Mayın 1-də Prezident Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən “İlham Əliyev. Elektron külliyyat” adlı yeni elektron resursun təqdimatı olub.
Mynews.az xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 15 illik fəaliyyəti nəticəsində yaranmış çox nəhəng sənəd kütləsini yalnız müasir informasiya texnologiyalarının son nailiyyətlərini tətbiq etməklə geniş oxucu auditoriyası üçün əlçatan etmək mümkündür. Məhz bu məqsədlə yaradılmış, sadə axtarış forması olan həmin resursda toplanmış materiallardan istənilən şəxs asanlıqla istifadə edə bilər. Dörd fəsildən ibarət resursda dövlətimizin başçısının fəaliyyətinə dair mətbuatda çap olunmuş materialların tam mətni ilə yanaşı, biblioqrafik informasiya da toplanıb.
Resursun ikinci fəslində istifadəçilər çox sadə axtarışla Prezident İlham Əliyevin 2003-2018-ci illəri əhatə edən 1370 çıxışının, nitqinin, müsahibəsinin, bəyanatının tam mətnini əldə edə bilərlər. Bu fəslin başqa bölməsinin materiallarının təhlili göstərir ki, çox uğurlu xarici siyasət xətti formalaşdıran Prezident İlham Əliyev 2003-2018-ci illərdə dünyanın 50 ölkəsinə 259 dəfə səfər edib. Bu səfərlərin 31-i Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır. Həmin səfərlərin tam xronikası, Prezident İlham Əliyevin xarici siyasətlə bağlı çıxışlarının, nitqlərinin, müsahibələrinin tam mətnləri, xarici siyasətlə əlaqədar qanun, fərman və sərəncamlar, eləcə də xarici ölkələrə səfərlərə dair materiallar “Xarici siyasət fəaliyyəti” adlı bölmədə toplanıb.
Dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramlarına aid bütün materiallar da resursun ayrıca bir bölməsində yerləşdirilib. Bu bölmənin materiallarından görünür ki, Prezident İlham Əliyev yalnız 2014-2018-ci illəri əhatə edən sonuncu Dövlət Proqramı çərçivəsində 57 rayonda 86 dəfə səfərdə olub və bu Proqramın icrası ilə bağlı 7 Fərman, 305 Sərəncam imzalayıb. Proqramın başa çatmasına hələ 8 ay qalır, yəni, regionlara səfərlərin və onların sosial-iqtisadi inkişafına dair sənədlərin sayı təbii ki, artacaq.
Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları da külliyyatda ayrı bölmədə verilib. İnteraktiv olan bu bölmənin materiallarından görünür ki, Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrinin müxtəlif sahələr üzrə inkişafına dair 107 fərman və sərəncam imzalayıb.
Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində yaranan nəhəng rəsmi sənəd kütləsindən oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə Prezident Kitabxanasında digər elektron resurslar da yaradılır. Dövlətimizin başçısının imzaladığı və dövri mətbuatda nəşr olunmuş 3616 qanun, 3662 fərman və 9740 sərəncamın, eləcə də Nazirlər Kabinetinin 2003-2018-ci illəri əhatə edən 4172 qərarının elektron biblioqrafik göstəriciləri belə resurslardandır.
Mayıl Əhmədov bildirib ki, Prezident İlham Əliyevin həyat salnaməsini və dövlət başçısı kimi ölkənin sosial-iqtisadi və humanitar sahələrdə dinamik inkişafını, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində gördüyü işlərin miqyasını özündə əks etdirən xronologiyanın, nitqlərin, çıxışların, müsahibələrin tam mətnlərinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarının və onun biblioqrafiyasının vahid elektron məkanda toplanılması və külliyyat şəklində təqdim edilməsi istifadəçilərin işini xeyli dərəcədə asanlaşdırır və daha əlçatan edir.
Qeyd edilib ki, “İlham Əliyev. Elektron külliyyat” tammətnli elektron nəşrinin birinci fəsli “Həyat və fəaliyyəti” adlanır və beş bölmədən ibarətdir.
“Bioqrafiya” adlanan birinci bölmədə qısa bioqrafik məlumat verilib.
“Xronologiya” adlanan bölmə iki yarımbölmədən ibarətdir. Birinci yarımbölmədə Prezident İlham Əliyevin həyat və fəaliyyətinin 1961-2003-cü illər dövrünü əks etdirən xronologiya öz əksini tapır. Bu bölmədə İlham Əliyevin prezidentliyə qədərki dövrdə Milli Olimpiya Komitəsinin prezident və Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi fəaliyyəti xronoloji ardıcıllıqla əks etdirilib.
Dövlətimizin başçısının 2003-2018-ci illərdə prezidentlik dövrünü əhatə edən hadisələrin xronologiyası isə ayrı-ayrı illər üzrə ikinci yarımbölmədə toplanılıb.
