Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib.
APA-nın verdiyi məlumata görə, Rusiya XİN başçısı Sergey Lavrov görüşün məhsuldar keçəcəyinə ümidvar olduğunu söyləyib.
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan rusiyalı nazir bildirib ki, Rusiya və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir.
Öz növbəsində, Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
O bugünkü görüşdə ikitərəfli münasibətlərin səviyyəsini, beynəlxalq gündəmi müzakirə edəcəklərini söyləyib.
E. Məmmədyarov Rusiya və Azərbaycan XİN-ləri arasında bu il üçün əməkdaşlıq və məsləhətləşmə Planı imzalayacaqlarını da qeyd edib.
Görüş daha sonra jurnalistlərin iştirakı olmadan davam etdirilib.
Nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər.
* * *10:19
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
“XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri qismində 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynayır. Coğrafi yaxınlıq, xalqlarımızın ümumi tarixi nəzərə alınmaqla bizim üçün münaqişənin həlli böyük önəmə malikdir və ölkənin xarici siyasətinin prioritetlərinə daxildir", - deyə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.
Virtualaz.org xatırladır ki, Məmmədyarov həmkarı Lavrovun dəvəti ilə artıq Rusiyada səfərdədir. Səfər iki ölkə arasında aprelin 4-də tamam olacaq diplomatik əlaqələrin 25 illiyinə təsadüf edir.