Əcnəbilərin Qarabağda qanunsuz fəaliyyətlə bağlı cinayət işi başlandı

580
Əcnəbilərin Qarabağda qanunsuz fəaliyyətlə bağlı cinayət işi başlandı

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində hüquqi şəxslərin qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmalarına dair Azərbaycan Xarici İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, aparılmış araşdırmalarla İsveçrə, Bolqarıstan, Uruqvay, Argentina, Rumıniya və digər ölkələrin bir sıra şirkətlərinin, o cümlədən “Haik Watch and Jewelry Co”, “Rodino Haskovo” JIC, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd” və “Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Xankəndi, Şuşa şəhərləri, Laçın, Kəlbəcər rayonları və digər yaşayış məntəqələrində Azərbaycanın qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla apardıqları fəaliyyətləri ilə külli miqdarda ziyan vurmalarına və qanunsuz gəlir əldə etmələrinə, habelə işğalın möhkəmləndirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn hərəkətlər etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Həmin faktlar üzrə Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Azərbaycan Baş Prokurorluğu beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etməklə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan, habelə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan şəxslərə qarşı zəruri tədbirləri bundan sonra da davam etdirəcək.

Xəbər lenti