"Bu qırıcılar Azərbaycana kəm baxan gözlər üçün çox ağır bir silahdır" - VİDEO

806
"Bu qırıcılar Azərbaycana kəm baxan gözlər üçün çox ağır bir silahdır" - VİDEO

Rusiya Strateji Araşdırmalar İnstitunun iqtisadiyyat və müdafiə siyasəti şöbəsinin başçısı İvan Konovalov Azərbaycanın Pakistandan aldığı silahların keyfiyyətsiz olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycanın alacağı silahlar Çinin istehsal etdiyi yüksək keyfiyyətli silahların surətidir:

“Pakistanın silah istehsalı sahəsi çox yaxşı inkişaf etməyib. Onların texnologiyaları ikiqat və ya üçqat kopyalamanın nəticəsidir. Çin Rusiyanın silahlanma texnologiyalarını kopyalayıb, Pakistan da Çinin. Pakistan raketlərindən və qırıcılarından, onların keyfiyyətindən danışmaq olmur. Mosvka İrəvana “İskəndər” silahını verəndən sonra Bakı hansısa raketi əldə etməyə çalışır”.

“Bu raketlər köhnə Sovet raketlərinin klonlarıdır, Çin texnologiyaları hesabına müasirləşib. Yəni, Azərbaycanın Pakistandan alacağı silahlar Bakı ilə İrəvan arasındakı balansı poza bilməz. Azərbaycan yalnız həcmdə qalib gələ bilər, silahlanmada heç vaxt qalib gələ bilməz. Ermənistan üçün indi əsas hədəf öz aviasiyasını yaratmaqdır. Düşünürəm ki, Ermənistanda da bununla məşğul olurlar”.

Azərbaycanın Paksitandan aldığı qırıcı həqiqətənmi keyfiyyətizdir? Pakistanın silah istehsalı bu qədərmi zəifdir?

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, rusiyalı politoloq və ekspertlər yalnız Rusiya hərbi sənaye kompleksinin məhsullarını tərifləməklə məşğuldurlar:

“Aydındır ki, onlar öz ölkələrinin maraqları çərçivəsində fikir səsləndirirlər. Azərbaycan bu məsələlərdə o qədər də naşı deyil. Azəraycanın almaq istədiyi, əldə etdiyi silahların hamısı ən müasir tələblərə cavab verən silahlardır. Bildiyimiz kimi Pakistanın hərbi sənaye kompleksi dünyanın ən inkişaf etmiş hərbi sənaye komplekslərindən biridir. Azərbaycan Prezidentinin İslamabadda Pakistann baş naziri ilə görüşündə bu məsələlər müzakirə olundu. Azərbaycanın müdafiəsi və təhlükəsizliyi üçün nə lazım idisə, o görüşdə razılaşdırıldı. Azərbaycan bu silahların bir hissəsini əldə edib, bir hissəsini isə yaxın zamanlarda əldə edəcək. Biz kiməsə baxıb öz işlərimizi qurmuruq. Yaxud da kiminsə məsləhəti ilə hansısa addımlar atmırıq. Haqqında danışılan o «JF-17 Thunder» qırıcıları yeni nəsil təyyarələrdən biridir. Pakistan da Çin istehsalı olmasına baxmayaraq, çox ölkələrlə yanaşı həmin qırıcıları istehsal edib. Pakistanın tək nüvə silahına malik olması bu ölkənin hansı böyük bir gücə sahib olmasının göstəricisidir. Yerindən duran öz bazarını tərifləməyə çalışır. Rusiyalı ekspertlər də ancaq imkanları geniş olan dövlətləri gözdən salmağa çalışırlar. Biz onların sözləri ilə gedib kiminləsə əlaqə qurmuruq. Biz öz yolumuzla gedirik və gedəcəyik də. Nə qədər ki, Qarabağ məsələsi həllini tapmayıb, heç kim bizi bu yoldan çəkindirə bilməz. Rusiyalı hərbi ekspert və politoloqların dediklər əsla həqiqətə uyğun deyil. Biz o qədər zəifikmi ki, nəyin hardan alınmasını, keyfiyyətinin hansı səviyyədə olmasını bilmirik? Hamısını gözəl bilirik. Prezidentin Pakistan səfərinə qədər onların nümayəndə heyəti Bakıda da olmuşdu, həm Müdafiə Sənayesi Nazirliyində, həm də digər güc strukturlarında danışıqlar da aparılmışdı. Son nəticədə isə Prezident Pakistana səfər etdi və biz bu ölkədən almaq istədiyimiz həmin o silahla bağlı razılıq əldə etdik”.

