İsrail ABŞ-la birgə istehsal etdiyi ən yeni "Tamir" raketi ilə təchiz edilmiş Hava Hücumundan Müdafiə (HHM) sistemi "Dəmir günbəz"in yenilənmiş variantını müvəffəqiyyətlə sınaqdan keçirib. Qeyd edək ki, Azərbaycanın da əldə etdiyi HHM sisteminin yeni raketinin sınaqlarının nəticələri bütün gözləntiləri üstələyib.
Virtualaz.org Amerika nəşri "Strategy Page"ə istinadən hələ 2017-ci ilin yanvarında yazmışdı ki, ABŞ İsrailin raket əleyhinə müdafiə sistemi "Dəmir günbəz"in üstünlükləri ilə maraqlanır. Nəticədə ABŞ "Dəmir günbəz"in təkmilləşdirməsinə 1 milyard dollar vəsait ayırdı. Bildirilirdi ki, bu investisiyalar Azərbaycan və ABŞ-ln sifarişçiləri olduğu həmin komplekslərin seriyalı istehsalını qaydaya salmağa kömək edəcək.
Və budur, "Dəmir günbəz" yenilənmiş sistemi göstərdi ki, amerikalılar tərəfindən qoyulmuş vəsait artıq özünü doğruldub. Yerli KİV-in bildirdiyi kimi, İsrail Amerika ilə birgə istehsal etdiyi ən yeni "Tamir" raketi ilə təchiz edilmiş "Dəmir günbəz"in yenilənmiş sistemini ölkənin cənubunda müvəffəqiyyətlə sınaqdan keçirib.
Sınaqlar İsrail Müdafiə Nazirliyi və Rafael Advanced Defense Systems konserni tərəfindən keçirilib. "Dəmir günbəz" poliqonda müxtəlif məsafələrdən buraxılmış bir neçə "Yer-Yer" raketini birdən vurub.
Yeri gəlmişkən, "Dəmir günbəz" təkmilləşdirməyə qədər də İsrail hərbi sənaye kompleksinin qüruru idi.
2009-cu ildən istismarda olan bu sistem özünü döyüşdə göstərə bilib. O, raketlərin trayektoriyasını tez müəyyən etmək üçün iki radardan istifadə edir, əgər raketin yaşayış olmayan əraziyə düşəcəyi məlum olursa, onu vurmur. Lakin əgər kompüterlər göstərsə ki, raket yaşayış məntəqəsinə və digər vacib obyektə düşəcək, o zaman idarəedilən "Tamir" raketi sistemdən start götürür və hədəfi məhv edir. "Dəmir Günbəz" eyni vaxtda bir neçə yüz hədəfi izləyə bilir və bu da sistemi iqtisadi baxımdan effektli edir.
"Tamir" raketinin uzunluğu 3 metr təşkil edir, diametri 160 millimetr, kütləsi 90 kiloqramdır, raket məsafədən idarə olunan partladıcı ilə təchiz edilib. Bir batareya "Dəmir Günbəz" atəşin idarə edilməsi, RLS və 3-4 buraxılış qurğusuna malikdir. Hər qurğuda 20 raket var.
"Günbəz"lərin alınmasına hərbi cəhətdən inkişaf etmiş ölkələr, məsələn ABŞ və Cənubi Koreya maraq göstərirlər. İsraillilərin özlərini isə sistemin effektiv işi, necə deyərlər, "soyudur": Qəzza sektorundan açılan atəşlər zamanı ölkənin cənub hissəsindəki şəhərlərin bəzi sakinləri qaçıb sığınacaqlara girmək əvəzinə "raket tutanlar"ın işini videoya çəkirlər...