ECO toplantısındakı səsvermədə Bişkək Ermənistana dəstək nümayiş etdirib; rəsmi Bakıdan etiraz gəldi...
Qırğızıstan hökumətinin Azərbaycanla bağlı tutduğu mövqe rəsmi Bakının etirazına səbəb olub. Söhbət Bişkəkin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmamasından gedir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məsələyə reaksiya verib.
“Qırğızıstanın kimin dəyirmanına su tökməsi ciddi sual doğurur”. Bunu «Trend»ə müsahibəsində nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmamasına münasibət bildirərkən deyib.
H.Hacıyevin sözlərinə görə, ECO-nun Zirvə toplantısının bəyanatında üzv dövlətlər tərəfindən açıq şəkildə bildirilir ki, ECO məkanında münaqişələrin mövcudluğu iqtisadi inkişafı və əməkdaşlığı əngəlləyir: “Bundan əlavə, bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunur. Ümumiyyətlə, iqtisadi inkişaf və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvü bağlılığı bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, BMT-nin Davamlı İnkişaf Konsepsiyasının təməlini təşkil edir. Ona görə də Qırğızıstanın mövqeyi qətiyyən başadüşülən deyil. Bu mövqe ilə Qırğızıstanın kimin dəyirmanına su tökməsi də ciddi sual doğurur”.
Qeyd edək ki, Ermənistan mətbuatı müsəlman və türk respublikanın anti-Azərbaycan siyasətindən xeyli məmnun olublar və bununla bağlı xəbərlər yayıblar. Qırğız hökumətinin nədən belə davrandığına gəldikdə, məsələ ilə bağlı ekspertə müraciət etdik.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Qırğızıstanın sammitdə qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmaması ciddi suallar doğurur: “İslam dövlətləri ECO məkanında münaqişələrin mövcudluğunun iqtisadi inkişafı və əməkdaşlığı əngəllədiyini yekdilliklə qəbul edərkən Bişkək fərqli mövqe ortaya qoyub. Bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunub. Bu, ümumi prinsiplərdir. Qırğızıstan bu prinsipin əleyhinə getməklə Ermənistanımı sudan qurumu çıxarmaq istəyir?”
E.Şahinoğlu bir məqama da diqqət çəkdi: “Ümumiyyətlə, Qırğızıstan birinci dəfə deyil ki, Ermənistana diqqət nümayiş etdirir. Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev vaxtilə İrəvana səfər edərək ”soyqırım" abidəsinə gül-çiçək qoymuşdu. Halbuki Qırğızıstanın Ermənistanla elə bir iqtisadi əlaqələri və ya ortaq layihələri də yoxdur ki, deyəsən ki, Bişkək İrəvana bu şəkildə yaltaqlanır. Görünür, Qırğızıstan Rusiya və Ermənistanla birgə Avrasiya İqtisadi Birliyində, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer aldığı üçün İrəvana nəvaziş nümayiş etdirir. Qazaxıstan və Belarus da eyni qurumların üzvüdürlər. Ancaq hər ikisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın siyasətindən narazıdırlar. Görünür, Qırğızıstan Pakistandakı toplantında Azərbaycana dəstək verməməklə Rusiyaya mesaj yollayır ki, “görürsünüz, Ermənistanın təklənməsinə imkan vermirəm”. Əslində Qırğızıstanın prezidenti Almazbek Atambayev Serj Sərkisyan qədər Rusiyaya vassallıq etmək istəyir".
Politoloq Bişkəkin son davranışlarından bəhs edərkən bir səhnəni də xatırlatdı: “Bir neçə gün öncə Almazbek Atambayev Bişkəkdə rusiyalı həmkarı Vladimir Putini elə qarşıladı ki, sanki qarşısında atası və ya yaxın qohumudur. Putin onun, sadəcə, əlini sıxmaq istəyərkən, Almazbek Atambayev onu bərk-bərk qucaqladı. Bu səhnə hətta rusiyalı jurnalistləri də şoka saldı. Birgə mətbuat konfransında isə Almazbek Atambayev Rusiyanın hərbi bazasına necə yer ayırmalarından ağız dolusu danışırdı. Beləliklə, türkdilli dövlət başçısı öz qardaşının torpağını işğal edən dövlətə daha çox sədaqət göstərir. Belə qardaşdansa, işğala görə Ermənistanla diplomatik münasibəti olmayan Səudiyyə Ərəbistanı ilə əlaqələrin intensivləşdirilməsi bizim üçün daha vacibdir”.
Musavat.com