Fuad Muradov: “Bu addım “Qarabağa qayıdırıq, buna hazır olun!” mesajıdır”

575
Fuad Muradov: “Bu addım “Qarabağa qayıdırıq, buna hazır olun!” mesajıdır”
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin aprel ayında Azərbaycan Ordusunun uğurlu əks-hücumu ilə Lələ təpənin işğaldan azad ediləsi sayəsində təhlükəsiz əraziyə çevrilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası barədə sərəncam imzalayıb.
 
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bu addımı Qarabağla bağlı yeni dövrün başlanğıcı kimi qiymətləndirib.
 
“Bu addım həm də “Qarabağa qayıdırıq, buna hazır olun!”  mesajıdır. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı hansı sahədə çalışmasından asılı olmayaraq Ali Baş Komandanımızın bu addımını dəstəkləməli, bütün gücü ilə bu məsələyə təkan verməlidir”.
 
2016-cı ilin aprel hadisələrinə toxunan komitə rəhbəri qeyd edib ki, ordumuzun qələbəsi xalqımızda, xüsusilə gənclərimizdə ruh yüksəkliyini, inamını daha da artırdı. 
 
“İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinin aparılması ilə bağlı sərəncam isə Azərbaycanın Qarabağla bağlı konkret mövqeyinin ifadəsidir.”
 
F.Muradov bu proseslərin Ermənistanda həyəcanla izlənildiyini vurğulayıb: “Təbii ki, Ermənistan rəhbərliyi, erməni xalqı bunu görür və bilir. Lakin qarşı tərəf anlamalıdır ki, işğal altında olan bütün torpaqları azad edəcək. Bunun alternativi yoxdur. Lələ təpə qələbəsi dönüş nöqtəsidir və ölkə rəhbərinin xalqımıza söykənərək ortaya qoyduğu iradənin nəticəsidir. Əminik ki, bu vəhdət tezliklə bizi doğma Şuşamıza, Xankəndimizə qovuşduracaq”.
 
Xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunmuşdu. 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu hərbi əməliyyat nəticəsində  Cocuq Mərcanlı kəndi erməni işğalından azad edildi. İndiyə qədər kənddə yalnız 1 ailə yaşayırdı və burada hərbçilərimiz məskunlaşmışdı.
 
2016-cı ilin aprelində baş verən döyüşlər zamanı Lələ təpə erməni işğalından azad edildikdən sonra Cocuq Mərcanlı kəndinə təhlükə aradan qalxdı.  Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandı.
 
Ölkə başçısının dünənki sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılacaq.

Xəbər lenti