Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Səs Media Qrupun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Mynews.az-ın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə ilk çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı qonaqları salamlayaraq bildirib ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev AXC-nin 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb ki, hazırda ölkədə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.
Bugünkü Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu deyən rektor söyləyib ki, ölkəmiz xristianlığı ilk qəbul və təşviq edən iki ölkə arasında müstəqillik əldə edib: “Onlardan biri Ermənistan, biri Gürcüstandır. O dövrdə Azərbaycan nümayəndə heyəti Paris sülh konfransına viza ala bilmir, aylarla Türkiyədə qalırdılar. Belə şəraitdə dövlət qurmaq çox çətin idi. Amma o dövrün ziyalıları bunu bacardı və biz bu gün fəxrlə qeyd edirik ki, Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik respublikadır”.
Cümhuriyyət dövründə Azərbaycanda vəkillər kollegiyasının fəaliyyət göstərdiyini bildirən M.Babanlı söyləyib ki, bunu həmin dövrdə yalnız güclü dövlətlər yarada bilərdilər: “AXC-nin yaradılmasına baxmayaraq o dövrdə çox böyük çətinliklər var idi. Azərbaycanın nefti ölkəsi olaraq bütün dünyanın diqqətini cəlb etməsi bir sıra problemlərə gətirib çıxardı. Lakin Azərbaycanın ən çətin dövrlərində liderləri ilə bağlı bəxti gətirib. Belə ki, ilk Cümhuriyyət Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılıbsa, Azərbaycanın ikinci dəfə müstəqilliyini qoruması Ulu Öndər tərəfindən həyata keçirilən siyasət nəticəsində mümkün olub”.
Təhsilə diqqəti cəlb edən rektor söyləyib ki, müstəqilliyimizin qorunması üçün təhsil mühüm amillərdən biridir: “Universitet olaraq bu uğurların davamı ilə getməliyik”.
Konfransda Cümhuriyyət tarixi haqqında məlumat verən tarixçi-alim Firdovsiyə Əhmədova bildirib ki, Cümhuriyyətin yaradılması ilə bağlı məsələ XX əsrin əvvəllərində ziyalıların fikrində yer almışdı: “1905-ci ildə bu fikir əsasında müzakirələr aparılıb. 1917-ci ildə çap edilən məqalədə Cümhuriyyətin xalqın maraqlarının müdafiə istiqamətində vasitə olduğu açıqlanmışdı. O dövrdə xalqın maarifləndirilməsində əsas vasitə teatr olduğundan, əsas məqsədlərdən biri müstəqil mətbuatın yaradılması olub. 1906-cı ildə Əli bəy Hüseynzadə “Azərbaycan” qəzetinin nəşrinə icazə istəsə də, ona icazə verilməyib və bu qəzet “Həyat” adı ilə fəaliyyət göstərməyə başlayıb. Cümhuriyyətlə bağlı qeyri-leqal fəaliyyət müxtəlif yazılar vasitəsilə həyata keçirilən maarifləndirmə ilə başlamışdı.1 917-ci ilin yazından 1918-ci ilin mayına qədər bu istiqamətdə işlər həyata keçirilirdi. Lakin leqal imkan 1918-ci ildə yarandı və bununla da AXC yaradıldı”.
Çıxışı zamanı AXC dövründə neft amilinə diqqəti yönəldən tarixçi söyləyib ki, I dünya müharibəsində Bakı nefti daim diqqətdə olub: “O dövrdə regionda aktiv olan ölkələr Böyük Britaniya, Almaniya, Gürcüstan, Rusiya idi. AXC Tiflisdə elan edildi. Bu şərəfli tarixə nəzər saldıqda o dövrdə bir nömrəli problem Bakının azad olunması idi. Bakı məsələsini diplomat yolu ilə əldə etmək mümkün deyildi. Nəhayət sentyabrın 15-də Bakı azad edildi. Amma o dövrün uğurları bununla bitmədi, Şərqdə ilk parlament, ordu yaradıldı, təhsil, mətbuatla əlaqədar mühüm işlər görüldü. Amma bununla yanaşı ən böyük nailiyyət Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə de fakto tanınması idi ki, 1920-ci ildə buna da nail olundu”.
