"Ermənistan tarix boyu "böyük Ermənistan" yaratmaq xülyası ilə Azərbaycana qarşı mənfur işğalçılıq siyasətini yeridib. Bu gün də eyni siyasət həmin iddialar əsasında formalaşdırılıb və Azərbaycana məxsus Dağlıq Qarabağın 20 faizi erməni işğalı altında qalmaqda davam edir".
Mynews.az bildirir ki, bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasını şərh edərkən deyib.
Siyasi ekspertin fikrincə, sessiyada Serj Sarkisyanın Azərbaycan əleyhinə fikirlər səsləndirməsi heç bir məntiqə və reallığa söykənmir və onun yalanları məhz ölkə başçısı cənab İlham Əliyev tərəfindən ifşa olundu:
"Biz, ilk növbədə, Prezident İlham Əliyevin Serj Sarkisyanın ağ yalanlarına qarşı verdiyi tutarlı və arqumentli cavabları ilə onu necə susdurmasının şahidi olduq. Belə ki, BMT TŞ-nin Ermənistanın işğalçılıq siyasətini sübuta yetirən və işğal olunan əraziləri qeyd-şərtsiz azad etməsini tələb edən dörd qətnaməsi mövcuddur, lakin təəssüf ki, həmin torpaqlar hələ də işğal altında qalmaqda davam edir. Əbəs yerə deyil ki, Prezident İlham Əliyev bu faktı önə sürərək, BMT TŞ-nin həmin qətnamələrinə rəğmən, Serj Sarkisyanın hərbi cinayətkar kimi bu qurumun tribunasındakı çıxışını sərt şəkildə qınadı, o cümlədən, hərbi cinayətkarın mötəbər qurumun ali tribunasında çıxış etməsini qətiyyətlə tənbeh etdi".
B.Quliyev qeyd edib ki, Prezident İlham Əliyev Serj Sarkisyanın Xocalı soyqırımının əsas iştirakçılarından biri olduğunu xatırladaraq bununla dünya birliyinə öz mühüm mesajlarını çatdırdı: "Dövlətimizin başçısı vurğulayıb ki, Serj Sarkisyan hazırda öz ölkəsində hərbi xunta rejimi yaratmaqla yanaşı, Xocalıda azərbaycanlılara qarşı törədilən qanlı əməliyyatlarda iştirak edən bir şəxsdir və təəssüf ki, bu gün dünya birliyi həmin faktların reallığına etinasız yanaşmaqla Ermənistan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etmir".
Digər bir məsələni də diqqətə çatdıran siyasi ekspert hesab edir ki, məhz Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində Qarabağın işğal olunması faktı bir sıra digər mühüm beynəlxalq qurumlar tərəfindən tanınıb. Belə ki, NATO, AŞ PA, Avropa Parlamenti kimi beynəlxalq qurumlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunmasını sübuta yetirən sənədlər qəbul etsələr də, beynəlxalq aləmin bu məsələdə susqunluğunu davam etdirməsi, işğal faktına ikili standartlardan yanaşması anlaşılan deyil.
B.Quliyev sözügedən məsələdə qeyri-obyektiv yanaşmanın davam edəcəyi halda, Prezident İlham Əliyevin qətiyyətli bəyanatını da xatırladaraq deyib ki, əgər Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməsə, müvafiq beynəlxalq qurumlar bu məsələdə ikili standartlarını davam etdirəcəklərsə, Azərbaycan öz hüquqlarından istifadə edərək, əzəli torpaqlarını düşməndən azad etmək məcburiyyətində qalacaq: "Bu baxımdan, ölkə başçımız BMT-nin ali tribunasından aprel hadisələrini beynəlxalq birliyin və xüsusilə erməni prezidentin diqqətinə çatdırdı ki, ümumiyyətlə, problemin tənzimlənməsi çərçivəsində atılan addımların qarşısını alan hər bir cəhd birbaşa Ermənistanın ziyanına işləyən proses kimi nəticələnə bilər".
Siyasi ekspert qeyd edib ki, dövlət başçımızın çıxışında irəli sürülən hər bir fikir Azərbaycanın dünya dövlətləri sırasındakı mühüm yerini sübuta yetirmiş oldu: "Despotizm və anarxiya rejimi ilə idarə olunan Ermənistandan fərqli olaraq, bu gün Azərbaycan bənzərsiz multikultural mərkəzə, mükəmməl tolerantlıq məkanına çevrilib. Azərbaycanın Avropanın və Şərqin birləşdiyi bir məkanda yerləşməsi tarixlərdən gələn gerçəklikdir və bu barədə cənab Prezident öz çıxışında vurğulayıb. Ölkə başçımız son iki ildə 2 mötəbər beynəlxalq idman yarışının - Avropa Oyunlarının və İslam Oyunlarının məhz Azərbaycanda keçirildiyini xatırladaraq beynəlxalq aləmə xitabən demək istədi ki, buna səbəb ölkəmizdə mövcud olan dünyəvi və demokratik quruluşun yüksək səviyyədə inkişaf etməsidir.
Həmçinin, Azərbaycan hakimiyyəti xalqın maraqlarından çıxış edir, ölkəmizdə xalq-hakimiyyət birliyi, dostluq tandemi mövcuddur. Bütün bunlar isə dövlətimizin dünya birliyindəki mötəbər yerini daha da möhkəmləndirməkdədir. Ümumiyyətlə, Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasındakı çıxışını tarixi çıxış kimi qiymətləndirmək olar. Xalqımız bu tarixi çıxışın müsbət nəticələrinin qısa zamanda şahidi olacaq".