Bəhruz Quliyev: Prezidentin Münxendə keçirdiyi görüşlər region üçün bir neçə məsələlər üzrə tarixi tezislər formalaşdırdı

599
Bəhruz Quliyev: Prezidentin Münxendə keçirdiyi görüşlər region üçün bir neçə məsələlər üzrə tarixi tezislər formalaşdırdı

"İlk olaraq qeyd etmək lazımdır ki, prezident İlham Əliyevin Münxendə keçirilən 53-cü Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər həm ölkəmiz, həm də region üçün xüsusi əhəmiyyət kəsb edir. Prezidentin Münxendə keçirdiyi görüşlər region üçün bir neçə məsələlər üzrə tarixi tezislər formalaşdırdı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirdi".

Mynews.az xəbər verir ki, bu fikirləri Trendə-ə açıqlamasında siyasi ekspert Bəhruz Quliyev bildirib.

B.Quliyev qeyd edib ki, konfrans tarixi əhəmiyyət daşıyır: "Dövlət başçısı orada İsrailin müdafiə naziri Aviqdor Liberman, Türkiyənin baş naziri Binəli Yıldırım, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç, həmçinin Kiyev şəhərinin meri Vitali Kliçko, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşlər keçirərək dünyanın diqqət mərkəzində oldu. Xüsusilə də prezident İlham Əliyev BMT-nin baş katibi Antonio Quterreşə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud durum haqqında, Ermənistanın işğalçılıq siyasəti barədə, eləcə də Ermənistan rəhbərliyinin münaqişənin həllinə mane olan qeyri-konstruktiv addımları ilə bağlı kifayət qədər məlumatlar verdi. Faktiki olaraq, Azərbaycanın ədalətli mövqeyini növbəti dəfə ortaya qoymaqla, həm də Ermənistanın işğalçı siyasətini ifşa etdi. Görüşdə qeyd olundu ki, bu günə qədər münaqişənin daha da dərinləşməsinin, əldə olunmuş atəşkəs rejiminin pozulmasının əsas səbəbkarı məhz Ermənistandır. Eyni zamanda cənab prezident BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini A.Quterreşin diqqətinə çatdırdı".

Ekspert vurğulayıb ki, digər tərəfdən, bu görüşdə ölkəmizin tranzit dövlət kimi Şərqlə Qərb arasında oynadığı mühüm roldan, beynəlxalq münasibətlər sistemindəki mövqeyindən danışılıb: "Azərbaycanın həm BMT-yə, həm də İƏT-ə üzv olmasının özü ölkəmizin hər iki qitə - Avropa və Asiya arasında, ümumilikdə isə bütün dünya siyasi arenasında oynadığı rolun nə dərəcədə ciddi olduğunda, eləcə də ölkəmizin tam müstəqil siyasət yürüdən, tolerant, müasir dövlət kimi söz sahibinə malik olduğunu nümayiş etdirən amillərdir. Azərbaycan bütün beynəlxalq layihələrdə iştirakı ilə sübut edib ki, ölkəmiz həqiqətən də həm Qərb, həm də Şərq üçün, ümumilikdə bütün dünya dövlətləri üçün strateji müttəfiq və etibarlı tərəfdaşdır".

B.Quliyev onu da deyib ki, prezident öz çıxışında ölkəmizin enerji təhlükəsizliyinə Azərbaycanın təhlükəsizliyi qədər önəm verdiyini bildirib:

"Azərbaycan geosiyasi nöqteyi-nəzərdən əhəmiyyətli və mühüm coğrafi məkanda yerləşir. Təkcə Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması dünya enerji təminatına mühüm töhfələr verdi. Bu baxımdan, Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayaraq Böyük İpək Yolunun əsas marşrutlarından biridir. Həmçinin yürütdüyü balanslı xarici siyasəti əhəmiyyətli tərəfdaş kimi dünya dövlətləri tərəfindən təqdir olunur. Bunu nəticəsidir ki, super güclər müəyyən dövlət əhəmiyyətli görüşlərini məhz Bakıda keçirirlər. ABŞ və Rusiya Silahlı Qüvvələrinin qərargah rəislərinin Bakıda keçirdikləri görüş bunun əyani sübutudur. Eləcə də Rusiya ilə Türkiyə arasında bir müddət öncə yaranmış siyasi konflikt məhz ölkəmizin vasitəçiliyi sayəsində həll olundu və hər iki dövlət arasındakı münasibətlərin daha böyük perspektivləri müəyyənləşdirildi. Məhz bu nüanslar da Münxen Təhlükəsizlik Konfransında cənab prezident tərəfindən iştirakçıların diqqətinə çatdırıldı. Ümumilikdə dövlət başçısının Münxen Təhlükəsizlik Konfransında iştirakı dünya təhlükəsizlik sisteminin formalaşmasında və dövlətlərarası münasibətlərin tənzimlənməsində Azərbaycanın xüsusi əhəmiyyətini daha da artırdı".

Xəbər lenti