Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması tarixi hadisədir.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin statusu barədə ümumi razılığa gəlinməsi regionu sülh, iqtisadi inkişaf və dostluq regionuna çevirir və çevirəcək.
“Beş dövlətin maraqlarına cavab verən statusun əldə edilməsində Azərbaycanın, onun lideri cənab İlham Əliyevin rolu böyükdür. Xəzərin hüququ statusu həll edildi, növbədə işğal altında olan torpaqlarımızın azad edilməsi məsələsidir”, - deyə millət vəkili əlavə edib.
“Beş Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu. 22 il davam edən müzakirələr tarixi sənədin - Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanın imzalanması ilə başa çatdı.
Bu, Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkəsi rolunu daha da gücləndirirərək , iqtisadi qüdrətini dahada artıracaq”.
Bunu isə millət vəkili Kamilə Əliyeva dilə gətirib.
Millət vəkili qeyd edib ki, Konvensiyanın imzalanmasında Azərbaycanın və ölkə prezidenti İlham Əliyevin müstəsna rolu, xidmətləri var:
“Azərbaycan hər zaman bu məsələdə son dərəcədə səmimi və konstruktiv rol oynayıb. Xəzəryanı dövlətlərdən hər hansı biririnin maraqlarına zərrə qədər toxunacaq mövqe sərgiləməyib, öz maraqlarından çıxış edib, amma başqalarının da maraqlarını, mənafelərini nəzərə alıb, onlara hörmətlə yanaşıb.
Hətta bəzən ölkəmizə qarşı bu məsələdə ehtiyatsız, qeyri-peşəkar münasibət ifadə ediləndə də, Azərbaycan dövləti, dövlət başçısı təmkinli, səbirli mövqe ortaya qoyub. Yəni, öz davranışı, öz səbirli, təmkinli yanaşması ilə onu ittiham edənlərə ən kəsərli, nə tutarlı cavabını verib.
Bu baxımdan, hesab edirəm ki, bu Konvensiyanın imzalanmasının, onun baş tutmasının əsas söz haqqı sahiblərindən biri və birincisi Azərbaycandır. Bu Konvensiyanın imzalanması ilə Azərbaycan bütün dünyaya özünün necə səmimi tərəfdaş və sülhpərvər ölkə olduğunu bir daha nümayiş etdirdi.
Ona görə inanıram və qəti əminəm ki, Azərbaycanın da yaxından iştirakı ilə baş tutan bu Konvensiya Xəzəri bütövlükdə sülh, əmin-amanlıq dənizinə çevirəcək, bu, xalqlarımızın, dövlətlərimizin, bütövlükdə çalxalanan dünyamızın işıqlı gələcəyinin təmin olunmasına öz töhfəsini verəcək”.