Qarabağ üçün BÖYÜK PLAN, sərhədlərdə QİYAMƏT QOPACAQ... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

3559
Qarabağ üçün BÖYÜK PLAN, sərhədlərdə QİYAMƏT QOPACAQ... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Həftənin əsas hadisələrindən biri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi oldu. Həftənin sonunda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşdi. Fevralın 20-də “Dağlıq Qarabağ Respublikasında” “konstitusiya dəyişiklikləri” ilə bağlı “referendum” keçirildi. Fevralın 22-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə arsenalını genişləndirmək barədə fevralın 23-də verdiyi bəyanat gündəmdə bomba effekti yaradıb.

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.

Fevralın 23-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası başlayıb. Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Fevralın 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.

Erməni həmkarı Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov bildirib ki, Moskva daha əvvəl qəbul edilmiş qərarlar əsasında Qarabağ münaqişəsinin nizama salınması üçün məqbul yolların axtarışını dəstəkləyir. “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk qrupu formatının alternativi yoxdur”, - deyə Lavrov bildirib.

Nazirlərin görüşü zamanı bildirilib ki, Hazırda Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri üçün hazırlıq gedir. Sergey Lavrov həmçinin özünün İrəvana səfər edəcəyini deyib.

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarında yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikasında” fevralın 20-də “konstitusiya dəyişiklikləri” ilə bağlı “referendum” keçirilib. Dəyişiklik prezident idarəçiliyi formasına keçidi nəzərdə tutur. Mövcud “konstitusiyaya” görə “DQR” yarım prezident respublikası sayılır.

“Ermənistanın xarici işlər naziri bizə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müsbət dəyərləndirmək şansı qoymayıb. Moskvaya səfər zamanı münaqişənin həllini müzakirə etmək niyyətindəyəm”.

Bunu isə Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov cibutili həmkarı Mahmud Əli Yusiflə birgə brifinq zamanı məlumat verib. E.Məmmədyarovun Moskvaya səfəri mart ayında baş tutacaq.

“Rusiya olmasa, təhlükəsizliyimiz sual altında olar. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır”.

Bu fikirləri işğalçı Ermənistanın başçısı Serj Sarkisyan hərbi birləşmə komandanları ilə keçirdiyi müşavirədə çıxışı zamanı bildirib. S.Sarkisyan açıq etiraf edib ki, Rusiyasız Ermənistan müstəqil dövlət ola bilməz.

“Ötən il Rusiya tərəfindən verilmiş “İsgəndər” raket kompleksləri Ermənistan silahlı qüvvələrinə aiddir və onları xüsusi hazırlıq keçmiş erməni zabitləri idarə edirlər”. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.

Nazirin sözlərinə görə, Ermənistan vəziyyətin inkişafından asılı olaraq “İsgəndər”in tətbiqi haqqında qərar qəbul edəcək.

“Rusiya maraqları Azərbaycan maraqları ilə üst-üstə düşəndə Ermənistan ağır vəziyyətdə qalacaq. Ona görə də daha pis vəziyyətlə qarşılaşmamaq üçün Qarabağ münaqişəsini indi həll etməliyik”.

Bu barədə "Erməni Milli Konqresi"nin fraksiya rəhbəri Aram Manukyan deyib.

Onun sözlərinə görə, liderləri Levon Ter-Petrosyan da eyni məsələni bildirirdi: “İndi Rusiya regionda öz təsirini artırmağa çalışır. Bu vəziyyətlə razılaşıb minimal itkilərlə məsələni həll etməliyik. Bu razılaşmada müəyyən ərazilərin qaytarılması ilə də razılaşmalıyıq. Əgər etməsək, onda daha çox iktilər verəcəyik”.

Serj Sarkisyan iqtidarına qarşı tənqidi çıxışları ilə tanınan politoloq İqor Muradyan Qarabağın azad olunması ilə nəticələnəcək Azərbaycan və Türkiyə əməkdaşlığından və bunun Ermənistan üçün təhlükələrindən danışıb.

Muradyan 1998-ci ildə Heydər Əliyev və Süleyman Dəmirəlin prinsipial görüşünü xatırladıb.

Bildirib ki, həmin görüşdən sonra Türkiyə və Azərbaycan arasında gələcək strategiya cızıldı. Muradyan Ermənistan hakimiyyətini passiv diplomatiyada ittiham edib və qeyd edib ki, İrəvanda siyasi hakimiyyətin zəifliyi Heydər Əliyevlə Süleyman Dəmirəlin planının reallaşması ilə nəticələnə bilər.

“Qarabağda yeni müharibə qaçılmazdır. Çünki tərəflər arasında danışıqlar yoxdur. Həmçinin, toqquşma təkcə Qarabağ zonasında yox, Ermənistan-Azərbaycan sərhədində də ola bilər”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, münaqişə tərəfləri yeni müharibəyə ciddi şəkildə hazırlaşır.

