20 Yanvar faciəsi Kubada anılıb

516
20 Yanvar faciəsi Kubada anılıb

Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bu gün Kubanın geniş dinləyici kütləsinə malik olan “Habana Radio” 106.9 FM kanalında canlı yayımlanan “Yaşadığımız dünya” verilişində müsahibə verib.

Azərbaycanın Kubadakı səfirliyindən SİA-ya verilən məlumata görə, verilişdə C.Salehov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğından və bu qanlı hadisələrdən öncə baş vermiş proseslərdən bəhs edib. Bu xüsusda, Azərbaycanın tarixi torpaqlarının ayrılmaz hissəsi olan Dağlıq Qarabağ ərazisinin zorla Ermənistana birləşdirilməsi məqsədilə bədnam qonşu ölkə tərəfindən həyata keçirilən işğalçılıq siyasətinin tarixi kökləri haqqında məlumat verilib. Keçmiş SSRİ-nin rəhbərliyi və şəxsən M.Qorbaçov tərəfindən Ermənistanın ölkəmizə qarşı yürütdüyü separatçılıq və təcavüzkarlıq niyyətlərinə dəstək verilməsi nəticəsində bu ədalətsiz və cinayətkar siyasətin Azərbaycan xalqının haqlı etirazlarına səbəb olduğu bildirilib. Vurğulanıb ki, xalqımızın öz azadlığının və ölkəmizin ərazi bütövlüyünün demokratik və dinc üsullarla müdafiə etməsinə baxmayaraq, 20 yanvar gecəsində müxtəlif istiqamətlərdən şəhərə daxil olmuş ordu hissələri tərəfindən mülki əhaliyə qarşı kütləvi qırğın törədilib. Qırğın nəticəsində 150-yə yaxın günahsız insanın, o cümlədən uşaqlar, qadınlar və yaşlıların öldürüldüyü, 700-dən artıq insanın yaralandığı və ya əlil olduğu xatırlanıb.

C.Salehov bildirib ki, 20 yanvarda törədilmiş cinayətlərin ağır faciəvi nəticələrinə baxmayaraq, xalqımızın iradəsi və azadlıq əzmini sındırmaq istəyənlər öz məqsədlərinə yetmədilər və qısa müddət sonra Azərbaycan öz dövlət müstəqilliyini elan etdi.

Bununla yanaşı, müstəqilliyini yeni əldə etməsinə baxmayaraq, onu itirmək təhlükəsi qarşısında qalmış gənc Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin iradəsi və əzmkarlığı sayəsində nicat tapması və ulu öndərin tarixi fəaliyyəti nəticəsində Azərbaycanın davamlı inkişafının təmin edildiyi barədə dinləyicilərə məlumat verilib. Eyni zamanda, aparıcıların suallarına cavab olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda ətraflı bəhs edilib. Ölkəmizin iyirmi faiz ərazilərinin işğal altında olmasına, bir milyondan artıq həmvətənlərimizin qaçqın və məcburi köçkünə çevrilməsinin ağır nəticələrinə baxmayaraq, Azərbaycanın bütün sahələrdə nail olduğu davamlı inkişaf və uğurlu iqtisadi siyasəti barədə söz açılıb.

Veriliş zamanı, həmçinin Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin mövcud durumu, 2016-cı il ərzində səfirliyimiz tərəfindən Kubada həyata keçirilmiş müxtəlif siyasi-mədəni tədbirlər barədə bəhs edilib, habelə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensial sahələr haqda məlumat verilib.

Veriliş ərzində şəhidlərimizin xatirəsinə həsr edilmiş Azərbaycan musiqi parçaları səsləndirilib.

Xəbər lenti