USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Prezident ciddi iradlar bildirib" - "Qaçqınkom"da iclas

20:36 11.10.2018
"Prezident ciddi iradlar bildirib" - "Qaçqınkom"da iclas
20:36 11.10.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı oktyabrın 10-u və 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iclaslar keçirilib.

Komitədən Mynews.az-a verilən məlumata görə, sədr Rövşən Rzayev çıxışında ölkəmizdə ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra olunduğunu, dinamik inkişafın getdiyini, xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd edib və bildirib ki, sabitliyin, uğurlu inkişafın təməlində dövlətimizin başçısının apardığı düşünülmüş siyasət və xalq tərəfindən bu siyasətə göstərilən dəstək dayanır.

Məlumat verilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşmış məcburi köçkünlərlə bağlı işin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımların atılması ilə bağlı tapşırıq verib. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqət və qayğının təzahürüdür.

Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu istiqamətdə verilmiş tapşırıqları uğurla icra edir. Eyni zamanda, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında məcburi köçkünlərlə iş sahəsində vəziyyətlə bağlı ciddi iradlar bildirib, o cümlədən onların yeni mənzillərə köçürülməsi prosesinin daha şəffaf və ədalətli şəkildə aparılmasını tələb edib.

Qeyd olunub ki, komitədə repatriasiya məsələsi ilə bağlı yaradılmış komissiya və işçi qrupu şəffaflığın təmin edilməsi üçün öhdəsinə düşən işi layiqincə yerinə yetirməlidir. İlk növbədə, uçot məsələsində şəffaflığa nail olunmalı və bu istiqamətdə görülən işlər tezliklə başa çatdırılmalıdır. Uçotun düzgün təşkili məcburi köçkünlərin yeni mənzillərlə təminatının ədalətli şəkildə aparılmasına imkan yaradacaq. Nəticədə bu sahədə neqativ halların qarşısını almaq mümkün olacaq.

Eyni zamanda, şöbə və departament rəhbərləri də öz işini düzgün qurmalıdırlar. Yerlərdə yoxlamalar aparılmalı, qeydiyyat-uçot məsələsində pozuntu halları tam aradan qaldırılmalıdır. Vurğulanıb ki, bu, komitənin rəhbər işçilərindən siravi əməkdaşlarına kimi hamının həm insanlıq, həm də vicdan borcudur. Yeni mənzillərə, ilk növbədə, hələ də ağır və qəzalı binalarda məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi təmin edilməlidir.

Nazirlər Kabinetinin müvafiq qərarında qoyulan tələblər daha dəqiq və ədalətli şəkildə yerinə yetirilməlidir. Xüsusilə yeni mənzillə təmin olunduqdan sonra ona verilən müvəqqəti məskunlaşma sahəsində yaşamayan, verilən mənzili satan, yaxud kirayəyə verən şəxslərə qarşı qanunauyğun tədbirlər görülməlidir. Bu istiqamətdə nəzarət gücləndirilməlidir. Bundan başqa, evlərin paylanması prosesi daha da şəffaflaşdırılmalı, kommunal xərclərin düzgün ödənilməsi təmin edilməlidir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tələblərini rəhbər tutaraq Dövlət Komitəsinin hər bir nümayəndəsi öz işində dəyişiklik etməlidir. Mövcud problemlərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə olunacaq.

Komitə sədri dövlət başçısısının tapşırıq və tövsiyələrinin tam yerinə yetirilməsi ilə bağlı şöbə və departament rəhbərlərinə konkret göstərişlər verib.


Xəbər lenti

300x200r