“Təltiflər” bölməsində Prezident İlham Əliyevin 2003-cü ildən etibarən layiq görüldüyü yüksək mükafatların və fəxri adların siyahısı verilib. Həmin bölmənin materialları “Ordenlər”, “Medallar və fəxri nişanlar”, “Fəxri elmi adlar”, “Fəxri adlar və mükafatlar”, “İdman təşkilatlarının mükafatları” başlıqları altında təqdim edilir.
Prezident İlham Əliyevin 2003-cü ildən etibarən dövlət başçısı kimi müxtəlif tədbirlərdə, beynəlxalq təşkilatların tribunalarında etdiyi çıxışlardan və nitqlərdən seçilmiş fikirlər “İqtibaslar” başlığı altında 26 istiqamətdə toplanılıb.
“Məşhurların fikirləri” bölməsində bir sıra dövlət başçılarının, görkəmli dövlət xadimlərinin və siyasi xadimlərin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin dövlətimizin başçısı haqqında söylədikləri qiymətli fikirlər toplanılıb.
Tammətnli elektron nəşrin ikinci fəsli “Azərbaycan Respublikasının Prezidenti” adlanır. Bu fəsil 7 bölmədən ibarətdir. Birinci bölmə “Nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları” adlanır. Bu bölmədə 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin nitqlərinin, çıxışlarının, məruzələrinin, müsahibələrinin və bəyanatlarının tam mətnləri illər üzrə ayrı-ayrı yarımbölmələrdə istifadəçilərin ixtiyarına verilir.
İkinci bölmə isə “Gündəlik fəaliyyətin xronikası” adlanır.
Üçüncü bölmə “Xarici siyasət fəaliyyəti” adlanır və dörd fəsildən ibarətdir. Birinci fəsil “Xarici siyasət fəaliyyətinin xronikası”, ikinci fəsil “Xarici siyasətə dair nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr”, üçüncü fəsil “Xarici siyasətlə bağlı qanun, fərman və sərəncamların xronikası”, dördüncü fəsil isə “Xarici ölkələrə səfərlərin fotoxronikası” adlanır. Bu bölmədə əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun prioritetləri, həyata keçirilən balanslaşdırılmış siyasi xəttin bütün məqamları əhatə olunur.
Dördüncü bölmə “Neft diplomatiyası” adlanır. Bu bölmənin özü də fəsillərə bölünür. Birinci fəsil “İlham Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (30 aprel 1994 – 4 avqust 2003)” adlanır. İkinci fəsil “İlham Əliyev – Azərbaycan Respublikasının Baş naziri (5 avqust 2003 – 15 oktyabr 2003)” adlanır. Üçüncü fəsil isə “İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti (15 oktyabr 2003-cü ildən)” adlanır. Bu bölmədə əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının 1994-cü ildən etibarən reallaşması istiqamətində görülən işlər öz əksini tapıb.
Beşinci bölmə isə “Olimpiya hərəkatı” adlanır. Bu bölmə doqquz fəsildən ibarətdir. Birinci fəsil “Azərbaycanda idman və Olimpiya Hərəkatı”, ikinci fəsil “Azərbaycan Milli Olimpiya Komitəsi”, üçüncü fəsil “Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakı”, dördüncü fəsil “Bakı-2015” I Avropa Oyunları”, beşinci fəsil “İslam Həmrəyliyi Oyunları”, altıncı fəsil “MOK-un quruculuq fəaliyyəti”, yeddinci fəsil “2012-ci il “İdman ili”, səkkizinci fəsil “Beynəlxalq yarışlar” adlanır. “Elektron kitablar” adlanan doqquzuncu fəsildə isə idmanla və Olimpiya Hərəkatı ilə bağlı kitabların elektron versiyaları toplanılıb.
Altıncı bölmə “Regionların sosial-iqtisadi inkişafı” adlanır. Bu bölmə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən 2004-2008-ci illər, 2009 -2013-cü illər və 2014-2018-ci illər dövlət proqramlarını əhatə edir. Ayrı-ayrılıqda təqdim edilən dövlət proqramları haqqında materiallar “Rəsmi sənədlər”, “Dövlət tədbirləri” və “Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfərləri” başlıqları altında toplanılaraq istifadəçilərə təqdim edilir.
İkinci fəslin sonuncu bölməsi isə “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı” adlanır. Bu bölmənin materialları “Dövlət proqramları”, “Rəsmi sənədlər” və “Dövlət tədbirləri” başlıqları altında qruplaşdırılıb. Dövlət proqramları başlığı altında 2006-2007-ci illəri əhatə edən tədbirlər proqramı, 2011-2013-cü illəri və 2014-2016-cı illəri əhatə edən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının materialları toplanılıb. Bu bölmədə, həmçinin Bakı şəhərinin və onun rayonlarının sosial-iqtisadi inkişaf istiqamətlərinə dair axtarış sistemi tətbiq edilib.
