh və sabitliyi təhdid edən addımlardan əl çəkərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında tezliklə həlli məqsədilə substantiv danışıqlara cəlb olunacağına ümid edir.

Xəbər lenti