Azərbaycandakı Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) “Hewlett Packard Enterprise” (HP) şirkətinin dəstəyi ilə öz üzvləri üçün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəniniştirakı, diplomatik korpusun nümayəndələri də daxil olmaqla, təqribən 150 nəfərin iştirakı ilə tədbir keçirilib.
Mynews.az xəbər verir ki, R.Quluzadə Strateji Yol Xəritəsi ilə müəyyən edilmiş hədəflərə çatmaq üçün Bakıda və regionlarda genişzolaqlı şəbəkə qurulduğunu, yeni texnologiyalar - o cümlədən, LTE texnologiyası tətbiq olunduğunu qeyd edib. Azərbaycanın regionun ən təhlükəsiz Data Mərkəzinə malik olduğunu xatırladan nazir Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin qurulduğunu bildirib. Mərkəzin fəaliyyətinin genişləndirilməsi üçün bu yaxınlarda “Microsoft” şirkəti ilə memorandum imzalandığı diqqətə çatdırılıb.
Nazir müasir iqtisadi münasibətlər və inkişaf üçün İKT-nin tətbiqinin qaçılmaz olduğunu vurğulayıb. O, bunun üçün elektron mühitin genişləndirilməsinin vacibliyini qeyd edib.
“Elektron xidmətlərin cəmləşdiyi vahid platforma olan “Elektron hökumət” portalı vasitəsilə ümumilikdə 89 qurum tərəfindən vətəndaşlara 440 elektron xidmət göstərilir. Bu say daim artırılır. Portalın daimi istifadəçilərinin sayı 700 mindir. Ümumilikdə elektron xidmətlərə müraciət sayı isə 60 milyonu ötüb. Bilirsiniz ki, elektron mühitin inkişafı üçün vacib infrastrukturlardan biri də elektron imzadır. 2019-cu ildə yeni nəsil şəxsiyyət vəsiqələrinin vətəndaşlara verilməsi nəzərdə tutulur ki, bu şəxsiyyət vəsiqələrində e-imza sertifikatlarının yerləşdirilməsi təmin ediləcək. Hesab edirəm ki, şəxsiyyət vəsiqələrində e-imzanın tətbiqi elektron xidmətlərin və mühitin inkişafına çox müsbət təsir edəcək. “Elektron imza” sertifikatlarının ölkələr arasında qarşılıqlı tanınması ilə bağlı ardıcıl işlər aparılır və inanırıq ki, bu, iş adamları üçün yeni imkanlar açacaq. İKT sektorunda həyata keçirilən işlərin nəticəsi kimi, beynəlxalq reytinqlərdə əldə etdiyimiz göstəriciləri də diqqətinizə çatdırmaq istərdim”, - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının 2017-ci il üçün İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutur: İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında isə 2-ci yerdədir. Nəzərinizə çatdırım ki, Azərbaycan əhalisinin təqribən 80%-i internet istifadəçisidir və ölkəmizdə mobil rabitə abunəçilərinin sayı əhalinin 106%-ni təşkil edir”.
Sektor üzrə həyata keçirilən digər layihələrdən danışarkən nazir “Elektron ticarət”in inkişafına hesablanan “Poçt HUB” layihəsini qeyd edib. O bildirib ki, layihəyə əsasən, Çindən sifariş olunan e-ticarət məhsulları "Silk Way" aviaşirkəti vasitəsilə Azərbaycana gətirilir, “Azərpoçt” bu məhsulları tranzit mərkəzdə çeşidləyir və ünvanı üzrə göndərir. Hazırda dünyanın 17 ölkəsi ilə, o cümlədən ABŞ-la bu istiqamətdə əməkdaşlıq edilir.
Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsindən danışan R.Quluzadə bildirib ki, bu il “Bakutel-2017” sərgi-konfransı çərçivəsində iştirakçı ölkə və operatorlarla həlledici görüş keçirilib və layihənin reallaşdırılması üçün birgə büdcənin yaradılması tam olaraq razılaşdırılıb.
Bundan başqa, nazir regionda ilk olaraq Azərbaycanda ən effektiv və müasir səviyyədə sterilizasiya aparılmasına imkan verən yüksək gücə və məhsuldarlığa malik Radiasion Sterilizasiya qurğusu yaradıldığını və bunun iş adamlarına beynəlxalq standartlara cavab verən steril məhsullar istehsal etməyə imkan yaratdığını bildirib.
Startapçılar üçün münbit şərait və ekosistem yaradıldığını deyən R.Quluzadə bunu dövlətin innovativ iqtisadiyyatın perspektiv inkişafına ən real dəstəyi kimi qiymətləndirib. O, yeni İnnovasiya Mərkəzinin yaradılmasının planlaşdırıldığını da qeyd edib.
Azərbaycanın beynəlxalq tranzit daşımalar üçün əlverişli coğrafi mövqeyə malik olduğunu vurğulayan nazir yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolunu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol adlandırıb: “Bu gün ölkəmizdə avtomobil yolları yenilənir. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına investisiya qoyulur. Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının inşasını xüsusi qeyd etmək istərdim. Bu layihə Azərbaycanın tranzit nəqliyyat-logistika qovşağına çevrilməsində böyük əhəmiyyətə malikdir”.