USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir

15:00 23.03.2018
Cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir
15:00 23.03.2018

Mynews.az yap.org.az-a istinadən YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızının müsahibəsini təqdim edir.

- Məlahət xanım, artıq bir neçə gündür ki, seçki təbliğat-təşviqat marafonuna start verilib. Yeni Azərbaycan Partiyası 11 aprel prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Ümumiyyətlə, ölkəmizdəki seçki mühiti, cəmiyyətimizin bu seçkilərə münasibəti ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzində olur və vətəndaşlarımız seçkilərdə fəal iştirak edirlər. İnanıram ki, 11 aprel prezident seçkiləri də bu qəbildən olacaq və vətəndaşlarımız bir daha seçki məntəqələrinə gedərək Azərbaycanın inkişafına, rifahına, sabitliyinə, bir sözlə, Yeni Azərbaycan Partiyasının Sədri, partiyamızın namizədi cənab İlham Əliyevə səs verəcəklər. Çünki cənab İlham Əliyevin uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir. Bu mənada Ona ümümxalq namizədi desək yanılmarıq. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycan olduqca mühüm nailiyyətlər əldə edib. İstər daxili, istərsə də xarici arenada strateji uğurlar qazanılıb. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev dövlət başçısı kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Möhtərəm Prezidentimizin  zəngin diplomatiyada və dövlət  idarəçiliyindəki zəngin təcrübəsi və biliyi, eləcə də  şəxsi nüfuzu və xarizmasının nəticəsidir ki, ölkəmizə beynəlxalq ictimaiyyet tərərəfindən çox böyük hörmət var. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. Bunun nəticəsidir ki, dünyada ilk dəfədir ki, 25 il müstəqillik tarixi olan bir dövlətə  2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Həqiqətən də  gənc ölkə üçün müstəsna əhəmiyyətli uğur idi.  

Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib.

Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. Ona görə də, ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik. Çünki cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir.

- Bu günün rakursundan baxsaq, ötən 15 il ərzində Azərbaycanın iqtisadi-siyasi uğurlarını necə qiymətləndirmək olar? Bu uğurların təməlində hansı amillər durur?

- İlk növbədə,  əldə olunan nailiyətlərin təməlində xalqın öz Prezidentinə, etibar etdiyi, etimad göstərdiyi hakimiyyətinə sevgisi, inamı dayanır. Bu gün Azərbaycanda yüksək vətəndaş həmrəyliyi formalaşıb və xalq-hakimiyyət vəhdəti mövcuddur. Möhtərəm Prezidentimiz hər dəfə görüşlərdə və müxtəlif tədbirlərdə  bütün uğurların təməlində xalqla iqtidarın birliyi olduğunu deyərək,  xalqa olan   sevgisini  ifadə edir.   Bu birlik isə bütün problemlərin həllində əsas rol oynayır. Azərbaycan Prezidenti istər daxili siyasətində, istərsə də xarici siyasət kursunda bir əsas xəttə-milli maraqlara, dövlətçilik mənafeyinə üstünlük verir ki, bu da dövlət olaraq əldə etdiyimiz nailiyytlərin əsas bazası sayılır. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həyata keçirilən siyasi kurs, aparılan islahatlar, yeniliklər vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda buraxılan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir.

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Qeyd etdiyimiz kimi,  rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, son 14 ildə respublika üzrə təxminən 1,9 milyondan artıq yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə  ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupunda yer alıb. Son 15 ildə ÜDM 3,2 dəfə artıb. ÜDM-in adambaşına düşən həcmi isə 7205 manat təşkil edir. Bu olduqca yüksək göstəricidir və buna məhz Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində nail olunub.

Bundan başqa, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsasən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir.

Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Bu prosesdə  sözsüz ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.

- YAP Nəsimi rayon təşkilatı təbliğat-təşviqat dövründə öz fəaliyyətini hansı istiqamətdə qurub?

- Artıq təbliğat-təşviqat işlərinə uğurla start verilib. YAP Nəsimi rayon təşkilatı təbliğa-təşviqatla bağlı YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyyələrinə uyğun olaraq tədbirlər planı hazırlayıb və hazırda bu tədbirlər planına uyğun olaraq müvafiq tədbirlər, görüşlər keçirilir. Bildiyiniz kimi, Nəsimi rayonu gənclər rayonudur. Hər zaman Heydər Əliyev ideyalarına sadiqlik nümayiş  etdirən  Azərbaycan Gəncliyi 2003-cü ildən  öz liderini və BÖYÜK DOSTUNU və BÖYÜK DAYAĞINI  seçmişdir. Bunun  biz bir daha   2003, 2008 və 2013 seçkilərində şahidi olduq.   Bundan başqa, YAP Nəsimi rayon təşkilatının gəncləri, fəalları demək olar ki, təşviqat dövründə hər gün seçicilərlə təmsasda olur, müəyyən fləşmoblar həyata keçirir. Bugünlərdə partiyamızın rayon təşkilatının 1500-ə yaxın  fəalı canlı olaraq İLHAMLA İRƏLİ flaşmobunu yazaraq öz LİDERLƏRİNƏ  olan inam və dəstəklərini sübut etdilər. Artıq seçki dairələri üzrə müəyyən olunmuş lövhələrdə təbliğat materiallarımız yerləşdirilib. Növbəti günlərdə seçicilərlə açıq və qapalı yerlərdə görüşlər nəzərdə tutulur. Əslində, vurğuladığımız kimi cənab İlham Əliyevin seçki təbliğatının əsas təbliğatçısı məhz 15 ildə əldə olunan uğurlardır. Vətəndaşlarımız bu uğurları, bu inkişafı öz həyatlarında hiss edirlər və bu baxımdan da inanırıq ki, hər bir seçici bu inkişafın davamlı olmasını təmin etmək üçün 11 apreldə seçki məntəqələrinə gedəcək və möhtərəm Prezidentimiz İlham Əliyevə qarşıdakı 7 ildə yenidən ölkəmizə rəhbərlik etməsi üçün mandat verəcək.


Xəbər lenti

300x200r