Hərbi ekspertin sözlərinə görə, əlbəttə, ruslara sərf edər ki, gedib Pakistandan yox, onlardan silah-sursat alaq:

“Biz onsuz da biz lazım olan texnikanı ruslardan almışıq və alırıq. Əgər Rusiya gələcəkdə də müəyyən şərtlər çərçivəsində bizə normal qiymətə (Hər bir ölkə çalışır ki, aldığı silah nə çox baha olmasın, nə də müasir tələblərdən geri qalmasın) həmin silahlardan təklif edəcəksə, niyə həmin silahlardan əldə etməyək? Azərbaycan onsuz da nə qədər “Qarabağ” problemi həll olunmayıb, çox ölkələrdən lazım olan avadanlıqları alacaq. Bunu ölkə başçısı da, müdafiə naziri də dəfələrlə deyib. Biz qardaş Türkiyə, Pakistan, Çin, İran, Belarus, Ukrayna və s. bir çox ölkələrdən lazım olan zirehli texnika , artileriya qurğuları, tanklar, döyüş helikopterləri alırıq. Haqqında danışılan bu qırıcı Azərbaycan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını dəfələrlə artıracaq. Ona görə ki, ruslar özləri də başa düşürlər ki, o qırıcının Azərbaycan tərəfindən alınması Ermənistan üçün, eləcə də Azərbaycana  kəm baxan gözlər üçün çox ağır bir silahdır. Bu qırıcının təlim və döyüş variantları var. Amma biz müharibə şəraitində olduğumuz üçün döyüş üçün nəzərdə tutulanını alacağıq. Yəqin ki, sonrakı mərhələlərdə də təlim variantı üçün nəzərdə tutulanlar alınacaq. Bir daha xatırladım ki, Pakistanın istehsal etdiyi silah-sursat, texnika ən müasir silahlardır və dünya standartlarına cavab verir”.

Üzeyir Cəfərov hesab edir ki, “İsgəndər” və «JF-17 Thunder» qırıcısı ayrı-ayrı kateqoriyaya aid olan silahlardır. Bunlar “İsgəndər”dən əl çəkmirlər . Dünyada hər şeyi “İsgəndər” raketimi həll edir? Bu gün dünyanın hərbi sənayesinə baxsaz, daha qorxulu və ciddi silahların olduğunun şahidi olacaqsınız. Elə tutublar “İsgəndər”dən və əl çəkmirlər. Bizdə “İsgəndər” yoxdu deyə həyat dayanmalıdır? Bizdə “İsgəndər”dən də güclü İsrail istehsalı olan “Dəmir Gümbəz” var. Daha sonra, Türkiyə istehsalı olan “Qasırğa”mız var. Çəkinməyə və narahat olmağa heç bir əsas yoxdur. Prezident Pakistanda keçirdiyi görüşlərdə də bir daha bəyan etdi ki, müdafiə və təhlükəsizliyimiz üçün nə lazımdırsa, onu alacağıq. “İsgəndər”in öz təyinatı var, «JF-17 Thunder» qırıcısının öz təyinatı. Ermənilər nə qədər danışsalar da, nə qədər ruslar onlara dəstək olsa da, xeyri yoxdur. Azərbaycanın mövqeyi qətidir. Azərbaycan Silahlı Qüvvələri ən müasir və sonuncu nəsil silahları alıb, alır, bundan sonra da alacaq”, – deyə  Ü.Cəfərov əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də Pakistana səfəri zamanı ölkənin başa naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb. Görüş zamanı müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib.(A24.Az)

Xəbər lenti