USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sahibə Qafarova: Məsuliyyətsiz siyasətçilərin addımları fəsadlar verir

11:05 27.01.2018
Sahibə Qafarova: Məsuliyyətsiz siyasətçilərin addımları fəsadlar verir
11:05 27.01.2018

Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrıseçkiliyi alovlandıran, faşizmi təbliğ edən çağırışlar qətiyyətlə pislənməlidir.

Mynews.az xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova qurumun  sərbəst debatlarında çıxışı zamanı deyib.

“Hər hansı bir dinin adının terrorla birlikdə çəkilməsi, müqəddəs dinlərin terror dini kimi xarakterizə olunması yolverilməzdir. Bütün dinlər, o cümlədən İslam dini sülh və barışı tərənnüm edir, insanları sülh şəraitində birgəyaşayışa, ədalətli olmağa çağırır” - deyən millət vəkili bildirib ki, Avropa dəyərlərinin formalaşmasında müsəlmanların böyük rolu, qitənin çoxəsrlik tarixində müsəlman alim və ziyalılarının, tarixi şəxsiyyətlərinin xidmətləri hamıya məlumdur:

“Bu gün bəzi siyasətçilərin hansısa dini hədəfə alıb rasizmi, ksenofobiyanı təşviq edən fikirlər səsləndirməsi gələcəkdə təhlükəli nəticələr doğura bilər. Bizi əhatə edən coğrafiyada, o cümlədən Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrıseçkiliyi alovlandıran, faşizmi təbliğ edən çağırışlar qətiyyətlə pislənməlidir. İslamofobiyanı bir dinin təmsilçilərinin problemi kimi görmək kökündən qüsurlu yanaşmadır”.

Deputatın  bildirdiyinə görə, bugünkü Avropanın sabit mühiti heç də asan təmin olunmayıb:

“Bu mühit milyonlarla qurban verilərək, çox ağır məhrumiyyətlərlə əldə olunub. Bu gün isə bəzi məsuliyyətsiz siyasətçilərin səhvləri ucbatından yenidən o fəsadları yaşamağı heç kim istəmir. Ortaq evimiz olan Avropanı yenidən irqi, dini, milli ayrıseçkiliyin tüğyan etdiyi, ayrıseçkiliyin bütün cəmiyyətlərə bədbəxtlik gətirdiyi həmin illərə qaytarmaq heç kəsə fayda verməyəcək. İslamofobiyanın, diskriminasiyanın yayılmasının, onların qarşısının alınmasının əsas yolu multikulturalizm dəyərlərini, mədəniyyətlərarası dialoqu təbliğ etməkdir”.

Ölkəmizdəki multikultural və tolerantlıq mühiti haqqında məlumat verən S.Qafarova bildirib ki, Azərbaycan müsəlmanların mütləq çoxluq təşkil etdiyi dünyəvi və suveren ölkədir.

“Azərbaycan bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr edir. Bu yanaşma bizim ənənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Ölkəmizdə yaşayan müxtəlif dinlərin və xalqların nümayəndələrinə dövlət qayğı ilə yanaşır, onlar qanun qarşısında bərabərdir və eyni hüquqlara malikdirlər. İnsanlar heç vaxt dini və etnik mənsubiyyətinə görə pis rəftarla qarşılaşmırlar. Azərbaycanda məscid, kilsə və sinaqoqlar bərabər fəaliyyət göstərir. Əgər Azərbaycan dövləti buna nail olubsa, deməli, bunu etmək mümkündür. Fərqlilikləri qorumaq, təşviq etmək xalqları yalnız zənginləşdirə bilər”, - deyə S. Qafarova vurğulayıb.


Xəbər lenti