F. Əhmədova qeyd edib ki, AXC-nin süqutu təbii son deyildi, Rusiya ordusunun işğal faktı idi: “O dövrdə Azərbaycana yardım edə biləcək Gürcüstan idi ki, onlar sovet bolşeviklərinə qarşı döyüşə bilməyəcəklərini açıqladılar. Daha sonra Türkiyə kömək edə bilərdi ki, həmin dövrdə Osmanlı İmperiyasının süqutu buna imkan vermədi. Amma bütün bunlara baxmayaraq, AXC-nin fəaliyyəti az müddətli olsa da, çox böyük şərəfli yol keçib. Bu, təkcə Azərbaycanın bayramı deyil, bütünlükdə müsəlman ölkələrinin bayramıdır. Bu neməti bizə bəxş edənlərə minnətdar olmalıyıq”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib ki, bu bayram hər birimiz üçün çox qiymətlidir: “ADNSU-da belə bir tədbirin keçirilməsi çox önəmlidir. Çünki ölkəmizin gələcək iqtisadiyyatının inkişafı sizlərdən asılıdır”.
Deputat bildirib ki, Azərbaycanın xalqının yenidən müstəqillik qazanması, onun tarixən müstəqil təfəkkürə malik olması ilə bağlıdır: “Çünki müstəillik bizim təfəkkürümüzdə var idi. Azərbaycan xalqı tarixin səhnəsinə neft milyonerləri çıxardıb. 1918-ci ildə sıfırdan bir dövlət yaradıldı. 23 ay sürməsinə baxmayaraq AXC tariximizdə şərəfli yolu ilə seçilir. AXC dövründə çoxlu sayda ilklərə imza atılıb. 23 ay dünyaya göstərdik ki, Azərbaycan xalqı müstəqil dövlət yarada bilir. Müstəqillimizi əlimizdən aldıqdan sonra onu yaradanların həyatları əllərindən alındı. Çünki buna qarşı çıxanlar qorxurdular ki həmin şəxslər yenidən bunu bərpa edə bilərlər”.
A.Mirzəzadə söyləyib ki, Azərbaycana məhdud muxtariyyət verilməsinə baxmayaraq, ölkəni azərbaycanlılarsız idarə etməyə üstünlük verilirdi: “1932-ci ildə ölkə rəhbərliyindən cəmi 9 faizi azərbaycanlı idi. Bu faciə idi. Amma AXC fəlsəfəsi daim ürəklərdə yaşadı. 1988-ci ildə Ermənistan növbəti dəfə Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirdi. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra torpağımıza sahib çıxa bildik. Ondan sonra baş verənləri isə hər kəs bilir. Müstəqil olmaq asan, lakin onu saxlamaq çətindir. İndiki gənclər Azərbaycana sahib çıxmalı, sərvətlərimizi qorumalıdırlar”.
Konfransın davamında çıxış edən Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev Dövlət başçısı İlham Əliev tərəfindən imzalanan sərəncamından irəli gələrək həm ölkəmizdə, həm də ölkə xaricində Cümhuriyyətin 100 illiyi ilə bağlı geniş tədbirlər keçirildiyini bildirib. ADNSU-da keçirilən tədbirin Səs Media Qrupunun birgə təşkilatçılığı əsasından baş tutduğunu dilə gətirən B.Quliyev söyləyib ki, bu tədbirlərin kökündə tələbə-media münasibətləri də öz əksini tapır: “Hər bir dövrdə şəxsiyyətə ehtiyac olur. AXC-nin yaradılmasında ziyalıların rolu çox böyük olub. AXC tariximizə qızıl hərflərlə yazılıb. Cümhuriyyət Azərbaycan mətbuatında fəaliyyət göstərən ziyalıların gücü ilə quruldu. 23 ay müddətində inqilabi dəyişikliklər əldə olundu. Qısa müddətdə dövlət atributları formalaşdırıldı, ordu, parlament və digər ilklərə imza atıldı. AXC-nin yaranmasından keçən 100 illin 50 ili Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”.
90-ci illərin əvvəllərində Azərbaycanın yox olma təhlükəsi ilə üz-üzə qaldığını xatırladan B.Quliyev qeyd edib ki, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bunun qarşısını aldı: “Bu gün biz Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində görülən mühüm işlərə görə, Prezident İlham Əliyevə təşəkkür etməliyik. Mən əminəm ki, bugünkü gənclik daim bu siyasəti dəstəkləyəcək və müstəqilliyimizin yanında olacaq”.
Tədbirin sonunda çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, AXC-nin yaranması tarixi nailiyyətdir: “Cümhuriyyət dövründə milli atributlarımız formalaşdı, təhsillləbağlı bir sıra mühüm işlər görüldü. 23 aylıq Cümhuriyyət 1991-ci ildə yenidən müstəqilliyini bərpa etməklə çətin dövrünü yaşadı. Yalnız Ulu öndərin qətiyyəti nəticəsində müstəqilliyimizin bərpasına nail olundu. Biz də vətəndaş olaraq öz mövqeyimizi göstərməli, Azərbaycan dövlətinin yanında olub, Ölkə başçısı tərəfindən həyata keçirilən işləri dəstəkləməliyik”.
Tədbir müzakirələrlə davam edib.