Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anarı 80 illiyi münasibətilə təbrik edib.
Mynews.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli Anar müəllim! Sizi – Azərbaycanın görkəmli yazıçısını və tanınmış ictimai xadimini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Sizin istedadlı nasir, publisist və dramaturq olaraq çoxəsrlik ənənələrə malik ədəbiyyatımızın daha da zənginləşməsində müstəsna xidmətləriniz var. Ən müxtəlif janrlarda qələmə aldığınız əsərlərdə Siz söz sənətkarlarına məxsus yüksək məharətlə müasirlərimizin mənəvi aləminin dolğun təsvirinə nail olmuş, ardıcıl ədəbi-fəlsəfi axtarışlarınızla bədii fikrimizin yeni inkişaf mərhələsinin yaradıcılarından biri kimi səmərəli fəaliyyət göstərmisiniz.
Mövzu aktuallığı, üslub fərdiliyi, dil səlisliyi və dərin həyatiliyi ilə səciyyələnərək yüksək əxlaqi keyfiyyətlər aşılayan nəsr əsərlərinizin geniş oxucu auditoriyasının zövqünün formalaşmasında təsiri təqdirəlayiqdir. Daim rəğbətlə qarşılanan səhnə əsərləriniz və dahi şəxsiyyətlərimizin ömür yolunu özünəməxsus parlaq boyalarla canlandıran kinossenariləriniz şöhrətinizi daha da artırmışdır. Hər biri uzunmüddətli araşdırmanın məhsulu olub ədəbi-mədəni fikir tariximizin bütün məqamlarını ehtiva edən məqalə və esseləriniz intellektual potensialınızın aydın təzahürüdür.
Dilimizin saflığının qorunması uğrunda mübarizə yaradıcılığınızın mühüm istiqamətlərindən birini təşkil etmişdir. Xalqımızın böyük sənətkarlarının övladı olmaqla yeni tarixi şəraitdə azərbaycançılıq məfkurəsinin inkişafında xidmətləriniz danılmazdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsində Siz otuz ildən bəri uğurla çalışmaqdasınız. Ümidvaram ki, ölkəmizin mədəni-ictimai həyatında bundan sonra da fəal iştirakınızla gənc ədəbi nəslin milli ideyalara bağlılıq ruhunda yetişməsi üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub