Təəssüfedici haldır ki, Azərbaycanda və ondan kənarda fəaliyyət göstərən bir sıra qruplar “milli”, yaxud da “dini” təəssübkeş formasında maskalanaraq, ölkəmiz əleyhinə çirkin kampaniyalar aparmaqda davam edirlər. Bu fikri AZƏRTAC-a açıqlamasında “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Onun sözlərinə görə, bu gün din pərdəsi altında var-gəl edən həmin qruplar sifariş xarakterli videomateriallar, şərhlər hazırlayaraq guya milli, dini azadlıqların pozulduğunu iddia edirlər. Lakin bir reallığı unudurlar ki, hazırda xidmət etdikləri radikal dini təşkilatlar bilavasitə Azərbaycanı istəməyənlərdir. Onlar vətən, dövlət, xalq amilini bir kənara qoyaraq məhz həmin qüvvələrə nökərçilik edirlər. Unudurlar ki, bu gün Azərbaycanın 20 faiz torpağı işğal altındadır və nökərçilik etdikləri dairələr bilavasitə Ermənistanla əlbirdir. Həmin Ermənistanla ki, Xocalı faciəsini törədib.
Müsahibimiz əlavə edib ki, bu gün Azərbaycan əleyhinə fəaliyyət göstərənlər hakimiyyətin Qarabağı qaytarmaq istəməməsi ətrafında sərsəm iddialarla çıxış edirlər. Halbuki təkcə 2016-cı ilin aprelində və bu ilin mayında ordumuz düşmənə zərbə endirərək torpaqlarımızın bir hissəsini işğaldan azad edib.
Azərbaycanın hüquqi, demokratik dövlət olduğunu vurğulayan ekspert bildirib ki, ölkəmizdə mövcud olan multikultural dəyərlər, o cümlədən milli, etnik dözümlülük dünyanın ən aparıcı ölkələrində belə mövcud deyil. Heç bir ölkədə Azərbaycanda olduğu kimi dəyərlər yoxdur. Ölkəmizin tarixi əsasları məhz belə təməllərə söykənib. Ona görə də ölkəmiz əleyhinə fəaliyyət göstərən radikal dindarlar və onların ağaları heç vaxt öz istəklərinə çata bilməyəcəklər. Onların qarşısında güclü Azərbaycan dövləti, bu dövlətin ətrafında birləşən güclü xalq amili dayanıb.