Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.
Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
1992-ci ildə Müdafiə Naziri olmuş Tahir Əliyev Modern.az-a açıqlamasında həmin gecə baş verənlər barədə danışıb. O, bildirib ki, Xocalı faciəsinin törədilməsi siyasi məsələ idi:
“1992-ci ilin fevral ayının 24-də Müdafiə Naziri təyin edildim. Ayın 25-də də faciə törədildi. Həmin vaxt məndən əvvəlki müdafiə naziri Şahin Musayevi Ağdama göndərdim. Şahin Musayev o zaman general idi. Fevralın 25-dən başlayaraq, 26-sı, 27-si, 28-i tarixlərdə Şahin Musayev orada olmuşdu. Amma mən faciə baş verən gecə Xocalıda olmamışam. 8-10 gün əvvəl oradan çıxmışam. Amma vəziyyət çox pis idi.
Xocalı faciəsinin tördilməsi siyasi məsələ idi. MDB-yə daxil olmağımızla bağlı Azərbaycanın qarşısına konkret məqsəd qoyulmuşdu. Xocalı faciəsinin törədilməsi ilə bağlı Rusiyanın 366-cı motoatıcı alayına xüsusi göstəriş verilmişdi. Onlar da öz murdar niyyətlərini amansızlıqla həyata keçirdi”.
Tahir Əliyev, həmin gecə milli ordunun silahla təchiz olunması məsələsinə də aydınlıq gətirib: “Bizim ordunun yalnız avtomat silahı vardı. 366-cı alayın qarşısında avtomat necə tab gətirə bilərdi?! Bu, mümkün deyildi. Digər tərəfdən, Azərbycanın müdafiə nazirliyi yox idi. Yəni adı vardı, amma özü yox. Ona görə də hansı silahdan danışmaq olar?! Onlar Qradla, tankla, BMP-lə, ağır texnika ilə Xocalıya hücum etmişdilər. Xocalıda isə bizim həmin texniklardan yoxumuz idi. Xocalı blokadada idi. Ona görə də Xocalını müdafiə etmək qeyri-mümkün idi. Bircə yol hərbi vertolyotlarla dinc əhalini Xocalıdan çıxarmaq idi. O dövrdə isə hərbi vertolyotlarımız da yox idi”.
O zamankı hakimiyyətin ermənilər tərəfindən Xocalıda faciə törədilməsi məsələsindən xəbərdar olmasına gəlincə “Həmin vaxtlarda hər gün bir yer yandırılırdı. Kəlbəcərdə, Qubadlıda, Şuşada və digər bölgələrdə erməni təxribatı öz işini görürdü. Göstəriş bu formada verilmişdi. Bizim də təzyiqlərin qarşısını almağa hərbi qüvvəmiz yox idi. Ona görə də konkret xəbərdar olmağımızla bağlı versiyalar absurddur” - deyə keçmiş müdafiə naziri bildirib.