Azərbaycan prezidenti İlham Əliyev Qusarda keçirilən “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Mynews.az-ın məlumatına görə, prezidentin köməkçisi Əli Həsənovun müraciəti oxuyub.
Müraciətdə qeyd olunub ki, bu günlər 1918-ci ildə xalqımıza qarşı millətçi erməni daşnak və bolşevik silahlı dəstələri tərəfindən törədilən soyqırımın 100 iliyinə təsadüf edir:
“Həmin dövrdə ölkəmizin müxtəlif regionlarını bürümüş milli-dini zəmində kütləvi qətl və talanlar konfransın təşkil olunduğu Qusar ərazisində də xüsusi amansızlıqla həyata keçirilib. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyəti tarix boyu xalqımızın məruz qaldığı etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarının ağrı-acısını unutmur, verdiyi qurbanların xatirəsini daim uca tutur.
Hazırda dünyada sülh və əmin-amanlığa qarşı təhdidlərin artması xalqların dinc birgəyaşayışına və qarşılıqlı faydalı əməkdaşlığına ciddi təhlükə yaradır. Təəssüf ki, milli, irqi və dini ayrı-seçkilikdən doğan ekstremist fəaliyyət və terror müasir dövrün acı reallığına çevrilib”.
Müraciətdə vurğulanıb ki, beynəlxalq birliyin planetimizin müxtəlif guşələrində cərəyan edən qanlı münaqişələrə və kütləvi zorakılıq hallarına ikili standartlar prizmasından yanaşması həmin dəhşətlərin, bəlaların qarşısının alınması yolunda böyük maneə yaradır:
“Dünyanı qanlı faciələrdən, dağıdıcı qüvvələrin qeyri-insani əməllərindən qorumaq üçün bütün etnik təmizləmə və soyqırımı hadisələrinin obyektiv-hüquqi və siyasi qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də tarixin qaranlıq səhifələrinin dərindən araşdırılması, gerçək fakt və təhlillərə söykənən həqiqətlərin aşkara çıxarılaraq geniş ictimaiyyətə çatdırılması ədalətli qərarların qəbul olunmasından vacib rol oynayacaq.
İnanıram ki, bugünkü konfransda aparılan səmərəli müzakirələr soyqırımların tədqiqi sahəsində formalaşan müsbət elmi ənənələri davam etdirəcək, dünya alimlərinin sanballı əsərlərinin işıq üzü görməsinə təkan verəcək. Bu şərəfli və məsuliyyətli işinizdə hər birinizə uğurlar arzu edirəm”.