Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ötən ay Avropa İttifaqı və Azərbaycan arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlara başlanılması məqsədilə Sizin dəvətiniz əsasında Brüsselə səfərimi, eləcə də səfər zamanı Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini məmnuniyyətlə xatırlayıram.
Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafına, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyiniz dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm.
Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Sevindirici haldır ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etməkdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübut etmişdir.
İnanıram ki, sağlam təməl, etimad və dəstək üzərində qurduğumuz tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik.
Hörmətli cənab Prezident, Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul və şərəfli fəaliyyətinizdə uğurlar diləyirəm.