Ermənistanın işğal olunmuş qədim Azərbaycan torpaqlarında islam aləminə aid dini-mədəni abidələri dağıtması və ya təhqirə məruz qoyması qəbuledilməzdir.
Mynews.az xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin bu ölkənin Senatının sədr müavini Mövlana Abdul Qafur Heydəri ilə görüşündə bildirilib.
Görüşdə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələr, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolu, hər iki ölkənin nüfüzlu beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı qeyd olunub. Pakistan Senatının xarici əlaqələr komitəsi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı Soyqırımının tanınması və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin qəbul edilməsinin yüksək qiymətləndirildiyi, Ermənistanın işğal olunmuş qədim Azərbaycan torpaqlarında islam aləminə aid dini-mədəni abidələri dağıtmasının və ya təhqirə məruz qoymasının qəbuledilməz olduğu vurğulanıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunduğunu bildirən Ə.Əlizadə ölkəmizin islam ölkələri, o cümlədən Pakistanla əlaqələrin inkişafına daim xüsusi önəm verdiyini deyib. O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının, həmçinin, müxtəlif tədbir və konfransların ölkəmizdə, eləcə də bir sıra xarici dövlətlərdə Azərbaycanın təşkilatçılığı ilə keçirildiyini və Pakistanın da bu tədbirlərdə təmsil olunduğunu diqqətə çatdırıb.
Pakistan Senatının sədr müavini, nüfuzlu din alimlərindən sayılan M.A.Q.Heydəri Pakistanın Azərbaycanı özünə qardaş ölkə hesab etdiyini, islam ölkələri arasında birlik və əməkdaşlığın möhkəmlənməsinin vacib olduğunu, Pakistan-Azərbaycan münasibətlərinin buna bir nümunə sayılacağını, hökümətlərarası əlaqələrlə yanaşı xalqlarımız arasında əlaqələrin daha da artırılması gərəkdiyini qeyd edib. O, beynəlxalq və regional məsələlərdə Azərbaycanın da Pakistana verdiyi dəstəyin dostluq və qardaşlığın bir təzahürü kimi qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə həmçinin, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin daha da artırılması, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi məsələri ilə bağlı da fikir mübadiləsi aparılıb.