Rusiya Azərbaycana “İsgəndər” raket komplekslərini sata bilər. Bunu məşhur Rusiya hərbi eksperti Aleksey Leonkov FAN agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanla hərbi-texniki əməkdaşlıq üzrə proqram kifayət qədər genişdir. “Heç kəs Azərbaycana Rusiyaya müraciət etməyi və Moskva ilə bu və ya digər silahların alınması üzrə müzakirələr aparmağı qadağan etmir. Bu, həmişə danışıqların predmetidir”, - deyə hərbi ekspert bildirib.

ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə arsenalını genişləndirmək barədə bəyanatı gündəmdə bomba effekti yaradıb. Rusiya politoloqu Andrey Piontkovski Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində deyib ki, bəyanat Ağ Evin tutulması üzrə Kremlin əməliyyatının uğursuzluğa düçar olduğunu sübut edir.

Andrey Piontkovskinin fikrincə, bundan iki nəticə çıxarmaq olar.

2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhd gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən 44 nəfərlik dəstənin məhkəmə prosesi başlayıb. Muğla şəhərində keçirilən məhkəmə prosesində Mərmərisdə Ərdoğanın qaldığı otelə basqında sui-qəsd bölüyünü idarə edən general Gökhan Şahin Sönmezateş hakimin suallarını cavablandırıb. General prezidentə sui-qəsd əmrini qiyamçı generallardan olan Semih Terzidən aldığını bildirib.

Qeyd edək ki, Semih Terzi həmin gecə öldürülüb.

Suriyada rejim gücləri ilə müxalifət silahlıları arasında atəşkəs razılaşması imzalansa da, proseslər getdikcə təhlükəli şəkil alır. PKK terror təşkilatı Əl-Babdan sonra “Fərat Qalxanı” hərəkatının növbəti hədəfi olan Münbiç şəhərinə silah-sursat və canlı qüvvə toplamağa başlayıb.

“Yeni Şafak” nəşrinin yazdığına görə, PKK-nın şəhərdə möhkəmlənməsinə İranın dəstəklədiyi “Haşdi Şabi” şiə təşkilatı da yardım edir.

Suriyanın Əl-Bab şəhəri fevralın 24-də Türkiyə ordusu və Azad Suriya Ordusu tərəfindən tamamilə nəzarətə alınıb.

“Fərat Qalxanı” hərəkatı çərçivəsində Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra gözlər Rakka əməliyyatına çevrildi. Almaniya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş naziri Binəli Yıldırım Rakkada əməliyyata birbaşa qatılmayacağını, taktiki dəstək verəcəklərini bildirib.

Mütəxəssislər Türkiyənin əməliyyata birbaşa qatılmamasının haqlı səbəblərinin olduğunu söyləyir.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar bildirir ki, 2014-cü ilin iyunundan ABŞ-ın başçılıq etdiyi koalisiya və Rusiya İŞİD-ə qarşı mübarizə aparmasına baxmayaraq, təşkilat hələ də ayaqdadır.

Mütəxəssis qeyd edir ki, YPG/PKK ilə Türkiyənin eyni sırada olduğu bütün ssenarilərdə Türkiyə üçün böyük tələlər var.

Türkiyə Suriya Prezidenti Bəşər Əsədlə heç bir əməkdaşlığa getməyəcək. Bunu “Russia Today” (RT) telekanalına müsahibəsində Türkiyə prezidentinin müşaviri İlnur Çevik söyləyib. O, Türkiyənin Əsədi devirməyə çalışmadığını bildirib:

“Türkiyə Suriya ilə qarşıdurma və Əsədin zor gücü ilə hakimiyyətdən devrilməsini istəmir. Məhz buna görə Rusiya, İran və Türkiyə Astanada danışıqlar aparır. Biz həmçinin bundan sonra Əsədlə heç bir əməkdaşlıq da etməyəcəyik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-10 mart tarixlərində Rusiyaya səfər edəcək. Səfər zamanı enerji və Suriya böhranı prioritet mövzular olacaq.

Səudiyyə Ərəbistanı İŞİD terror təşkilatı ilə mübarizə üçün Suriyaya xüsusi təyinatlı birliklərini göndərməyə hazırdır. Bu haqda Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

“İsrail İrana hücum etməyə cəsarət edərsə, Təl-Əviv və Hayfanı yerlə-yeksan edərik”. Bunu İnqilab Mühafizəçilərinin keçmiş komandiri Möhsün Rızai deyib.

O, bu gün İranın amerikalılar, ərəblər və türklərin edə bilmədikləri işləri bacardığını vurğulayıb.

“İran bu gün nöqtə vuruşu edən raketləri bazardakı qiymətdən səkkiz dəfə daha ucuz istehsal edir. İsrail İrana hücum etməyə cəsarət edərsə, Təl-Əviv və Hayfanı yerlə-yeksan edəcəyik. Hərçənd İran müharibə və macəra arxasında deyil”, - Möhsün Rızai vurğulayıb.

İranın strateji olaraq ən əhəmiyyətli şəhərlərindən sayılan və böyük neft yataqlarının olduğu Ahvaz şəhərində İran hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalarda İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) aid bir qərargah yandırılıb, onlarla inqilab gözətçisi insanlar tərəfindən döyülüb.

