“ABŞ prezidenti Donald Tramp keçmiş SSRİ-dən qalma ən ağır münaqişə olan Dağlıq Qarabağ problemini həll edərək, Nobel mükafatı qazana bilər”.
Bu barədə “Washington Times” nəşrində “Caspian Group Holdings” şirkətlər qrupunun prezidenti, əvvəllər ABŞ-ın Corctaun Universitetinin professoru olmuş Zöhrab Rob Sübhanın müəllifi olduğu məqalədə deyilir.
Münaqişənin tarixi haqda məlumat verən müəllif qeyd edir ki, 1991-94-cü illər ərzində yaşanan müharibə nəticəsində Azərbaycan 20 faiz torpağını itirib:
“Əgər Vladimir Putin münaqişənin həllində Birləşmiş Ştatların tərəfdaşı olmaq istəyərsə, Tramp və onu milli təhlükəsizlik komandası Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün addımlar ata bilərlər. Trampın Qarabağla bağlı mövqeyi Putinin onunla əməkdaşlıq etməsindən, yaxud qaynaq nöqtələrdə ABŞ-la birgə hərəkət edib-etməyəcəyindən asılı ola bilər”.
Müəllif yazır ki, Qarabağ münaqişəsinin həll açarı Rusiyanın əlindədir və Moskva bundan təsir imkanı olaraq istifadə edir.
“Bu münaqişəni donmuş vəziyyətdə saxlamaq Putinin Azərbaycanın Avropaya təbii qaz ixracının qarşısını almaq məqsədinə xidmət edir. Tramp ABŞ-ın müttəfiqi Azərbaycanla Rusiyanın müttəfiqi Ermənistan arasında sülh bağlanmasına çalışarsa, sülhpərvər prezident olduğunu təsdiq edə bilər. ABŞ Rusiya və Fransa ilə birlikdə bu münaqişənin həlli üçün yaradılan Minsk qrupunun həmsədr ölkəsidir. Rusiya təkcə münaqişənin həll olunmasını sabotaj etməyib, həm də münaqişəni uzadaraq Ermənistana hərbi dəstək veribdir. Təəssüf ki, Vaşinqton Yaxın Şərqlə həddindən artıq məşğul olaraq, İrəvan və Bakı arasında uzunmüddətli sülhü yaratmaqda rolunu üzərinə götürməyib. Lakin hələ də Ermənistan və Azərbaycan daimi sülh bağlaya bilər. Cənab Tramp hər iki tərəf üçün ədalətli nəticələnən sağlam diplomatik təşəbbüslə münaqişənin həllinin başlanğıcını qoya bilər. Trampın bu məsələdə uğur qazanması Amerikanın qlobal təhlükəsizliyi təmin etmək üçün dünya arenasına qayıtdığını sübut edərdi”, - deyə məqalədə vurğulanır.
Müəllif münaqişənin həlli yolunu da göstərir:
“Birincisi, Ermənistan qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarmalıdır. İkincisi, Azərbaycan Avropaya təbii qazını çıxaracaq boru kəmərini Ermənistan ərazisindən keçirməlidir. Üçüncüsü, Dağlıq Qarabağa müstəqillik yox, yüksək muxtariyyət verilməlidir. Dördüncüsü, Qarabağa ABŞ, Fransa və Rusiya sülhməramlıları daxil olmalıdır. Beşincisi, Azərbaycan və Ermənistan arasında Barışıq və Yenidənqurma Fondu yaradılır. Bu fond iki ölkə arasında müxtəlif layihələrə, misal üçün, Bakıdan Ermənistana, oradan da Naxçıvana gedən dəmiryolunun tikintisinə dəstək verə bilər. Nəhayət, Ermənistanda SSRİ-dən qalma köhnə “Metsamor” Atom Elektrik Stansiyası ləğv olunmalıdır. Əvəzində ABŞ-Rusiya-Fransa üçlüyü yenisini inşa etməyi təklif edə bilər”.
Məqalədə Prezident İlham Əliyevin ölkə daxilində nüfuzuna diqqət çəkilir və qeyd olunur ki, o, ədalətli sülhə razıdır.
“Münaqişənin həlli üçün Putini Ermənistan prezidenti Serj Sarkisyanı məcbur etməyə inandırmaq lazımdır. Rusiya və ABŞ erməniləri İrəvana arxa çevirməyəcəklərinə inandırmalıdır. Tramp Putinin qarşısına münaqişənin həlli üçün “yol xəritəsi” qoymalıdır”, - deyə məqalədə qeyd olunur.
Müəllif regionda Azərbaycan-İsrail əməkdaşlığına, həmçinin, Bakının Vaşinqton üçün etibarlı tərəfdaş olduğuna da diqqət çəkir.(publika.az)