Ordumuz ermənilərin qərargahını darmadağın edib. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Moskvaya səfərin tarixi məlum olub. Azərbaycan Pakistandan döyüş və təlim təyyarələri alır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” analitik mərkəzi Dağlıq Qarabağda baş verən toqquşmaları şərh edib. Suriyada nisbi sakitlik müşahidə edilsə də, mövcud situasiya proseslərin təhlükəli istiqamətdə inkişaf etdiyini göstərir.
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov martın 6-da Moskvaya səfər edəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.
O, səfərin Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti əsasında baş tutduğunu bildirib.
Mariya Zaxarova bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələri davam etdirir.
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə istiqamətlənən prinsipial mövqeyini bilirsiniz. Bu mövqe həmçinin sənədlə qeydə alınıb. Biz mövqeyimizə sadiqik", - Zaxarova Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hərbi toqquşmaları şərh edərkən bildirib.
Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq, erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.
Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.Müdafiə Nazirliyindən verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.
Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, həmçinin Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi dəqiq atəşlə məhv edilib.
Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərinin vaxtı məlum olub. "İzvestiya" nəşri İrəvandakı diplomatik mənbələrə istinadən Sarkisyanın martın 14-də Moskvaya səfər edəcəyini yazıb.
Kremlin mətbuat katibi Dmitri Peskov da bu məlumatı təsdiqləyib. Ümumilikdə Serj Sarkisyanın Moskva səfərində açıq qalan suallar var.
“Ermənistan prezidenti Serj Sarkisyan işğal olunmuş Azərbaycan ərazilərini qaytarmaq fikrindədir”. Bu barədə Ermənistanda I Qarabağ döyüşçüsü Arkadi Karapetyan deyib.
Karapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın “güzəşt edilməsi” haqda dediyi sözləri şərh edərkən, bildirib ki, prezident Serj Sarkisyan da eyni düşüncədədir: “Ohanyan kimdir? Seyran Ohanyan və Serj Sarkisyan eyni ağacın meyvələridir. Sarkisyan da eyni şeyi istəyir”.
Keçmiş erməni döyüşçü Ermənistanın Azərbaycana məğlub olduğunu qeyd edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” analitik mərkəzi Dağlıq Qarabağda baş verən toqquşmaları şərh edib.
Analitik mərkəz Rusiyanın son zamanlar Dağlıq Qarabağ münaqişəsində əsas arbitr kimi öz mövqelərini möhkəmləndirdiyini yazıb: “Moskva Azərbaycan və Rusiyada öz strateji maraqlarının inkişafı üçün Qarabağ münaqişəsindən istifadə edə bilər. Azərbaycan status-kvonu dəyişmək və danışıqların yenilənməsi üçün Rusiya ilə sıx əməkdaşlıq edir. Çünki əraziləri yalnız bu yolla qaytarmaq mümkündür. Lakin Rusiya da bu vəziyyətdən istifadə edərək, Azərbaycanda öz maraqlarının gücləndirə bilər”.
Məqalədə Ermənistanın Rusiyadan asılılığına diqqət çəkilir.
Azərbaycan Pakistandan döyüş və təlim təyyarələri alır. Bu istiqamətdə artıq danışıqlar yekunlaşıb, sənədləşmə işləri aparılır. Proses başa çatdıqdan sonra “JF -17 Thunder” döyüş və "Super Mushshak" təlim təyyarələri Azərbaycana yola salınacaq.
Obamadan sonra Donald Trampın qana boyanmış və xaosun hökm sürdüyü Yaxın Şərqdə nə edəcəyi maraqlıdır. Tramp hərbi müdaxilə yolunumu tutacaq, yoxsa, tam əksinə, Yaxın Şərqi öz başına buraxacaq?
ABŞ-da Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) Yaxın Şərq proqramının direktoru, Rusiya prezidenti Vladimir Putinin “Valday” klubunun eksperti Con Altermanom ABŞ-ın Yaxın Şərq planlarını şərh edib.
