Bu günlərdə KİV-lərdə məlumat yayıldı ki, Azərbaycan "arzuolunmaz şəxslər siyahısı"na yeni adlar daxil edəcək. Çünki işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma referendumu müşahidə etmək üçün xarici ölkələrdən xeyli əcnəbi vətəndaş gəlib.
Mynews.az xəbər verir ki, Milli.az-ın yazdığına görə əslində Ermənistanın da istəyi elə budur. Yəni guya ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Aleksandr Lapşinin Belarusda həbs olunaraq Azərbaycana ekstradisiya edilməsinə baxmayaraq, Dağlıq Qarabağa səfər edənlərin sayında heç bir problem yoxdur, gələnlər yenə də var. Əslində, problem var. Artıq çoxları ayılıb və aldadılaraq ermənilərin feilinə uymaq istəmir. Ora gedənlər isə yalnız artıq çoxdan Azərbaycan tərəfindən "persona non qrata" elan edilmiş adamlardır. Yəni elələri var ki, "islanmışın yağışdan nə qorxusu?" prinsipi ilə hərəkət edir.
Məsələn, Lüksemburq vətəndaşı və Avropa Parlamentinin üzvü olan Frank Engel adlı biri var. Onunla bağlı, demək olar ki, hər şey bəllidir. Yəni adamın adı çoxdan "qara siyahı"dadır, istərsən onun adını 10 dəfə də ora yazsan, onsuz da, elədiyini edib.
Yeniləri qismində isə yalnız 2-3 nəfərdən söhbət gedə bilər.
Mövzu ilə bağlı məsələyə aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN tərəfindən hazırlanan "arzuolunmaz şəxslərin siyahısı"nda hal-hazırda xarici ölkələrin 620-ə yaxın vətəndaşının adı var. Bu siyahıya yalnız Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslər daxil edilir:
"Ermənistan tərəfi idda edir ki, qondarma referenduma xarici ölkələrdən müxtəlif şəxslər səfərlər ediblər. İlkin araşdırmalar onu deməyə əsas verir ki, Ermənistan tərəfindən qondarma referendumla bağlı səfəri təşkil olunan şəxslərin əksəriyyətinin adı çoxdan "arzuolunmaz şəxslər siyahısı"ndadır. Bunlar öz fəaliyyəti ilə birbaşa Ermənistanın təsiri altında olduğunu, həmçinin ermənilərin lobbi dairələri ilə bağlı olduqlarını sübut etmiş şəxslərdir. Orada yalnız bir neçə nəfər ola bilər ki, hazırda onlar barəsində əlavə məlumat toplanılır. Əgər onlar da bu qəbildən şəxslər olsalar, təbii ki, "arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcəklər. Ermənistan qəsdən şişirtmək istəyir ki, guya bu "referendum"u müşahidə etmək üçün ora çoxsaylı əcnəbilər gəlib. Təbii ki, bu, təbliğat məqsədilə deyilir. Bura gələnlərin mütləq əksəriyyəti Ermənistanın təsiri altında olan və adı artıq "arzuolunmaz şəxslər siyahısı"nda olan şəxslərdir".
H.Hacıyev qeyd edib ki, adları "arzuolunmaz şəxslər siyahısı"na daxil edilmiş fərdlərin fəaliyyəti kompleks şəkildə nəzərdən keçirilir və fəaliyyətində cinayət tərkibli elementlərin olması araşdırılır: "Ondan sonra zəruri bilindikdə hüquqi təqib mexanizmləri həyata keçirilir. Məsələn, Aleksandr Lapşinlə bağlı məsələdə olduğu kimi. Ona görə də növbəti mərhələlərdə ölkəmizin hüquq-mühafizə orqanları ilə əlaqələndirilmiş şəkildə "arzuolunmaz şəxslər siyahısı"ndakı fərdlərin fəaliyyəti kompleks şəkildə qiymətləndirilərək cinayət tərkibi olanlar barəsində lazımi təqib mexanizmləri tətbiq ediləcək və edilir də.
Lapşin kimi digər şəxslərin də barmaqlıqlar arasında düşməsi ehtimalına gəlincə, bu istiqamətdə məsələlərə baxılır. Amma yenə də faktlar fərdi əsasda qiymətləndirilir. Onların barəsində cinayət tərkibli elementlər ətraflı araşdırılır, ondan sonra Azərbaycanın əleyhinə xüsusi canfəşanlıq göstərənlərə qarşı əlavə lazımi hüqiqi tədbirlər görülür".