"Moskva istəyir, lakin Yerevan çıxarmaq istəmir" Nazirdən cəbhə AÇIQLAMASI

736
"Moskva istəyir, lakin Yerevan çıxarmaq istəmir" Nazirdən cəbhə AÇIQLAMASI
Mynews.az Rusiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun APA-nın Moskva müxbirinə verdiyi müsahibəni təqdim edir. 
 
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əsas aspektlər üzrə razılığa gələ bilmədiyini söylədi. Razılıq əldə edilməyən əsas məsələlər hansılardır?
 
 
- Ermənistanla danışıqlar prosesində açıq qalan məsələlər var. Dünən Rusiya xarici işlər naziri ilə geniş müzakirələr apardıq. Bəzi fikirlər səsləndirilib. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Bundan sonra biz məsələlərə yenidən qayıdacağıq. Bəzi məsələlər var ki, biz bu barədə razılığa gələ bilmirik. Bu məsələlər bundan əvvəl də açıq qalan məsələlərdir. Heç bir yeni məsələ yoxdur.
 
 
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nazirlər və ya prezidentlər səviyyəsində yaxın vaxtlarda görüş planlaşdırılırmı?
 
 
- Rusiya tərəfinin təşəbbüsü ilə nazirlər səviyyəsində üçlü görüş keçiriləcək. Belə bir fikir var. Bu görüşlərin nəticəsinin olması üçün Ermənistanda seçkilərin keçirilməsini gözləmək lazımdır. Bu, danışıqların siyasiləşdirilməməsi üçün vacibdir.
 
 
- Təmas xəttində fevral ayının sonunda baş verən gərginliklə bağlı nə deyə bilərsiniz?
 
 
- Cəbhə bölgəsində baş verən gərginliklər onu göstərir ki, bu münaqişə həll olunmalıdır, danışıqlar prosesində mütləq irəliləyiş əldə edilməlidir. Məntiqli və son zamanlar dəbdə olan substantiv danışıqlar keçirilməlidir. Rusiya tərəfi də bunu anlayır. Rəsmi Moskva danışıqların aparılmasını istəyir. Lakin burada söhbət Yerevanın siyasi iradəsindən gedir. Ermənistan tərəfi siyasi iradə göstərib, qoşunları Azərbaycan ərazilərindən çıxarmalıdır.
 
 
- Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. 
Ümumilikdə iki ölkə arasında münasibətlərin hazırkı mərhələsini necə qiymətləndirərdiniz?
 
 
- Azərbaycan və Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlər daim inkişaf edir. Bizim münasibətlər qarşılıqlı sərfəli əməkdaşlıqdır. Rusiya və Azərbaycanın əməkdaşlığı hər iki ölkəyə sərfəlidir.

 

Xəbər lenti