O, nə bahalı maşınlarda gəzir, nə də müştərilərini beşulduzlu otellərdə qarşılayırdı. Münasibət qurduğu qarşı cinsin nümayəndələrini elə öz evindəcə qəbul edirdi. Günlərin bir günü isə adi müştəri kimi təşrif buyuran şəxs sonda ev sahibəsinin əl-qolunu bağlayır, mənzildəki pulları da götürərək aradan çıxır.
Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda ittiham olunan 30 yaşlı Qəbələ rayon sakini Orxan İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.
İstintaqla müəyyən edilib ki, Orxan İsmayılov ötən ilin avqust ayının 19-da Nərimanov rayonu, F.Yusifov küçəsində yaşayan 53 yaşlı qadının mənzilinə gələrək onun əl-qolunu bağlayıb, evdəki 3900 dolları və mobil telefonu götürərək hadisə yerini tərk edib.
Törətdiyi cinayət əməlinə görə O.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib və Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Orxan İsmayılov ifadəsində restoranda ofisiant işlədiyini, hadisədən bir neçə ay öncə iş yoldaşı Vüqarın yüngül həyat tərzi sürən Mirvari Qasımova (ad və soyad dəyişdirilib) adlı qadının telefon nömrəsini ona verdiyini, həmin qadının şəxsi mənzilində pul müqabilində müştərilərlə görüşdüyünü bildirdiyini göstərib: "Nömrəni telefonun yaddaşına köçürmüşdüm. Hadisədən bir gün əvvəl zəng vurub görüşmək istədiyimi dedim, etiraz etmədi. Axşama "Nərimanov" metro stansiyasının yaxınlığına görüş təyin etsə də, gəlib çıxmadı. Parkda gözlədim, zəng vurdum, zəng çatmadı".
Tanımadığı, üzünü görmədiyi qadının onu parkda gözlətməsinə əsəbləşən O.İsmayılov Mirvaridən qisas almaq qərarına gəlib. Ertəsi gün yenidən zəng vurub, görüşmək istədiyini deyib. Mənzilin yerini dəqiq öyrəndikdən sonra oraya yollanıb. Mirvari ilə yaxınlıq etdikdən sonra qadının boğazını sıxaraq dünənki hərəkətinə görə "cəzalandırılacağını" söyləyib. Mənzil sahibəsi qışqırmaq istədikdə əli ilə onun ağzını qapayıb, səs-küy salmamağı tələb edib, evdə pulu olub-olmadığını soruşub. Qadın and-aman eləyərək cəmisi 10 manat pulu olduğunu deyib. Lakin Orxanı onun cavabına inanmayıb, qadının əl-ayağını mələfə ilə bağlayıb və mənzildə axtarış aparmağa başlayıb. Şkafın altını-üstünə çevirən müştəri oradakı çantanın içərisindən götürdüyü 39 ədəd 100-lük dolları şalvarının cibinə qoyub. Mənzildən çıxarkən ev sahibəsinə məxsus mobil telefonları da götürməyi unutmayıb.
Zərərçəkmiş şəxs qismində dindirilən Mirvari Qasımova ifadəsində tək yaşadığını, həyat yoldaşından ayrıldığını, öz mənzilində müştərilərlə pul müqabilində görüşdüyünü göstərib. Özünü "Elşən" kimi təqdim edən O.İsmayılov da onunla görüşmək üçün evinə gəlib. Amma digər müştərilərdən fərqli olaraq, əl-ayağını bağlayıb, pullarını aparıb: "Məni döyəcəyindən qorxdum, ona görə də, müqavimət göstərmədim. Əllərimi, ayaqlarımı bağladı, pulların, qiymətli əşyaların yerini soruşdu. Nə qızılım, nə də pulum olmadığını dedim. Yataq otağındakı şkafdan çantamı tapıb içərisindəki pulların hamısını götürdü. Gedərkən stolun üstündəki telefonlarımı da apardı".
Müştərinin mənzili tərk etməsinə arxayın olan ev sahibəsi çarpayıda var-gəl etməklə ayaqlarını ipdən aça bilib, ayağa qalxıb. Çılpaq olduğuna görə çarpayıdakı mələfəni dişi ilə qaldıraraq üzünə tutub. Bundan sonra üzbəüz mənzildə yaşayan qonşunun qapısını döyərək kömək istəyib: "Qonşum məni belə vəziyyətdə görüb evə dəvət etdi. Əllərimi açdı, içmək üçün su, geyməyə paltar verdi. Utandığımdan həqiqəti açıb söyləyə bilmədim. Yalandan dedim ki, guya kabel televiziyası şirkətinin əməkdaşı mənzilə daxil olub və məni bu hala salıb. Bundan sonra polisə müraciət etdim".
Zərərçəkmiş hazırda Orxan İsmayılovla barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını məhkəməyə bildirib. Məhkəmənin hökmü ilə Orxan İsmayılov 4 il müddətinə azadlıqdan məhrum edilib.