Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov nazir Ramil Usubov barəsində mətbuatda yayılmış iddialara münasibət bildirib.
DİN rəsmisi Lent.az-a göndərdiyi açıqlamasında dünən xəbər saytlarının birinin yayımladığı iddialara münasibət bildirib.
Xidmət rəisi deyib ki, mətbuatda yayımlanan “sabiq nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan xəbər saytları daxili işlər naziri Ramil Usubova qarşı yönəlib” iddiası əsassızdır: “Belə bir yalan və əsassız iddia ilə bağlı bildirirəm ki, Daxili İşlər Nazirliyinin digər dövlət qurumları ilə yanaşı, keçmiş Nəqliyyat Nazirliyi ilə də bir çox sahələr üzrə faydalı və səmərəli əməkdaşlıq əlaqələri olub. Eyni zamanda, hörmətli Ziya müəllimin istər nazir vəzifəsində olduğu dövrdə, istərsə də indi cənab Ramil Usubovla qarşılıqlı hörmətə əsaslanan çox səmimi münasibətləri olub və bu indi də davam edir”.
E.Zahidovun sözlərinə görə, hər gün KİV-ləri yaxından izləyən biri olaraq tam əminliklə deyə bilər ki, sabiq nəqliyyat nazirinin nəzarətində olduğu iddia edilən hansısa xəbər saytının daxili işlər nazirinə qarşı qərəzli münasibətinə rast gəlməyib və bu barədə onlara heç bir məlumat daxil olmayıb: “Bir daha qeyd edirəm ki, belə iddialar həqiqəti əks etdirmir və jurnalist təxəyyülünün məhsulundan başqa bir şey deyil. Ona görə də hörmətli media nümayəndələrindən xahiş edirəm ki, hər hansı bir məsələ ilə bağlı, xüsusən də dövlət məmurları barədə yazı yazanda yoxlanılmamış informasiyalardan, necə deyərlər, ara söhbətlərindən istifadə etməsinlər. Onsuz da belə səpkili yazılar dövlət məmurlarımızın aralarında olan xoş münasibətə kölgə sala bilməz”.