Etiraz aksiyalarının genişlənməsi ilə əlaqədar olaraq bölgədə internet xətti kəsilib və valilik qarşısında aksiyalar qadağan edilib. Arabi21.com xəbər saytı təhlükəsizlik güclərinin aksiyalara müdaxilə nəticəsində Həsən əl-Bogbiş adlı bir nümayişçinin həyatını itirdiyini yazıb.

Fevralın 18-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin tanınması haqqında fərman imzaladı.

Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd “beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması”dır. Daha öncə Kreml bildirirdi ki, Rusiya tanınmayan Donets və Luqansk “xalq respublikaları”nın pasportlarını rəsmi olaraq tanımır.

Politobzor.net saytı Kremlin Kiyevi gürcü ssenarisi haqqında xəbərdar etdiyini yazıb.

Ukrayna ölkənin şərqində yaradılan Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinin pasportlarının Moskva tərəfindən tanınmasına cavab olaraq, Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyətindədir.

Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının humanitar yardım və böhranların idarə olunması üzrə komissarı Xristos Stilianidislə görüşündə bildirib.

Poroşenkonun sözlərinə görə, Moskvanın bu qərarı beynəlxalq hüquq nöqteyi-nəzərindən artıq qanunsuz rejimlərin tanınması deməkdir. Dövlət başçısının sözlərinə görə, Moskva de-fakto Minsk prosesindən imtina edib.

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin silahlı qüvvələrinin rəhbər heyəti ilə görüşündə çıxışında deyib ki, ölkənin cənubi-şərqində və Dnestryanı ərazidə yerləşən Rusiya hərbi kontingentindən istənilən vaxt ərazilərimizə hücum üçün istifadə edilə bilər. Ukrayna prezidenti vurğulayıb ki, Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkiləri Ukrayna Silahlı Qüvvələrindən yüksək döyüş hazırlığı tələb edir.

Pyotr Poroşenkonun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko əmin edib ki, Rusiyaya Ukraynaya hücum üçün öz ərazisindən istifadə etməyə icazə verməyəcək. "Şimalda Kreml Belarusa təzyiqi gücləndirir. Hərçənd mən əminəm ki, prezident Lukaşenko buna icazə verməyəcək. O, mənə dəfələrlə deyib ki, bizimlə bağlı düşməncəsinə hərəkətlər üçün öz ərazisindən istifadə edilməsinə icazə verməz”, - deyə Poroşenko qeyd edib.

Ukrayna prezidenti həmçinin Lukaşenkoya Rusiyanın istənilən “sürprizləri”nə hazır olmağı məsləhət görüb.

“Bild” qəzetinə müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyanın Donbasda ikinci Hələb yaratmaq istədiyini bildirib. “Ukraynanın şərq vilayətlərinin bir qismində vəziyyət dramatikdir. Əlimizdə separatçıların dinc sakinlərə məqsədyönlü şəkildə hücumları ilə bağlı faktlar var. Putin Donbasda Ukrayna Hələbi yaratmaq istəyir”, - deyə o bildirib.

Ukraynada isə fevralın 20-də müddətsiz etiraz aksiyaları başlayıb. Müddətsiz aksiyalarda banklar tərəfindən aldadılmış əmanətçilər, kiçik biznes federasiyaları və radikal sağçı təşkilatların, həmçinin “Hajdak” hərəkatı və "Ukrayna xalq özünümüdafiəsi" Ümumukrayna ictimai təşkilatının (UNA-UNSO) millətçi döyüşçüləri iştirak edirlər.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ölkənin şərqində münaqişənin nizama salınması üzrə bir sıra ölçüləri təklif edib. ABŞ, Rusiya, Polşa, Almaniya və Fransa liderlərinə açıq məktub yazan Yanukoviçin sözlərinə görə, Minsk razılaşmaları Kiyev tərəfindən yerinə yetirilməyəcəyi halda, Donbasın statusu üzrə referendum keçirilməlidir.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyi təklif edib. Ukraynalı nazir təklifi Avropada həll olunmamış münaqişələr üzrə Təhlükəsizlik Şurasının iclasında Rusiyanı münaqişələrin tərəfi adlandırıb. Ukrayna xarici siyasət idarəsinin başçısı BMT Nizamnaməsinin 27-ci maddəsinin üçüncü bəndini xatırladıb. Həmin maddəyə görə, mübahisəli məsələdə iştirak edən tərəf qərarın qəbul olunması vaxtı səsvermədən çəkinməlidir.

“Krım Ukraynaya qaytarılana kimi Rusiyaya qarşı tətbiq olunan sanksiyalar davam edəcək”. Bu bəyanatla ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli çıxış edib.

Onun sözlərinə görə, Krım qaytarılana kimi NATO yeni üzvləri üçün qapılarını açıq saxlamalıdır.

Cənubi-şərqi Asiyada sular isinir. Dünyanın ən sıx dəniz yoluna təkbaşına nəzarət etmək istəyən Çin ABŞ və Cənub Asiyadakı qonşularına meydan oxuyur. Çin Cənubi Çin dənizində uzun mənzilli raket batareyalarının yerləşdiriləcəyi 20-dən çox bazanın inşasını tamamlamağa yaxındır.

Xəbər lenti