Tammətnli elektron nəşrin üçüncü - “İnkişaf - məqsədimizdir” fəslində Prezident İlham Əliyevin “İnkişaf – məqsədimizdir” çoxcildliyinin (56 cild) bütün nəşrlərinin elektron versiyaları toplanılıb. Bu cildlərdə dövlətimizin başçısının daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafına və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, görüşləri haqqında materiallar və məktublar öz əksini tapıb.
Elektron nəşrin sonuncu fəsli “Biblioqrafiya” adlanır və “Kitablar” və “Məqalələr” bölmələrindən ibarətdir. “Kitablar” bölməsində Prezident İlham Əliyevin müəllifi olduğu və onun haqqında yazılan kitabların Azərbaycan və rus dillərində biblioqrafik təsvirləri verilib. “Məqalələr” bölməsində isə Prezident İlham Əliyev haqqında yazılan məqalələrin Azərbaycan, rus və ingilis dillərində biblioqrafiyası öz əksini tapıb.
“İlham Əliyev. Elektron külliyyat” nəşri mütəmadi olaraq yenilənir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, təqdim olunan layihə müasir Azərbaycanın bugünkü həyatı ilə sıx bağlıdır, onun dinamik inkişafını əks etdirən çox zəngin sistemli mənbədir. Aydındır ki, biz son illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yüksək inkişaf dinamikasından bəhs edirik. Müxtəlif müzakirələrdə Azərbaycan Respublikasının həyatının rəngarəng sahələrinə diqqət yetiririk və oradakı prosesləri təhlil edir, ictimaiyyətin diqqətinə çatdırır, beynəlxalq aləmə çıxarırıq. Bu hadisələrin ahəngi, cərəyan edən proseslər bu gün Azərbaycan vətəndaşının marağına uyğun şəkildə aparılan dövlət siyasətinin bariz təzahürüdür. Təsadüfi deyil ki, ölkəmizdə yaranmış ab-havanın, cərəyan edən proseslərin məntiqi nəticəsi bu il aprelin 11-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini yenidən Prezident İlham Əliyevə verməsi oldu. İlham Əliyevin yenidən Prezident seçilməsi ilə ölkəmizdə həyata keçirilən siyasi xəttin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə hər birimizdə əminlik yarandı. Bu gün ölkə həyatının ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrinə diqqət yetirdikdə görürük ki, aparılan köklü islahatların məntiqi nəticəsi kimi gündən-günə daha da möhkəmlənən ictimai-siyasi sabitlik, sosial-iqtisadi dəyişikliklər əhalinin əhval-ruhiyyəsinə də müsbət təsir edir. Azərbaycanın həyatının hər hansı bir sahəsini öyrənmək, ona qiymət vermək istəyən tədqiqatçı-ekspert, istər-istəməz dövlət siyasətinin mahiyyətini araşdırmalıdır. Dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində əsas müəllif, təşəbbüskar və onun ilk mühüm icraçısı təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun fəaliyyətinə diqqət yetirmədən, ölkədə aparılan dövlət siyasətinin aspektlərini öyrənmədən Azərbaycanın həyatının müxtəlif sahələri ilə bağlı fikir yürütmək təbii ki, qeyri-mümkündür. Bu baxımdan təqdimatı keçirilən portal çox mühüm mənbə rolunu oynayır. Çünki qeyd edildiyi kimi, bu portalda Azərbaycan Prezidentinin fəaliyyətinin bütün sahələri öz əksini tapıb, sistemləşdirilib. Burada istər daxili siyasət, istər xarici siyasət, neft diplomatiyası, qeyri-neft sektoru, regionların inkişafı, idman, mədəniyyət, təhsil və s. sahələrlə bağlı bütün materiallar xronoloji ardıcıllıqla sistemli şəkildə toplanılıb.
Ərəstun Mehdiyev qeyd edib ki, bu gün Azərbaycan regionun lider dövlətidir. Ölkəmiz qlobal layihələrin reallaşmasında, son illərdə daha intensiv xarakter alan beynəlxalq tədbirlərin keçirilməsində mühüm rol oynayır. Bütün bunlar, əlbəttə ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr və tədbirlərdir.
Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycanı tanımaq, həqiqətən də öyrənib obyektiv şəkildə təqdim etmək istəyən tədqiqatçılarla, ekspertlərlə yanaşı, bir çox hallarda ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən, məlumatları təhrif edən, onlardan öz maraqları naminə istifadə etməyə cəhd göstərən insanlar da var. Buna görə də biz çalışmalıyıq ki, informasiya mübarizəsində Azərbaycanla bağlı dolğun, obyektiv informasiyanı daha çox təqdim edək. Burada, əlbəttə ki, mətbuatla yanaşı, alimlərimizin, tədqiqatçılarımızın da üzərinə böyük məsuliyyət düşür.
Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Prezident Kitabxanasının əvvəlki layihələri kimi, bu portal da ölkəmizin həyatının müxtəlif sahələrinin öyrənilməsində mühüm rol oynayacaq.