Suriyada nisbi sakitlik müşahidə edilsə də, mövcud situasiya proseslərin təhlükəli istiqamətdə inkişaf etdiyini göstərir. İŞİD terror qruplaşmasının de-fakto paytaxtı olan Rakkanın azad edilməsi əməliyyatında hansı güclərin iştirak edəcəyi hələlik sual olaraq qalır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə dəqiq planının olmadığını deyib. "Deyə bilmərəm ki, ABŞ-ın Rakka ilə bağlı dəqiq planı var. ABŞ Baş Qərargahının rəisi və MKİ direktorunun Türkiyəyə səfəri zamanı bu prosesdə müəyyən addım atıldı, lakin biz bunu "ilkin addım" adlandırıla bilərik", - Ərdoğan bildirib.
Dövlət başçısı bildirib ki, əsasən kürd qoşunlarından ibarət olan "Suriya Demokratik Qüvvələri" silahlı koalisiyası Rakkanın azad edilməsi əməliyyatında iştirak etməməlidir: "Bu bizim üçün qəbuledilməzdir".
Ankarada jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, YPG Münbicdən çəkilməsə, vurulacaq.
“Əl-Babdan sonra Münbicə doğru hərəkət edəcəyik. Məqsəd şəhərin əsl sahiblərinə qaytarılmasıdır. Münbiç əməliyyatımız hələ başlanmayıb. ABŞ hərbi birliklərinin bölgədə olduğunu bilirik. ABŞ-dan tələbimiz YPG-nin dərhal Münbiçi tərk etməsi ilə bağlıdır”, - o bildirib.
Türkiyə xarici siyasət idarəsinin başçısının sözlərinə görə, Rakka əməliyyatını YPG ilə həyata keçirmək Suriyanın gələcəyini riskə atmaq deməkdir:
“Bu, bir terror düşərgəsinin yaranmasını təmin etməkdir. Bizim bu mövzudakı mövqeyimiz son dərəcə dəqiqdir, qətidir”.
Nazir Münbicdə ABŞ-la Türkiyənin toqquşma ehtimalını da qiymətləndirib:
“Bura ABŞ-ın torpaqları deyil, biz ABŞ əsgərləri ilə niyə qarşı-qarşıya gələk? Əgər ABŞ YPG-ni müttəfiq olaraq seçsə, o başqa məsəl. Elə bir razılaşmanın olmadığını bilirik”.
Rusiyanın Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Suriya qoşunları Palmiranın alınması üzrə əməliyyatı başa çatdırıb. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə şəhərin alınması barədə məlumat verib.
ABŞ prezidenti Donald Trampın administrasiyası Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı hərbi güc tətbiqini istisna etmir. Bu haqda “The Wall Street Journal” nəşri yazıb.
Nəşrin məlumatına görə, Vaşinqton hazırda Pxenyana qarşı atıla biləcək mümkün ölçüləri araşdırır. Bildirilir ki, bu ölçülər arasında həmçinin KXDR-də rejimin dəyişdirilməsi də var.
Ədliyyə naziri Jeff Seşnzın prezident Donald Trampın seçki kampaniyası zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü ortaya çıxıb.
ABŞ Konqresinin respublikaçı və demokratlardan ibarət komitəsi seçki kampaniyası zamanı Rusiya ilə əlaqələrin təhqiqata cəlb olunması qərarı verib.
Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin 2017-ci ilin əvvəlindən dörd dəfə telefonla danışıblar. Bu haqda mənbələrə istinadən “Kommersant” nəşri bildirib.
Mənbələrə görə, sonuncudan əvvəlki danışıq fevralın 11-də baş tutub. Son danışıq isə fevralın 21-də Ukrayna tərəfinin təşəbbüsü ilə reallaşıb və təxminən 20 dəqiqə davam edib.
Həmçinin bildirilir ki, Moskva və Kiyev arasında Donbas münaqişəsinin nizama salınması üzrə fikir ayrılıqları qalır.
Ukrayna Prezident Administrasiyası da telefon danışıqlarının olduğunu təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyi Krım yarımadasındakı hərbi hissələrində döyüş hazırlığının qəfildən yoxlanılması məqsədilə həyəcan siqnalı verib.
Bundan başqa, həyacan siqnalı Çeçenistan Respublikası və Dağıstan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə verilib. Döyüş hazırlığının qəfildən yoxlanılmasına təxminən üç min hərbi qulluqçu, həmçinin silah və hərbi texnikanın mindən çox vahidi cəlb edilib.