Martın 13-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyası Federal Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşüb.
Mynews.az xəbər verir ki, Azərbaycan ilə İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu deyən Milli Məclisin sədri dövlətlərimiz və parlamentlərimiz arasındakı sıx münasibətlərin gündən-günə inkişaf etdiyini bildirib. “Sevindirici haldır ki, əməkdaşlığımızın daha da dərinləşməsi üçün qarşılıqlı siyasi iradə var. Bu, özünü dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərində, aparılan danışıqlarda göstərməkdədir”, - deyə O.Əsədov əlavə edib.
Sədr deyib ki, F.Lombardinin Milli Məclislə dostluq qrupunun rəhbəri kimi ölkəmizə səfəri və Bakıda keçirilən ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında iştirakı böyük əhəmiyyət kəsb edir. O.Əsədov ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaradılmasının 100 illiyi astanasında olduğunu deyib və ilk parlamentin fəaliyyəti barədə qonağa məlumat verib.
Bildirilib ki, bu il aprelin 11-də müstəqil Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkiləri müşahidə etmək üçün nüfuzlu beynəlxalq qurumların nümayəndələri də ölkəmizə dəvət olunublar. Sədr bu mühüm siyasi kampaniyanın azad və demokratik şəkildə keçirilməsi üçün lazım olan hər cür şəraitin yaradıldığını bildirib. Qeyd edilib ki, Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlərdə müsbət dinamika müşahidə olunur. Bu məqsədlə hökumətlərarası birgə komissiya da yaradılıb.
Milli Məclisin spikeri ikitərəfli əlaqələrin inkişafında parlamentlərin roluna diqqət çəkərək, bu sahədə dostluq qruplarının fəaliyyətini müsbət dəyərləndirib. O, hər iki ölkə parlamentində belə qrupların fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, qrup üzvlərinin qarşılıqlı səfərləri, beynəlxalq qurumlarda mütəmadi görüşləri parlamentlərarası münasibətlərin inkişafına müsbət təsir göstərir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İsveçrə Konfederasiyası Federal Assambleyasının Azərbaycanla Parlamentlərarası dostluq qrupunun rəhbəri Filippo Lombardi ölkəmizə səfər çərçivəsində Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluq duyduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın qədim İpək Yolunun bərpası istiqamətində atdığı addımlar onlar tərəfindən yüksək dəyərləndirilir. Konfransda müzakirə olunan məsələlər qarşıya qoyulan məqsədlərə çatmaq üçün önəmli rol oynayır.
Qonaq ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən parlamentlər səviyyəsində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib. Bildirib ki, İsveçrə parlamenti gələcəkdə də Azərbaycan Milli Məclisi ilə münasibətlərin daha da dərinləşməsi üçün gərəkli addımlar atmaq niyyətindədir.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, siyasi, iqtisadi, mədəni, elm, təhsil sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli barədə fikir mübadiləsi aparılıb.