Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd olunub. Mynews.az ın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri prof. Eldar İbrahimov, Milli Məclisin deputatı, Əməkdar jurnalist, yazıçı Aqil Abbas, Milli Məclisin deputatı akademik Gövhər Baxşəliyeva, Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira xanım Axundova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini, yazıçı-publisist Səyyad Salahlı, “SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, idarə və təşkilatların əməkdaşları, elm və mədəniyyət xadimləri, təhsil işçiləri, veteranlar, rayon partiya təşkilatının İdarə Heyətinin üzvləri, gənclər, tələbələr və çoxsaylı qonaqlar iştirak ediblər.
İlk öncə, müstəqil Azərbaycanın ən yeni siyasi tarixində müstəsna yeri olan görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin şərəfli və zəngin həyat yoluna və xalqımız üçün ən taleyüklü məqamlarda yerinə yetirdiyi əzəmətli fəaliyyətinə həsr olunan videofilm nümayiş etdirilib.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev tarixə qısa ekskurs formatında məruzə ilə çıxış etdi və dahi siyasətçi, görkəmli dövlət xadimi və böyük şəxsiyyət olan Heydər Əliyevin şərəfli həyat yolunun müxtəlif mərhələlərini müasir dövrümüzlə müqayisəli paralellər gətirməklə təhlil edib. Qeyd olunub ki, bütün bəşər tarixində yalnız seçilmiş insanlara nəsib olan xilaskarlıq missiyasını yerinə yetirmiş Heydər Əliyev dühasının nəhəngliyi, əzəməti, böyüklüyü illər keçdikcə daha çox nəzərə çarpır: "1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev məhz müstəsna rəhbərlik və liderlik qabiliyyətləri sayəsində 15 respublika arasında sosial-iqtisadi inkişafı və həyat səviyyəsini əks etdirən əsas göstəricilərə görə sonuncu yerlərdən birində dayanan Azərbaycanı qısa müddət ərzində qabaqcıl mövqelərə və özünü tam təmin edən üç respublikadan biri olmaq səviyyəsinə yüksəltdi. Biz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, 1978-ci ildə Azərbaycan SSRİ Konstitusiyasının qəbul olunması, bu Konstitusiyada Azərbaycan dilinin dövlət dili elan olunması, 1969-1982-ci illərdə Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan bir çox inkişaf istiqamətlərinin əsasının qoyulması və Azərbaycanın sözün əsl mənasında tərəqqi dövrünü yaşaması məhz əvəzolunmaz və müdrik dövlət xadimi kimi Heydər Əliyevin adı ilə bağlıdır".
Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru Eldar İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək: “Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Yəni Ümummilli liderimiz düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir. Heydər Əliyevin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Yaxın tariximizə nəzər salsaq, bu tarixə münasibətin özünü də aydın şəkildə dərk edirik".
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Gövhər Baxşəliyeva da müasir Azərbaycanın banisi və qurucusu Ulu öndər Heydər Əliyevin xalqımızın tarixi inkişafındakı müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, respublikanın ən çətin vaxtında xalqın tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev qısa müddətdə ölkədə ictimai asayişin bərpasına nail olub. O dahi rəhbərin xalqda gələcəyə böyük inam yaratdığını, qısa zamanda ölkəmizdə yüksək iqtisadi inkişafın əsasını qoyduğunu, Azərbaycanı regionda lider dövlətə çevirdiyini qeyd edib.
G.Baxşəliyeva hazırda Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söyləyib. Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə abadlaşan, inkişaf edən şəhər və rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz qayğının bunun əyani təsdiqi olduğunu bildirib.
Milli Məclisin deputatı, Əməkdar jurnalist, yazıçı Aqil Abbas deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişafında, dövlətçiliyimizin möhkəmləndirilməsində, milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərib: “Heydər Əliyev – bu möhtəşəm və əzəmətli şəxsiyyət ən böyük azərbaycanlı olaraq yalnız dövlət idarəçiliyini, ordumuzun, təhsilimizin, mədəniyyətimizin, səhiyyəmizin, şəhər və kəndlərimizin, sənayemizin deyil, bütövlükdə yeni və müasir dövlətimizin qurucusu və həm də əhalinin təhlükəsiz yaşamasının etibarlı təminatçısı kimi tariximizdə əbədiyaşarlıq qazanıb”.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, filologiya elmləri namizədi, yazıçı-publisist Səyyad Salahlı qeyd edib ki, fəaliyyətinin bütün dövrünü Azərbaycan xalqı və dövlətinə həsr edən Ümummilli lider Heydər Əliyev xalqımız qarşısındakı ali missiyasını davam etdirərək ölkəni tənəzzüldən xilas etməklə dirçəliş və tərəqqi yoluna çıxardı. Bu, Azərbaycan tarixində, sözün əsl mənasında, dönüş nöqtəsi oldu. Beləliklə, müasir Azərbaycanın sürətli inkişafının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Uu öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil siyasət yürüdərək yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirdi”.
Milli Məclisin deputatı Elmira Axundova deyib ki, o zamanlar ölkədə xaos, hərc-mərclik baş alıb gedirdi: “Bu vəziyyətdə hakimiyyətə gələn Heydər Əliyev yeni bir dövlət yaratdı, ölkəyə yeni bir nəfəs gətirdi. Ölkədə əmin-amanlıq yaratdı, ordu quruculuğuna start verildi, iqtisadiyyat dirçəldi. Əsas göstəricilərdən biri isə Azərbaycanın tədricən dünya dövlətləri arasında tanınması oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması prosesinə başlandı. Heydər Əliyevin Azərbaycan üçün etdiklərini, xidmətlərini saymaqla qurtarmaz. Heydər Əliyev Azərbaycana yeni milli ruh, azərbaycançılıq gətirdi. Mədəniyyətimizin, incəsənətimizin, dilimizin, dinimizin inkişafı Heydər Əliyev şəxsində özünü tapdı. Nə qədər ki, Azərbaycan dövləti var, o qədər də Heydər Əliyev var olacaq".
“SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında bildirib ki, hər bir tarixi şəxsiyyətin öz xalqı və bəşəriyyət üçün tarixi izləri mövcuddur: “Bu şəxsiyyətlərin işlətdikləri hər bir kəlam sonradan öz əhəmiyyəti və mühümlüyü ilə yeni tarixlərin yazılmasına xidmət edir. "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır", məhz bu tarixi kəlam Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə məxsusdur. Bütün fəaliyyəti ilə xalqa, Azərbaycan dövlətinə bağlı olan Dahi Öndərimiz bu qızıl sözlərini öz əməli ilə həyata keçirdi və bu gün də həmin kəlamlar yaşadılmaqda, müasir Azərbaycanın inkişafında rol almaqda davam edir”.
B.Quliyev əlavə edib ki, uzaqgörənliyi və müdrikliyi ilə xalqı, Vətəni və dövləti üçün çalışan, bu yolda əməyini əsirgəməyən Dahi Şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə LİDERLİK simvolu olaraq həkk olundu: “Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi Ulu Öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bizə bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoydu. Bu gün Dahi Öndərimiz aramızda olmasa da, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün də bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır”.
Sonda bir qrup iştirakçıya 2018-ci il aprel tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasında fəal iştirakına görə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Fəxri Fərmanı təqdim olunub.