Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər.
Mynews.az-ın məlumatına əsasən, prezident və birinci xanım filialın rəmzi açılışını bildirən lenti kəsiblər.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.
Dövlətimizin başçısına məlumat verildi ki, buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Filialın xalça-satış salonunda isə “Azərxalça” ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub. Bu baxımdan milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Buna görə də hazırda Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının həmin sahənin daha da inkişafı ilə bağlı qəbul etdiyi qərarlar isə bu baxımdan xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərxalça” ASC-nin yaradılması bu istiqamətdə dövlət tərəfindən görülən işlərin məntiqi davamıdır. Bu qurumun əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkilidir. Bununla yanaşı, “Azərxalça” ASC xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini də qarşısına məqsəd qoyub. İlkin mərhələdə “Azərxalça”-nin bir neçə rayonda filiallarının yaradılması nəzərdə tutulurdu. ASC-nin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından ikisi - Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Hər iki filialın Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqətin nümunəsidir. Hazırda digər filialların binalarının tikintisi davam etdirilir. Bundan başqa, yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının öyrənilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb. Bütün bu işlər Azərbaycanda xalçaçılığın inkişafına böyük təkan verəcək, həmin sahəni stimullaşdıracaq, gənclər arasında xalçaçılığa olan marağı daha da artıracaq.
Sonra dövlətimizin başçısı filialın xalçaçıları ilə görüşüb.
13:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər.
Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, muzeyin inşasına 2017-ci ilin martında başlanılıb və tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeydə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlər, Azərbaycanın SSR və müstəqillik dövrlərində qəbul olunmuş konstitusiyaları, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da böyük maraqla qarşılanır.
Muzey Quba Bayraq Meydanında yerləşir. Meydanın ərazisi də abadlaşdırılıb və yaşıllıq sahələri salınıb. İndi bu ərazi də şəhərin gözəl və maraqlı yerlərindən birinə çevrilib.
Qeyd edək ki, bu cür layihələrin icrası Azərbaycanda dövlət atributlarına yüksək diqqət və qayğını aydın şəkildə nümayiş etdirir. Belə muzeylər gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onlarda dövlət rəmzlərinə, o cümlədən üçrəngli bayrağımıza olan məhəbbətin daha da artırılmasında mühüm rol oynayır.
Azərbaycanda dövlət atributlarına, o cümlədən üçrəngli, ay-ulduzlu bayrağımıza hörmət, sevgi və ehtiram ümummilli lider Heydər Əliyevin bizə ən böyük əmanətidir. Azərbaycanın şanlı bayrağının ucalarda dalğalanması üçün dahi şəxsiyyət tarixi işlər görüb. Məhz Ümummilli Liderin səyləri nəticəsində bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib. Prezident İlham Əliyev də dövlət atributlarına xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətində millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan paytaxtla yanaşı, bölgələrimizdə də müvafiq tədbirlər görülür. Belə işlər arasında Bayraq meydanları və muzeylərinin yaradılmasının böyük əhəmiyyəti var. Qubada yaradılan Bayraq Muzeyi də bu mənada xüsusi önəm daşıyır.
12:36
Prezident İlham Əliyev bu gün Quba rayonuna səfər edib.
Mynews.az-ın məlumatına görə, prezident və birinci xanım Mehriban Əliyeva əvvəlcə Heydər Əliyevin Quba şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.