USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Qubada 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı keçirilib

13:37 31.03.2018
Qubada 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı keçirilib
13:37 31.03.2018

Martın 31-də Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı keçirilib.

Mynews.az Trend-ə istinadən bildirir ki, "Soyqırımlarının dərsləri" mövzusunda keçirilən konfrans "Quba soyqırımı" filminin nümayişi ilə başlayıb.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Akademik respublika elmi konfransının dövlətimizin başçısının "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

Ə.Həsənov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalandığını xatırladaraq bildirib ki, Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı" təsdiq edilib.

Prezidentin köməkçisi 2007-ci ildə Quba şəhərində aşkar olunmuş məzarlığın qorunub saxlanması məsələsinin həmişə Azərbaycan Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayıb: "Dövlət başçısının tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2017-ci il iyunun 5-də "Quba şəhərində Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncam imzalayıb. Sərəncam əsasında Kompleksdə mövcud vəziyyətin araşdırılması və baş verən aşınma proseslərinin qarşısının alınması məqsədilə komissiya yaradılıb. Komissiya belə bir qənaətə gəlib ki, insan qalıqlarının çürüməsinin sürətlənməsi və torpağın sürüşmə hallarının aktivləşməsi məzarlığın olduğu şəkildə qorunub saxlanmasını çətinləşdirir. Ona görə də həmin ərazidəki insan sümüklərinin dini adət-ənənələrə uyğun dəfn olunması, qəbirüstü xatirə lövhəsinin qoyulması, gələcəkdə zəruri hallarda tarixi araşdırma məqsədilə qazıntı işləri üçün şəraitin yaradılması məqsədəuyğun hesab olunub və bu barədə ölkə rəhbərliyinə məruzə edilib. Artıq Komissiyanın təklifləri nəzərə alınaraq, soyqırımı qurbanlarının qalıqları dəfn edilib və məzarüstü xatirə lövhəsi qoyulub".

Ə.Həsənov qeyd edib ki, əslində azərbaycanlıların 1918-ci il soyqırımı Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda xalqımızın üzləşdiyi ən ağır sınaq idi: "Amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı. Bildiyiniz kimi, iki aydan sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi üçün cənab Prezident 2017-ci il mayın 16-da xüsusi Sərəncam imzalayıb.

Tarixin müxtəlif dövrlərində xalqımız erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora məruz qalsa da, həmin hadisələrə heç bir siyasi-hüquqi qiymət verilməsi mümkün olmamışdı. Ona görə ki, hər dəfə ermənilər məkrli niyyətlərini öz havadarlarına, başqa sözlə, mərkəzi hakimiyyətə, real güc sahiblərinə arxalanaraq və onların iştirakı ilə həyata keçirirdilər. Bu, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə və sonrakı dövrdə də məhz belə olub. Elə bu səbəbdən də soyqırımı faktları gizlədilir və ya təhrif olunmuş şəkildə təqdim olunur, elmi tədqiqat işləri sərt inzibati-ideoloji nəzarət altında aparılırdı. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında hifz edilməsinə, xalqın öz tarixindən ibrət dərsi götürməsinə imkan verilmirdi. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı. Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr "ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri" kimi qiymətləndirilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib".

O xatırladıb ki, Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilib: "2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində aparılan işlər sayəsində faciə ilə bağlı faktlar geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan məlumatlandırılıb".

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan Respublikası 1996-cı ilin mayında "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya"ya qoşulub: "Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunub. Lakin həmin sənədin qəbulundan 70 il keçməsinə baxmayaraq, hələ də dünyanın bir çox yerlərində soyqırımı cinayətləri baş verir. Bunun başlıca səbəbi dünyada hökm sürən ikili standartlar, beynəlxalq birliyin, xüsusilə də aparıcı dövlətlərin soyqırımı cinayətlərinə vaxtında adekvat münasibət bildirməməsidir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Digər tərəfdən, Azərbaycanda olduğu kimi, hər bir ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin milli sərvət, bəşəri dəyər kimi qəbul edilməsi, multikulturalizmin və tolerantlığın cəmiyyətin həyat tərzinə çevrilməsinə nail olunması lazımdır".

Ə.Həsənov əlavə edib ki, bugünkü respublika elmi konfransı erməni millətçilərinin insanlığa qarşı əməllərini ifşa etməklə yanaşı, bir daha belə halların baş verməməsi, insanların sülh və əmin-amanlıq şəraitində təhlükəsiz yaşayışının təmin olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyətə ölkəmizin elm ictimaiyyətinin bir töhfəsidir: "Şübhə yoxdur ki, konfransda maraqlı məruzə və çıxışlar dinləniləcək, yeni faktlar və dəyərli təkliflər səsləndiriləcək".

 


Xəbər lenti

300x200r