Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının(AŞPA) qış sessiyası öz işinə başlayır. Mynews.az AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 27-dək davam edəcək sessiyanın ilk günü qurumun prezidenti və vitse-prezidentləri, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri vəzifələrinə seçkilər keçiriləcək. Həmçinin, Türkiyədə və Ukraynada demokratik təsisatların fəaliyyəti, Suriyada vəziyyət və onun qonşu ölkələrə təsiri, eləcə də Livanda vəziyyət, regional sabitlik, Avropada təhlükəsizlik çağırışları və Qəzzada humanitar böhran kimi mövzular müzakirə olunacaq. Eyni zamanda Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı təhdidlər, internet media və jurnalist fəaliyyətində hesababtlılıq və çağırışlar, kiber ayrı-seçkilik və internet vasitəsilə nifrət çıxışlarına son qoyulması kimi mövzularda sessiyanın gündəliyinə daxil edilib. Assambleya, həmçinin ölkələr üzrə monitorinq mexanizmlərinin inkişafı məsələlərinə də diqqət yetirəcək.
Sessiyada Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han, Kipr prezidenti Nikos Anastasiadis, Rumıniya Prezidenti Klaus Yohannis çıxış edəcək.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu sessiyada iştirak edir.